Zığ qəsəbəsinin tarixi barədə ətraflı məlumat

Bazar 11 İyun 2023 - 00:05
https://az.iswnews.com/?p=22933

Zığ Abşeron yarımadasında Bakı buxtası sahilindədir. Yaşayış məntəqəsi kimi ilk dəfə 1547-ci ilə aid Şah l Təhmasibin fərmanında adı çəkilir. İlk sakinləri Suraxanıda olmuşdur. Qəsəbənin adı yaxınlığındakı Zığ gölünün adından götürülmüşdür. Bəzi tədqiqatçılar oykonimi Qafqazın şimal qərbində yaşamış Ziğlərin (Ziqlərin) adı ilə bağlayırlar.

Zığ kəndi 1936-cı ildə 350 təsərrüfatdan ibarət olub və həmin ildən qəsəbə statusu alıb.

Duzlu gölün yaxınlığında, kiçik bir dağın ətəyində məskən salan Zığ tayfası öz dövrünün mühüm tələbatı olan daş və duz karxanalarını əldə edir. Camaatın bir qismi karxanalarda çalışır, bir qismi də yük at-arabaları ilə məhsulu başqa şəhər və vilayətlərə aparıb satırdılar.

Bu tayfanın camaatı İmam Rzanın bacısı Həkimə xanımın Azərbaycana gəlişindən xəbər tutub və onun xidmətində durublar. Həkimə Xanım dünyasını dəyişdikdən sonra məzarının üstündə abadlıq işləri görüblər. Hülaki xanın nəvəsi Arqun ağanın oğlu Qazan xan 1297-ci ildə Bakıya gəlişində xanımın məzarının üstündə məqbərə tikdirir. Zığ camaatı məqbərənin tikintisində yaxından iştirak edərək öz mallarından bir qismini məqbərənin idarəçiliyi üçün vəqf edirlər. Şirvanşah I Xəlilüllah əmlakının bir qismini Zığ kəndi daxil olmaqla xanımın məqbərəsinə vəqf edərək Zığ camaatını vergidən azad edib.

I Şah Təhmasibin Zığ kəndinin Bibiheybət məqbərəsinə vəqf olunmasını təsdiq edən fərmanı;

Hakimiyyət Allaha məxsusdur

Şahi-vilayətin qulu Təhmasib

Mübarək fərman verildi o haqda ki, Badkuyə ətrafında yerləşən Zığ kəndi bütün sərvət və əmlakı ilə birlikdə haqq İmam övladı Bibiheybətin – onun babalarına və özünə salavat və salam olsun – müqəddəs asitanəsinə vəqf edildiyinə və bu haqda heç bir dəyişiklik olmadığına görə Badkuyənin amirlərindən, divan işlərinə baxanlarından, kələntərləri və kətxudalarından heç biri, heç bir adla qeyd olunan kəndin ətrafında dolanmayaraq hər hansı tələb etməsinlər.

Qeyd olunan ölkənin hakimləri, tiyuldarları və daruqələri yazılmış qayda üzrə qərar verildiyini bilsinlər. Ondan kənara çıxmasınlar.

Qeyd olunan kəndin rəiyyətlərinin, habelə mübarək asitanənin dərvişləri və xidmətçilərinin gözlənilməsini vacib bilərək yazılı göstəriş verməsinlər və məmur göndərməsinlər. Heç bir yaranmış ixracat adı ilə, habelə ələfə, ulufə, ulağ, bigar, şikar və sair şeltaqat və əhalini aclığa məruz qoyan hər hansı ad və qayda ilə olursa-olsun təcavüz etməsinlər.

Qeyd olunan ölkənin bəniçəsi daxilindən çıxarılmış və kənar olunmuş bilsinlər. Bu barədə göstəriş verilməsini lazım bilərək ona hərtərəfli riayət etsinlər. 954-cü il məhərrəm ayının 20-i…

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir