Britaniya Kraliçasına Azərbaycan Prezidentinin hədiyyə etdiyi “Şöhrət” adlı Qarabağ atı təqdim olunub

Çərşənbə axşamı 17 May 2022 - 07:57
https://az.iswnews.com/?p=7248

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi AZƏRTAC-a istinadən xəbər verir ki, 16 may dünən Kral ailəsi üzvlərinin şərəfinə ənənəvi təşkil edilən Vindzor Kral Atçılıq Şousunda Azərbaycan təmsilçilərinin çıxışlarını hər zaman böyük maraqla izləyən Kraliçaya Azərbaycan Prezidenti İlham Əliyevin hədiyyəsi – “Şöhrət” adlı Qarabağ atı təqdim olunub.

Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Kraliçası II Elizabet Azərbaycan Respublikasının Atçılıq Federasiyasının (ARAF) prezidenti Elçin Quliyevin rəhbərlik etdiyi nümayəndə heyətini Vindzor sarayında qəbul edib.

Kraliçaya hədiyyə olunan at Vindzor qəsrinə gətirilərək, haqqında bütün məlumatların yer aldığı sertifikatla birlikdə yeni sahibinə təhvil verilib.

Daha sonra Azərbaycanın tanınmış heykəltəraşı Faiq Hacıyevin yaratdığı “Alxan” adlı Qarabağ, “Qalxan” adlı Dilbaz atlarının heykəlləri Kraliçaya hədiyyə olunub.

Kraliça II Elizabet hədiyyəyə görə təşəkkür edib, Vindzor Kral Atçılıq Şousu tədbirlərində ənənəvi iştiraka görə minnətdarlığını bildirib.

Qeyd edək ki, 1956-cı ildə SSRİ-nin rəhbəri Nikita Xruşşov Kraliça II Elizabetə “Zaman” adlı Qarabağ atı hədiyyə edib. Ancaq həmin at Vindzor sarayında təqdim olunmamışdı. Prezident İlham Əliyevin hədiyyəsi isə Vindzor sarayında Kraliça II Elizabetə təqdim edilib.

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir