Bibiheybət haqqında ətraflı məlumat

Bazar 22 Yanvar 2023 - 18:59
https://az.iswnews.com/?p=18161

Bibiheybət (Xanlar 1936–1992) Bakının Səbayıl rayonunda şəhər tipli qəsəbədir. XX əsrin əvvəllərinə qədər Şıx, 1936-cı ildə Xanlar adı verilmiş və qəsəbə statusu almışdır. 1992-ci il 29 aprel tarixində Azərbaycan Respublikası Ali Sovetinin Milli Şurasının qərarı ilə Bakı şəhəri Səbayıl rayonu Xanlar qəsəbəsinin adı dəyişdirilərək Bibiheybət qəsəbəsi adlandırılmışdır.

Bibiheybət kəndinin yaxınlığında eyniadlı neft-qaz-kondensat yatağı var. 19-cu əsrin ortalarına qədər quyulardan neft çıxarılırdı və artıq 1846-cı ilin yanvarında Bibiheybətdə taxta çubuqlardan istifadə etməklə zərb üsulu ilə dünyada ilk neft quyusu qazıldı.

Kənd adını eyni adlı məsciddən almışdır. Bibiheybət məscidi Bakı buxtası sahilində yerləşir. 1990-cı illərdə tikilən məscid Şirvanşahlar dövlətinin iyirmi səkkizinci hökmdarı Əbü-l-Fəth Fərruxzad ibn Axsitan ibn Fəribürz tərəfindən XIII əsrin II yarısında Azərbaycan Elxanilər dövlətinin tərkibində olduğu zaman tikilən eyniadlı məscidin bərpa edilmiş variantıdır. Mahmud ibn Səd tərəfindən tikilən məscid bütün SSRİ ərazisində dinə qarşı mübarizə zamanı 1936-cı ildə bolşeviklər tərəfindən tamamilə dağıdılmışdır. Bu abidə Azərbaycandakı İslam memarlığı abidələrinin ən əhəmiyyətli nümunəsidir.

Məscidin adı yeddinci İmam Museyi Kazimin qızı, İmam Rzanın bacısı Həkimə xanım və onun qulamı Heybətin adı ilə bağlıdır. Həkimə xanım Ərəb Xilafətinin təqiblərinə məruz qalaraq vətənindən didərgin olub. O, öz qulamı Heybətlə birlikdə Səbayıldə, Şıx kəndi ərazisində məskunlaşıb. Yerli əhali Həkimə xanımın burda yaşamasını düşməndən gizlətmək məqsədilə onu “Heybətin bibisi” və ya “Bibi-Heybət” deyə adlandırıb. Hər iki şəxs uzun illlər burada yaşayıb, elə burada da dəfn olunublar.

Bəzi mənbələrdə onun adı Fatimeyi-süğra kimi xatırlanır. İmam Rzanın (ə) Fatimə adlı bir neçə bacısı olub. Onlardan biri Qumda, o biri Rəştdə, digəri isə İsfahanda dəfn olunub. Bakıda dəfn olunan İmam övladını fərqləndirmək üçün ona Fatimeyi-suğra (kiçik Fatimə) deyirlər. Qeyd edək ki, məscidin adı elə bu səbəbdən bəzi mənbələrdə “Fatimə” məscidi olaraq da keçir.

Tarixçilər məscidin cənub divarındakı divar yazılarına əsaslanaraq binanı XIII əsrin sonlarına aid edirlər. Məscidin divarındakı ərəbcə yazıda belə yazılmışdır: “Mahmud ibn Səədin əsəri” (Bakı yaxınlığında Nardaran qalasını həmin memar tikdirmişdir).1841-ci ildə Bibi-Heybət məscidini tədqiq edən şərqşünas İlya Berezin başqa bir ərəb yazısı tapmışdır: “Uca məlik, ən böyük sultan, dövlətin və əqidənin müdafiəçisi Əbu-l-Fətx Fərruxzad ibn Axsitana ibn Fəribürz möminlərə bu məscidin tikilməsini əmr etdi, Allah onun hökmranlığını və səltənətini uzun etsin! (1281-1282) tarixində”.

Azərbaycan tarixçisi Sara Aşurbəylinin fikrincə, Fərruxzadın adı məscidin Şirvanşahlar tərəfindən bərpası ilə əlaqədar ola bilər, binanın özü isə Şirvanşahlardan daha qədim ola bilər.

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir