Hacı Qasim vilayətin möcüzəsi idi – Şeyx Orxan məmmədov

Bazar ertəsi, 31 Yanvar 2022 - 20:00
https://az.iswnews.com/?p=708

Şeyx Orxan Məmmədovun Şəhid Qasim Süleymani ilə olan xatirələrindən

İran İslam Respublikasının “Cavan” qəzetinin Azərbaycan “Hüseyniyyun İslami Müqavimət Hərəkatı” üzvü və müqəddəs hərəm müdafiəçisi ilahiyyatçı Orxan Məmmədovla, “Qəlblərin Sərdarı general Qasim Süleymani ilə birgə xatirələri” mövzusunda müsahibəsindən:

Rusiyanın milli qəhrəmanı deyirdi ki, General Süleymani mənim əfsanəvi örnəyimdir.

“Bizim əksəriyyətimiz bəlkə də Hacı Qasimi yalnız yüksək rütbəli hərbi komandan kimi tanıyırıq. Şəhid Süleymani siyasi arenada elə professionallıqla davranırdı ki, sanki bütün rəftarları ilahi qüvvələr tərəfindən idarə olunurdu.”

Şəhid Qasim Süleymaninin  yüksək rütbəli rus hərbiçiləri ilə bir çox müzakirələrində tərcümələrə nəzarətçi kimi iştirak etmiş və “Hüseyniyyun” Müqavimət Hərəkatının fəal üzvü Orxan Məmmədov, “Cavan” qəzeti ilə müsahibəsində bir neçə dəfə general Qasim Süleymaninin “diplomatiya meydanında İslam dininin qüdrətinin nümayişi” məsələsinə də toxunub.

Şeyx O.Məmmədovun sözlərinə görə o, qəlblərin Sərdarını ilk dəfə yaxından mühasirə altında olan Hələb şəhərində görüb. Generalı gətirən təyyarə eniş edir və onu qarşılamağa gedirlər.

İlk dəfə Hacı Qasimi harada gördünüz?

– Müəyyən bir zaman kəsiyində bəzi işlərin icrası üçün Hələb şəhərində idim. Uzun müddət idi ki, şəhər mühasirə altındaydı. Belə bir gərgin vəziyyətdə Generalı gətirən kiçik təyyarə eniş etdi və biz dostlarla birgə Hacını qarşılamağa getdik. Əziz generalı birinci dəfə əyani surətdə orada gördüm. Elə o anlarda bəzi amerikalı qüvvələrin də  yaxın məntəqədə olmaları haqda xəbər gəldi. Hacı Qasim şəxsən o zonaya gedəcəyini bildirdi. Təbii ki, bəzi təhlükəli post-patrul xidmətinin keçidlərindən ötmək zərurəti də qaçılmaz idi. Əslində Hacı öz gözləri ilə vəziyyəti maşahidə etmək, amerikalıların zonadakı mövcudluğu ilə yaxından xəbərdar olmaq istəyirdi. Təhlükəli şəraitə baxmayaraq papağını qaşlarına qədər aşağı salıb yalnız bircə sürücünün müşayiəti ilə məqsədinə doğru getdi və istədiyi məlumatı əldə edərək qayıtdı.

– Siz xarici bir vətəndaş kimi General Qasim Süleymaninin məhz elə bu qərarına uyğun davranmasını, təhlükəli və gərgin döyüş meydanlarına tərəddüd etmədən daxil olmasını necə dəyərləndirirsiniz?

– İran İslam Respublikasının ən məşhur generalının nə həddə qədər risk edəcəyi mənim üçün çox maraqlı idi. Belə düşünürəm ki biz hələ şəhid Süleymani haqda çox şeyləri bilmirik. Bizim onun şəxsiyyəti haqqında məlumatımız çox azdır.

Sonralar generalı daha çox görməyə müvəffəq olduq. Yaxşı yadımdadır, bir dəfə Laziqiyyə Hava Limanında idik. Birdən Hacı Qasim və onu müşayiət edən dəstənin avtomobilləri gəldi. Rus zabitləri ilə iclas üçün gəlmişdilər. Maşının qapısı açılan kimi Hacını gördük. Görkəmindən çox yorğun olduğunu anladıq. Biz onun necə yorğun olduğunu gözlərimizlə gördük. Hətta yorğunluqdan ayaq üstə dayanmağa çətinlik çəkirdi. Birtərəh iclas salonuna gəldi və iki nəfər onun qolundan tutaraq stulda əylşdirdi. Biz də onun üçün qəhvə gətirdik. Onunla gələnlər bəziləri o qədər yorğun idilər ki,  maşından düşən kimi həyətdə asfaltın üstündə uzanıb dərin yuxuya getdilər. Yoldaşlarından biri dedi ki, Hacı Qasim və dəstəsi Deyriz-Zurun “Badiyə” (səhra) adlanan yerində kəşfiyyatda idilər və dörd gündür ki, gözlərinə yuxu getməyib. General elə yorğun olmasına baxmayaraq, iclasda iştirak etdi. O zamanlar artıq məni bir həddə tanıyırdı. Sözün düzü, mən ondan çox utanırdım və önə gedib özümü təqdim edərək səmimi söhbət etməyə xəcalət çəkirdim. Bir dəfə bunu anladıqda məni yanına çağırdı, çox səmimi görüşdük və daha sonra bir neçə saniyə məni bağrına basdı. İşlərinin çoxluğu və yorğunluğuna rəğmən mənimlə çox səmimi və isti davranması mənim üçün olduqca dəyərli idi. Yadımdadır, hacı  Qasim iclasdan sonra hava limanında təyyarəyə qalxarkən belə, onunla gələnlərin bəziləri son ana qədər, hələ də yorğunluqdan quru asfaltın üstündə dərin yuxuda idilər. Güc-bəla ilə onları yuxudan qaldırdıq…

-Siz Hacı Qasim Süleymani ilə birlikdə ruslarla təşkil olunan bir çox xüsusi toplantılarda olmusunuz. Sizcə Şəhid General Süleymani siyasət meydanında necə bir şəxsiyyət idi?

– Hacının rusların iştirakı ilə baş tutan  ilk iclasdan sonra dostlarım bu sualı mənə vermişdilər: “Hacı diplomatik müzakirədə necə idi?” Mənim cavabım bu olmuşdu : “O, Viayətin möcüzədir!”

Mənim tanıdığım Qasim Süleymani sözün əsl mənasında professional bir diplomat idi. Danışanda mütaliə əhli və yüksək intellekt sahibi olduğu aydın şəkildə sezilirdi. Çox yüksək zəkalı, savadlı və ziyalı idi. Mən Qasim Süleymaninin bəzən Rusiya rəsmiləri və generalları ilə olan görüşlərində onun davranışlarında İslam dininin qüdrətinin şahidi oldum. Bəlkə də bəzi vəzifə sahibləri   Qasim Süleymani qədər özlərini Əmirəl Möminin Əlinin (ə) bayraqdarı olduğu və hansı ölkəyə aid olduqlarını anlamayıblar. Qəlblərin Sərdarı şəhid Süleymani bunu dərk etdiyi üçün, məhz elə bu təfəkkürə arxalanaraq diplomatik müzakirələrdə İslamı layiqincə təmsil və müdafiə edirdi. General Süleymani gələndə yuxarı başda əyləşmiş rus generallarının qalxıb ona yer vermədikləri bir iclas olmazdı. Rusiya qərargahlarına gedəndə belə yüksək rütbəli hərbçilər gəlib onunla bir masa arxasında üzbəüz əyləşməyi özlərinə şərəf bilirdilər. Hətta Hacı Qasimin acıqlı səsinin onlara ucaldığı hallar olsa belə, rus hərbçilərində heç vaxt belə bir cürət olmazdı.

Şəhid Süleymani sırf hərbçi olması ilə yanaşı həm də yüksək səviyyəli mahir bir diplomat idi. Taraz söz qabiliyyəti, dəqiq hesablanmış cümlə quruluşu olan bir natiq idi. Onun bütün rəftarlarında sanki ilahi bir nəzarət hiss olunurdu. Əl-qolunun hərəkəti, nə zaman danışması və təbəssümü belə yerli-yerində idi.

– Rus generallarının ona münasibəti barədə nə deyə bilərsiniz?

– Bir dəfə bir rus generalı ilə birlikdə avtomobildə gedirdik.  O, birdən məndən Hacı Qasimə qarşı sevgimin nə dərəcədə olduğunu soruşdu. Mən dedim: “Mən özümü və ailəmi fəda edə biləcək həddə sevirəm”. Dedi: “Mən bu cümləni birinci dəfə deyil ki eşidirəm. Çünki dəfələrlə eynilə bu sualı onun tabeçiliyində olan hərbçilərə vermişəm və eynilə bu cavabı almışam.” Rus generalı sonra davam edərək dedi: “General Süleymani haraya gedirsə, əsgərləri onun ətrafına toplaşır, onu öpüb-qucaqlayırlar. Məlum məsələdir ki, onu səmimi qəlbdən sevirlər.” Bundan sonra bu yüksək rütbəli general  əlavə etdi: “Beynəlxalq səviyyədə əsgərlərinin rəğbətini qazanmış belə bir hərbçiyə çox nadir hallarda rast gəlmək olar.”

– Zəhmət olmasa bir az da Qasim Süleymaninin rus hərbçilərlə iclaslarından danışardınız.

– Rusiya Federasiyası ordusunun general palkovniki Aleksandr Lapin deyirdi ki, mən general Süleymaninin avtobioqrafiyasını oxumuşam. Təqribən mənim həyatım onun həyatına bənzəyir. Amma aramızda bir fərq var; Mən onun qazandığı məqama çata bilməmişəm. A.Lapin General Süleymaniyə çox ehtiram bəsləyirdi. Mən A.Lapinin “General Süleymani mənim əfsanəvi örnəyimdir” dediyini onun öz dilindən eşitmişəm. Bu sözün altında dərin məna gizlənir. Dünyanın ən güclü ordularından birinə sahib olan Rusiya kimi bir ölkə generalı “General Süleymani mənim əfsanəvi örnəyimdir” deyib açıq-aşkar etiraf etməsi kiçik məsələ deyil. Onu da qeyd edim ki, Lapin bu sözləri mənə hələ General Süleymani  ilə ilk görüşünə gedərkən demişdi.

– A.Lapin Suriyada hansı vəzifəni daşıyırdı?

– General Aleksandr Lapin o zaman Rusiyanın Suriyadakı qoşunlarının baş komandanı idi. Lapin Rusiyanın milli qəhrəmanı adına layiq görülmüş bir generaldır. Elə bu cəhətdən də onun Şəhid Süleymaninin əfsanəvi bir general olması haqda etirafı əhəmiyyət kəsb edir. Əlbəttə sonralar da general Lapin Sərdar Süleymaniyə xüsusi salam çatdırmamızı istəmişdi.

– Rus generalı ilə General Süleymani arasındakı danışıqlarda nələr baş verdi?

– O gün A.Lapin çox həyəcanlı idi. Həyəcanını gizlətməyə çalışsa da, əl-qolunun hərəkətindən bunu anlamaq çətin deyildi. Hacı Qasimlə görüşəcəyi üçün üzündə sevinc hissi də müşahidə olunurdu. Görüş başladı. Lapin çox ehtiramla sözə başlayıb General Süleymani ilə səmimi ünsiyyət qurmağı bacardı.  O görüşdə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümsyəndəsi də iştirak edirdi. Bu rəsmi nümayəndə sanki özünü göstərmək istəyirmiş kimi bir jestlə üzünü Qasim Süleymaniyə tərəf tutub nisbətən yüksək səslə danışmağa başladı. Əlbəttə, onun bu rəftarında məqsədi hörmətsizlik etmək deyildi. Sadəcə məğrurluq xarakterli bir davranış idi. Mən  bundan sonra Hacı Qasimin əsəbləşib yumruğunu masaya döyəcəyini, yaxud da hər-hansı ciddi bir reaksiya verəcəyini gözləyirdim. Lakin o, sözləri dinlədikdən sonra hacı Qasim üzünü iclasda iştirak edən Suriya rəsmilərinə tutub dedi: “Bu adamın cavabını özünüz verərsiniz!” Bu sözün mənası açıq-aşkar məlum idi. Yəni, belə təkəbbürlü insan hətta mənim cavabıma belə layiq deyil. Suriyalı rəsmi də qətiyyətlə General Qasim Süleymanini müdafiə edib rus rəsmisinin cavabını verdi. Sonra isə Hacı Qasim o adama heç əhəmiyət vermədən üzünü general Lapinə tutub söhbətinə davam etdi. Mən o iclasda RMN rəsmisinin Qasim Süleymaniyə qarşı yersiz qürurunun necə sındığının və necə pərt olduğunun şahidi oldum. İclas bitdikdən sonra o adam Hacı Qasim Süleymaninin şəxsiyyətini dərk etdiyi üçün ona yaxınlaşıb dedi: General Süleymani, icazə verin sizinlə yaxından görüşüm…

– Diplomatik ərsədən əlavə, Rusiya Hərbiçiləri general Süleymaninin hərbi strategiyası haqda nə düşünürdülər?

– İcazənizlə bu sualı bir xatirəmlə cavablandırım. Əl-Bu Kamal məntəqəsinin azadlığı əməliyyatlarda Rusiya hərbçilərinin o vaxtkı komandanının fikrincə ( O dövrdə rus komandanlar 6 ayda bir dəfə dəyişdirilirdi) belə bir az müddət ərzində Bu Kamalın azad olunması qeyri-mümkün bir iş idi. General Qasim Süleymaninin rus generallarla iclasında bu komandan deyirdi ki, Əl-Bu Kamalı azad etmək imkansız bir işdir. Çünki, ABŞ, həmçinin ABŞ-a tabe kürd qüvvələri 6-7 ay əməliyyatdan sonra belə Bu Kamalı İŞİD terroristlərinin cəngindən çıxara bilməmişdi. Bu Kamalın strateji mövqeyi İŞİD-ın var qüvvəsi ilə bu məntəqəyə diqqətinin gücləndirilməsinə səbəb olmuşdu. Qasim Süleymani isə deyirdi ki, mən gedib özüm bu işi bitirəcəyəm. O, Əl-Bu Kamala getdi və dediyi kimi, minimum hərbi texnika və qüvvə ilə amerikalıları belə əldən salan bu məntəqəni İŞİD vəhhabi terrorçularından təmizlədi. Bu uğurlu əməliyyatdan sonra rus generallarının bu etirafını öz qulaqlarımla eşitdim: “Bu əməliyyatın  hərbi akademiyalarda tədris olunması zəruridir.”

Paylaş:
Rəy
  • Rəyləriniz "İslam Dünyası Xəbərləri" xəbər portalının redaktorları tərəfindən təsdiqləndikdən sonra saytda dərc olunacaq.
  • Rəylər bölməsində iftira, yalan və nalayiq sözlərdən ibarət rəylər dərc olunmayacaq.
  • Müvafiq xəbərə aidiyyatı olmayan rəylər dərc olunmayacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.