Qılınc Pəncəsi Əməliyyatı; Türkiyənin İraq və Suriyanın şimalına hava zərbələri + VİDEO və FOTO

Bazar 20 Noyabr 2022 - 20:11
https://az.iswnews.com/?p=15659

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, Türkiyə müdafiə nazirinin “Qılınc Pəncəsi” əməliyyatının başlanması əmrindən sonra Türkiyə ordusuna məxsus hava təchizatları İraq və Suriyanın şimal bölgələrində kürd silahlı birləşmələrinin mövqelərini hədəfə alıb.

Noyabrın 20-də səhər saatlarında Türkiyənin müdafiə naziri Hulusi Akar, Ordunun Baş Qərargah rəisi, ordu generalı Yaşar Gülər, Quru Qoşunlarının komandanı, ordu generalı Musa Avsur və bir neçə türk hərbi komandiri ilə birlikdə Türkiyə Hərbi Hava Qüvvələri Əməliyyat Mərkəzində iştirak edib və dəqiqələr sonra Türkiyə Müdafiə Nazirinin əmri ilə “Qılınc Pəncəsi” adlı əməliyyat başladılıb.

Bu əməliyyat zamanı Türkiyə aviasiyası Suriyanın şimalındakı Malikiyyə, Mənəğ, Eynn Dəqnə, Eyn Əl Ərəb, Eyn İsa, Təll-Rəəfət, Mərəənaz və Əl-Bəylunə bölgələrindəki hədəflərə eyni vaxtda hücum edib. İraqda Türkiyə qırıcı təyyarələri Ərbilin şərqində yerləşən Sənksar məntəqəsi və Qəndil dağı da daxil olmaqla əraziləri bombalayıb.

Rəsmi mənbələr bu hücumlar nəticəsində ölən və dəyən zərər barədə dəqiq məlumat açıqlamasa da, yerli mənbələr Türkiyənin Suriyanın şimal bölgələrinə endirdiyi zərbələr nəticəsində 11 nəfərin öldüyünü bildirib. Həmçinin Suriya Müdafiə Nazirliyinin açıqlamasına görə, bu hücumlar nəticəsində bir neçə suriyalı əsgər də şəhid olub.

“Qılınc Pəncəsi” əməliyyatının başlamasından saatlar sonra Türkiyənin müdafiə naziri Hulusi Akar türk hərbçilərinə “Qılınc Pəncəsi əməliyyatını uğurla başa vurdunuz” deyib.

Suriya Demokratik Qüvvələrinin (SDQ) baş komandanı Məzlum Əbdi, Türkiyənin Suriyanın şimalına hücumlarına cavab olaraq, “Bu bölgələrin bombalanması bütün regionun təhlükəsizliyini təhdid edir və bu hücumlar heç bir tərəfin xeyrinə deyil.” deyib.

Türkiyənin daxili işlər naziri Süleyman Soylu İraqın şimalında və Suriyada Türkiyə hava hücumlarına başlamazdan bir neçə saat əvvəl bu ölkənin parlamentində çıxışı zamanı Kürdüstan İşçilər Partiyasını (PKK) CIA casus təşkilatına aid hesab edib və Birləşmiş Ştatların bu qrupu dəstəklədiyini deyib.

Xatırladaq ki, Türkiyə hakimiyyəti İstanbulun mərkəzindəki İstiqlal prospektində 6 nəfərin öldüyü, 81 nəfərin yaralandığı partlayışın səbəbkarı kimi kürd silahlılarını bildirmişdir. Türkiyənin yüksək rütbəli rəsmilərinin iddialarına görə, İstanbulda baş verən partlayışla bağlı əmr Suriyanın Hələb vilayətində yerləşən Eyn Əl-Ərəb şəhərindən verilib. Bu, Türkiyə ordusunun bu hərəkətə cavab olaraq Suriya və İraqın şimalındakı bölgələrə hücum etməsinə səbəb olub.

Daha çox oxuyun: İstanbulda partlayış baş verib + VİDEO

Türkiyə Müdafiə Nazirliyinin Qılınc Pəncəsi əməliyyatından yayımladığı video
Suriyanın şimal bölgələrində Türkiyə ordusunun hava hücumu nəticəsində şəhid olan Suriya ordusunun qüvvələrindən birinin “Şəhid Məhəmməd Yunus Ər-Rifai” görüntüsü
Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir