Mərkəzi Asiya ölkələri Əfqanıstanın şimalında terrorçuların toplanmasından qorxur

Cümə 21 Oktyabr 2022 - 14:31
https://az.iswnews.com/?p=14372

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, Mərkəzi Asiya ölkələrinin rəsmiləri “Terrorizmlə Mübarizə üzrə Beynəlxalq və Regional Əməkdaşlıq, Təhlükəsizlik və Sərhədlərin İdarə Edilməsi” çərçivəsində keçirilən görüşdə Əfqanıstanın şimalında terror qruplaşmalarının yaradılması və onların mümkün təhdidlərindən narahat olduqlarını bildiriblər.

Mərkəzi Asiya ölkələrinin, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT), Birləşmiş Millətlər Təşkilatının Terrorla Mübarizə İdarəsinin (UNOCT), Birləşmiş Millətlər Təşkilatının Mərkəzi Asiya üçün Çəkindirici Diplomatiyasını icra edən Regional Mərkəzinin (UNRCCA), Avropa İttifaqının, Səudiyyə Ərəbistanı və Qətərin əməkdaşlığı ilə “Terrorizmlə Mübarizə üzrə Beynəlxalq və Regional Əməkdaşlıq, Təhlükəsizlik və Sərhədlərin İdarə Edilməsi” mövzusunda oktyabrın 18-də Tacikistanın paytaxtı Düşənbədə iki günlük tədbir keçirilib.

Bu görüşün ilk günündə çıxış edən Tacikistan Prezidenti Emoməli Rəhmon xarici terrorçuların Tacikistanın cənub sərhədlərində toplanmasından narahatlığını ifadə edib və Əfqanıstandakı terror təhlükələrinin Orta Asiya regionuna daxil olmasının qarşısını almaq üçün təhlükəsizlik zonasının yaradılmasına çağırıb. Rəhmon bu görüşdə elan edib ki, Tacikistan hökumətinin məlumatına görə, Əfqanıstanın şimal-şərq əyalətlərində 40-dan çox terrorçu baza və təlim mərkəzi mövcuddur və bu bazalarda minlərlə terrorçu toplaşıb.

Şanxay Əməkdaşlıq Təşkilatının regional antiterror strukturunun icraiyyə komitəsinin rəhbəri Ruslan Mirzəyev də bu sahədə əlavə məlumat verib və Əfqanıstanın şimal əyalətlərində və Tacikistanla sərhəddə Taliban tərəfindən 13500 kamikadze və təkfirçi terrorçunun yerləşdirildiyini açıqlayıb və bunun Orta Asiya regionu üçün böyük təhdid olduğunu bildirib. Tacikistanın daxili işlər naziri Ramzan Rəhimzadə də iddia edir ki, Taliban bu şəxslərdən 3000-dən çoxuna Əfqanıstan pasportu verib və onları qaçqın adı altında şimal bölgələrində məskunlaşdırıb.

Taliban Əfqanıstanda hakimiyyətə gəldikdən sonra Tacikistan yeganə Mərkəzi Asiya ölkəsidir ki, bu qrupla heç bir əlaqə yaratmayıb. Bundan başqa, Tacikistan Talibanın siyasi müxaliflərini və anti-Taliban silahlı qruplaşmalarını dəstəkləyib və Talibana qarşı müxtəlif görüşlər keçirib. Digər tərəfdən, Taliban bu ölkə ilə sərhəd bölgələrində öz xarici müttəfiqlərini yerləşdirib və dolayısı yollar ilə Tacikistanı hədələyib.

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir