Suriyanın Qamışlı şəhərində SDQ qüvvələrinin sərt cavabı

Bazar ertəsi 18 Aprel 2022 - 00:10
https://az.iswnews.com/?p=5367

“İslam Dünyası Xəbərləri” informasiya mərkəzi xəbər verir ki, Suriya Demokratik Qüvvələri (SDQ) Suriya hökumətinin Hələbin kürdlər yaşayan məhəlləsi Şeyx Məqsud əhalisinin ehtiyaclarını ödəməməsinə etiraz olaraq, Qamışlı şəhərində sərt cavab olaraq bir sıra tədbirlər ilə ciddi məhdudiyyətlər qoyub.

Suriya Demokratik Qüvvələri (SDQ) Suriya hökumətini Hələbin Şeyx Məqsud və Əşrəfiyyə kürdlər yaşayan məhəllələrinin ehtiyaclarını ödəməməkdə və un, yanacaq və ərzaqların məhəlləyə daxil olmasına mane olmaqda ittiham edir. Beləliklə, SDQ qüvvələri bir sıra cavab tədbirləri ilə Qamışlı şəhərinə məhdudiyyətlər qoyub, Suriya hökumət işçilərinin şəhərdəki ofis və xidmət binalarına daxil olmasına mane olub. Bu hərəkətlərdən sonra SDQ qüvvələri təhsil kompleksi, maliyyə şöbəsi, elektrik şöbəsi və bank kimi bəzi yerlərə daxil olaraq işçiləri çölə çıxarıblar. Ötən həftə Suriya Demokratik Qüvvələri Qamışlı şəhərində Əl-Bəas çörək zavoduna (Suriya hökumətinin nəzarətində olan yeganə çörək sexi) hücum etmişdir.

Həmçinin Hasəkə şəhərində SDQ qüvvələri Suriya hökumətinin nəzarətində olan yerlərə məhdudiyyətlər qoyub.

“İslam Dünyası Xəbərləri” informasiya mərkəzinin Suriyadakı cəbhə mənbəyi Qamışlı və Hələb şəhərlərində baş verən son hadisələri və gərginliyi izah edərək, bildirib: “Gərginliyin mahiyyəti Suriya hökuməti ilə SDQ arasında imzalanan neft alqı-satqı müqavilələrinə görədir. Ümumiyyətlə, Suriya hökuməti Hələbin kürdlər yaşayan Şeyx Məqsud və Əşrəfiyyə məhəllələrinin əhalisinə aid ehtiyaclarının bir hissəsini təmin edir. Tərəflərin alqı-satqısı müəyyən səbəbdən gecikdikdə və ya buna maneə olduqda; Gərginlik yüksəlir və bu, Hələb şəhərində bir bölgədə tədarükün dayandırılması və ya başqa bir şəhərdə hökumət ərazilərinin mühasirəyə alınması şəklində özünü göstərir ki, bu məsələ mətbuatda heç vaxt qeyd olunmayan məsələlərdəndir”.

Həsəkənin qubernatoru Ğəssan Həlim Xəlilin sözlərinə görə, hazırda problemin həlli üçün Rusiyanın vasitəçiliyi ilə görüşlər keçirilir. 2021-ci ilin fevralında Suriya Demokratik Qüvvələri (SDQ) Suriya hökumətini yanacağın Şeyx Məqsud məhəlləsinə çatmasına mane olmaqda ittiham etdikdən sonra Suriya hökumətinin Həsəkə və Qamışlı şəhərlərində nəzarətində olan məhəllələrini mühasirəyə almışdır. Həmin vaxt bir neçə görüşdən və Rusiyanın vasitəçiliyindən sonra gərginlik və mühasirəyə son qoyulmuş və vəziyyət normallaşmışdır.

Qeyd edək ki, Suriya hökuməti ilə SDQ qüvvələri arasında mövcud gərginliyə baxmayaraq, Qamışlı və Həsəkə şəhərlərində hər iki tərəfin nəzarəti altında olan mövqelərdə və ərazilərdə heç bir dəyişiklik baş verməyib. Bu gərginliklər də tezliklə həll olacaq kimi görünür.

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir