İmam Xamenei: Ədalətli inkişafa nail olmağın yeganə yolu elm əsaslı istehsalı gücləndirməkdir

Çərşənbə axşamı, 22 Mart 2022 - 16:22
https://az.iswnews.com/?p=3586

“İslam Dünyası Xəbərləri” informasiya mərkəzi Leader.ir saytına istinadən xəbər verir ki, İnqilabın Ali Rəhbəri İmam Xamenei həzrətləri dünən 21 mart 2022-ci il tarixində təxminən 1 saatlıq Novruz bayramı münasibəti ilə hər il olduğu kimi Günəş ilinin birinci günündə çıxış edib.

İslam İnqilabının Ali Rəhbəri 1401-ci ilin ilk günü televiziya vasitəsilə çıxış edərək hər kəsi Novruz bayramı və yeni əsrin başlanması münasibətilə təbrik etdi. O, yeni ilin şüarını qeyd edərək ədalətli inkişafa nail olmanın və yoxsulluq probleminin həllinin yeganə yolunun elm əsaslı iqtisadiyyat istiqamətində hərəkət olduğunu dedi. Çıxışının başqa bir yerində Əfqanıstan, Ukrayna və Yəmənda baş verən hadisələrə işarə edərək vurğuladı: “Bütün bu hadisələr İran xaqlının imperializmlə mübarizədə haqlı olduğunu və düzgün seçim etdiyini göstərir”.

Həzrət Ayətullah Xamenei qeyd etdi ki, milli bayram olan Novruzun dua, yalvarış və mənəviyyatla qarışması İranda qeyd edilən Novruza xas xüsusiyyətlərdəndir: “Bahar ümid simvolu, təravət və canlanmanın müjdəçisidir. Novruzun bu il tarixin və bəşəriyyətin böyük ümidinin mövlud günü olan nimeyi-şabana təsadüf etməsi ümidləri ikiqat artırdı”.

İslam İnqilabının Rəhbəri vurğuladı ki, ümid bütün hərəkətlərin və inkişafların mənşəyidir: “Xalq üçün danışan, yazan və ya mesaj verən adamlar bacardıqları qədər insanlarda ümid yaratsınlar. Çünki ümid inkişafın mühüm amilidir”.

Həzrət Ayətullah Xamenei qeyd etdi ki, Allah-taalanın İran xalqının ümidi üçün zəminlər yaratmışdır: “İmkan verin düşmənlər İran xalqının ümidvarlığından qəzəblənsinlər”.

O, çıxışının giriş hissəsini bitirdikdən sonra əsas mətləbə keçdi və keçən bir onillikdəki iqtisadi adların seçiminə, habelə 1401-ci ilin şüarına işarə edərək dedi: “Bu il üçün də iqtisadi şüar və adın seçilməsinin səbəbi iqtisadiyyatın fundamental əhəmiyyətə malik olması və doxsanıncı illərin problemləridir. Bu problemlərdən xilas olmaq üçün düzgün tədbir, əməl və hərəkətə ehtiyac var”.

Həzrət Ayətullah Xamenei vurğuladı ki, bu gün icra məmurlarının və ölkənin idarəçiliyində təmsil olunan şəxslərin əsas işi iqtisadiyyatdır: “Əlbəttə, yeni xalq yanaşmaları da gözə dəyməkdədir. Əgər bu yanaşmalar münasib bir şəkildə davam etirilərsə, stimullaşdırıcıdır”.

İslam İnqilabının Rəhbəri qeyd etdi ki, iqtisadi inkişafa nail olmağın yeganə yolu elm əsaslı iqtisadiyyat istiqamətində hərəkət etməkdən keçir: “Elm əsaslı iqtisadiyyat deyilərkən bütün sahələrdə istehsala elmi və texnoloji baxış nəzərdə tutulur. Qeyd olunan iqtisadiyyat istehsal xərclərinin azalmasına, məhsuldarlığın artmasına, məhsulların keyfiyyətinin yaxşılaşmasına, dünya bazarlarında istehsalatın rəqabət apara bilməsinə və daxili bazarda məhsulların yekun qiymətinin azalmasına səbəb olur”.

İslam İnqilabının Rəhbəri bildirdi ki, iqtisadiyyatda ədalətli inkişafa nail olmağın və yoxsulluq probleminin yeganə həlli yolu elm əsaslı istehsalın gücləndirilməsindən keçir: “Elm əsaslı şirkətlərin sayı artırılmalıdır. Bu iş mümkün və gerçəkləşə biləndir”.

O, ölkədə təqribən 6400 elm əsaslı şirkətin fəaliyyət göstərdiyinə işarə edərək dedi: “Yeni ildə ölkənin ehtiyaclarına cavab vermək üçün elm əsaslı şirkətlərin sayı ikiqat artırılmalıdır. Təbii ki, bu da, həqiqətən, elm əsaslı olmayan şirkətlərin bu adla təsis edilməsinə səbəb olmamalıdır”.

Həzrət Ayətullah Xamenei kənd təsərrüfatı kimi bəzi istehsal sahələrinin elm əsaslı xüsusiyyətlərdən geri qaldığını vurğuladı: “Kənd təsərrüfatı və heyvandarlıq çox mühümdür. Ölkə buğda, arpa, qarğıdalı, heyvan yemi, yağ toxumları kimi əsas məhsullarda tam təhlükəsizliyə və lazım olan qədər özünütəmin səviyyəsinə nail olmalıdır”.

O bildirdi ki, ölkənin ərazisinin böyüklüyü və məhsuldar çöllərin çoxluğunu nəzərə alsaq, bu məqsədə nail olmaq mümkündür: “Təəssüflər olsun ki, kənd təsərrüfatı sahəsi ölkənin idxalatdan ən çox asılı olan sahələrindəndir. Bu vəziyyət mütləq düzəldilməli və tənzimlənməlidir”.

İnqilabın Rəhbəri sabiq nazirlərdən birinin idxalatda maraqlı olanlara maneə yaradılması və əsas məhsullarda asılılığın qarşısının alınması ilə bağlı açıqlamalarına işarə edərək dedi: “Bəzi fərdlərin mənfəətləri çox olduğu və ehtimal ki, bəzi qurumlara və nazirliklərə nüfuz edərək qanun pozuntularına yol verdikləri üçün bu asılılıqla mübarizə aparmaq çətindir. Amma məsul şəxslər çalışmalı və bu çətin işin öhdəsindən gəlməlidirlər”.

O, vurğuladı ki, elm əsaslı şirkətlərin məhsullarının alınması və ya imkanların ixtisaslaşdırılması vasitəsilə məsul şəxslərin elm əsaslı şirkətləri himayə etməsi lazımdır: “Elm əsaslı şirkətlər hər bir sahədə inkişaf göstəricisi, nazirlik və idarələrin məsul şəxslərinin qiymətləndirmə parametri olmalıdır”.

Həzrət Ayətullah Xamenei ölkənin imkanlarına, xüsusilə ən mühüm imkan və sərmayə olan təhsilli işçi qüvvəsinə əsasən elm əsaslı şirkətlərin sayının artırılmasının tamamilə mümkün olduğunu dedi: “Verilən məlumatlara görə, öz ixtisaslarına uyğun olmayan sahələrdə çalışan təhsillilərin faiz göstəricisi yüksəkdir. Halbuki ölkənin zənginləşdirilməsində onun ən böyük sərvəti olan gənc mütəxəssislərin səylərindən istifadə etmək olar”.

O, məşğulluq yaradılmasının da elm əsaslı şirkətlərin artırılması ilə şərtləndiyini bildirdi: “Təbii ki, bu sahədə keçmişdə yol verdiyimiz səhvlərə yol verməməliyik”.

İnqilabın Rəhbəri həmin səhvlərdən birinə işarə edərək dedi: “Əvvəlki hökumətlərin zamanında istehsalı artırmaq üçün müxtəlif layihələr təqdim edilir və şəxslər bank imkanları ilə təmin edilirdilər. Amma bu layihələrin demək olar ki, hamısı uğursuz idi. Buna görə də düşünülmədən pul səpələnməsi bir nəticə vermir. İşlər düzgün və araşdırılma aparılaraq həyata keçirilməlidir”.

O, elm əsaslı şirkətlərin zəncirvari fəaliyyətlərinin formalaşdırılmasının zəruriliyini vurğulayaraq bir fikir irəli sürdü: “Son günlərdə qəbul edilmiş bəzi qərarlar nəticəsində bəzi kiçik və orta şirkətlərə zərbə dəyə bilər. Dövlət və banklar belə bir problemin yaranmasına icazə verməməlidirlər”.

Həzrət Ayətullah Xamenei çıxışının başqa bir yerində özünün keçən ilin birinci günü etdiyi çıxışı zamanı səsləndirdiyi: “ölkə iqtisadiyyanın ABŞ-ın sanksiyaları ilə şərtləndirilməsi, sanksiyanın davam edəcəyi təqdirdə vəziyyətin eyni cür olacağı ilə bağlı fikirlərin səsləndirilməsi”ndən qorunmağın zəruriliyi fikrinə işarə edərək dedi: “Xoşbəxtlikdən ölkədə həyata keçirilən yeni siyasətlər göstərdi ki, ABŞ-ın sanksiyalarının olmasına baxmayaraq, inkişaf etmək, xarici ticarəti inkişaf etdirmək, regional qərarlarda iştirak etmək, neft və və digər sahələrdə nailiyyətlər əldə etmək olar”.

İslam İnqilabının Rəhbəri əlavə etdi: “Bir məsələni xüsusilə qeyd edim ki, sanksiyaların ortadan qaldırılmasına səy göstərilməməsini qətiyyən demirəm. Bu sahədə səy göstərənlər öz işlərini davam etdirsinlər. Sadəcə, ölkəni elə idarə etmək lazımdır ki, sanksiyalar iqtisadiyyata əsaslı zərbə və böyük ziyan vurmasın. Buna görə də bu il də həmin tövsiyəni təkrar edərək deyirəm ki, ölkənin iqtisadiyyatı sanksiya ilə şərtləndirilməsin”.

O, yekun tövsiyəsini verərkən neftin qiymətinin və valyuta gəlirlərinin artmasına işarə edərək: “Bu gəlirlərlə nə edilməlidir?” sualını irəli sürərək onu belə cavablandırdı: “Bu gəlirlə iki şəkildə davranmaq olar. Xalqın rifahı və asayişinin yaxşılaşdırılması təsəvvürü ilə bu gəlirləri idxalatın artırılmasına sərf etmək olar. Bu seçim üzdə yaxşı görünsə də, görünməyən tərəfi çox pisdir. Əslində, bu seçim ölkənin əsas sərmayəsinin məhv edilməsi deməkdir”.

Həzrət Ayətullah Xamenei sonra əlavə etdi: “Əsaslı və düzgün olan başqa bir yol da var. Neft gəlirlərindən ölkənin ifnrastrukturlarının yaradılması, bazalarının möhkəmləndirilməsi və iqtisadiyyatın köklərinin daha da dərinləşdirilməsindən istifadə edilməlidir”.

İslam İnqilabının Rəhbəri çıxışının başqa bir yerində hal-hazrda dünyada baş verən müxtəlif hadisələrə işarə edərək bütün bu hadisələrdə düzgün hərəkət, qərar və tədbirə ehtiyac olduğunu dedi: “Dünyada baş verən hadisələrə nəzər saldıqda İran xalqının imperializm cəbhəsi ilə mübarizədə haqlı və düz olduğu hər şeydən çox aydın olur”.

Həzrət Ayətullah Xamenei vurğuladı ki, İran xalqının imperializm cəbhəsi qarşısındakı seçimi müqavimət, asılı və təslim olmamaq, dövlətin və ölkənin daxili gücünü və müstəqilliyini qorumaqdır: “Bu qərarlar milli və düzgündür”.

O, məzlum və müsəlman Əfqanıstanda baş verən hadisələrə, ABŞ-ın 20 il zülm etdikdən və cinayətlər törətdikdən sonra oradan hansı formada çıxmasına işarə edərək dedi: “Ukrayna hadisələri də bunun başqa bir nümunəsidir. Oranın qərblilər tərəfindən dövlət başına gətirilmiş prezidenti də onlara qarşı çox sərt ifadələr səsləndirməkdədir”.

İslam İnqilabının Rəhbəri Yəməndə baş verən hadisələrə, hər gün bu ölkənin müqavimətçi əhalisinin üzərinə bombalar yağdırılmasına, digər tərəfdən də Ərəbistanın 80 nəfər gənc və yeniyetmənin boynunu vurmasına işarə edərək bildirdi: “Bütün bu hadisələr dünyaya zülmətin hakim olduğunu və dünyanın qaniçmiş canavarların əlində olduğunu göstərir”.

Həzrət Ayətullah Xamenei qeyd etdi ki, Ukraynada baş verən hadisələrin bir cəhəti də Qərbin irqçiliyinin özünü büruzə verməsi ilə bağlıdır: “Ağdərililərin qaradərililərdən ayrılması, onların qatarlardan endirilməsi və ya qərblilərin müharibənin Orta Şərqdə yox, Avropada baş verməsindən təəssüf hissi keçirdiklərini mətbuatda açıq şəkildə ifadə etmələri Qərbin aşkar irqçiliyinin nümunələrindəndir”.

O, ayrı-ayrı ölkələrdə baş verən zülm və haqsızlıqlara münasibətdə Qərb dünyasının nümayiş etdirdiyi ikili münasibətin bunun başqa bir nümunəsi olduğunu dedi: “Əgər onlara müti olan ölkələr tərəfindən bir zülm baş versə, qətiyyən reaksiya verməzlər. Bütün bu zülm və haqsızlıqlarla insan hüquqları iddiası da irəli sürür və bu yalançı iddiaları ilə müstəqil dövlətlərdən bac-xərac tələb edirlər”.

Həzrət Ayətullah Xamenei vurğuladı: “Bu gün müasir tarixin zülm və imperializminin ən rüsavayçı və aşkar mərhələlərindən birinə şahidik. Dünya əhalisi də bu zülmləri və ikili münasibətləri birbaşa izləməkdədir”.

O vurğuladı ki, İran uzun illər öz fəaliyyət yolunu inkişaf etdirmiş, ciddiyət və məntiq çərçivəsində inkişaf etmişdir: “Ölkənin bu il iş, fəaliyyət, həmrəylik və qarşılıqlı əlaqəyə – xalq arasında, məsul şəxslərin öz aralarında, habelə xalqla məsul şəxslər arasında həməryəlik və qarşılıqlı münasibətin olmasına digər zamanlardakından daha çox ehtiyacı var”.

İslam İnqilabının Rəhbəri bəzi mövcud konfliktlərin, əsasən, puç olan nəfsani istəklərdən və təqvasızlıqdan qaynaqlandığını dedi: “Bu məsələləri bir kənara qoymaq lazımdır. İran xalqının elmi, əməli, müqavimət və sosial xidmətlərin xeyrinə olan istiqamətlər üzrə ümumi hərəkətinə xələl gəlməməlidir”.

Daha çox oxuyun:
Ali Məqamlı Rəhbər: Məşğulluq yaradan elm əsaslı istehsal hiss olunan inkişafa səbəb olacaq

Paylaş:
Rəy
  • Rəyləriniz "İslam Dünyası Xəbərləri" xəbər portalının redaktorları tərəfindən təsdiqləndikdən sonra saytda dərc olunacaq.
  • Rəylər bölməsində iftira, yalan və nalayiq sözlərdən ibarət rəylər dərc olunmayacaq.
  • Müvafiq xəbərə aidiyyatı olmayan rəylər dərc olunmayacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.