İlham Əliyev Azərbaycan İlahiyyat İnstitutunun yeni binasının açılışında iştirak edib + FOTO

Çərşənbə axşamı, 12 Aprel 2022 - 08:37
https://az.iswnews.com/?p=4977

“İslam Dünyası Xəbərləri” informasiya mərkəzi APA-ya istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 11-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində fəaliyyət göstərən Azərbaycan İlahiyyat İnstitutunun yeni binasının açılışında iştirak edib.

Prezident İlham Əliyev yeni binada yaradılan şəraitlə tanış oldu.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı prezidentə məlumat verərək bildirdi ki, İnstitutda İlahiyyat fakültəsi, Dinşünaslıq, İslamşünaslıq, Dillər və ictimai fənlər kafedraları fəaliyyət göstərir. İnstitutda ali təhsil pilləsinin bakalavriat, magistratura və doktorantura səviyyələri üzrə yüksəkixtisaslı kadrlar hazırlanır. İnstitutda bakalavriat səviyyəsi üzrə “Dinşünaslıq” və “İslamşünaslıq” ixtisasları, magistratura səviyyəsi üzrə (dinşünaslıq ixtisası üzrə) “Dinin sosiologiyası”, “Dinin psixologiyası”, “Dinlərin tarixi” və “İslamşünaslıq” ixtisaslaşmaları, doktorantura səviyyəsi üzrə isə (fəlsəfə doktoru üzrə) “Dinşünaslıq”, “Dinin tarixi və fəlsəfəsi” ixtisasları tədris olunur.

Hər üç səviyyədə təhsil dövlət sifarişinə əsasən həyata keçirilir. İnstitutda dinşünaslıq və islamşünaslıq istiqamətlərinin müxtəlif fənləri ilə yanaşı, sosial və humanitar fənlər, həmçinin ingilis, ərəb və ibri dilləri tədris olunur.

Qeyd edək ki, Bakının Yasamal rayonunda inşa olunan beşmərtəbəli binada inzibati və sinif otaqları, kitabxana, kişilər və qadınlar üçün ayrı-ayrılıqda namaz otaqları, həmçinin dəstəmaz və mətbəx otaqları yaradılıb.

Hazırda Azərbaycan İlahiyyat İnstitutunda 277 tələbə təhsil alır, onların təlim-tərbiyəsi ilə 43 müəllim məşğul olur. İnstitutun müəllimləri tədris prosesi ilə yanaşı, dinşünaslıq və islamşünaslıq sahələrində elmi tədqiqatlar aparır, dərslik və monoqrafiyalar yazır, ölkədaxili və beynəlxalq elmi tədbirlərdə iştirak edirlər.

Paylaş:
Rəy
  • Rəyləriniz "İslam Dünyası Xəbərləri" xəbər portalının redaktorları tərəfindən təsdiqləndikdən sonra saytda dərc olunacaq.
  • Rəylər bölməsində iftira, yalan və nalayiq sözlərdən ibarət rəylər dərc olunmayacaq.
  • Müvafiq xəbərə aidiyyatı olmayan rəylər dərc olunmayacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.