BƏƏ ABŞ-ın birləşmiş dəniz koalisiyasından çıxdı

Cümə 2 İyun 2023 - 22:35
https://az.iswnews.com/?p=22645

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, BƏƏ Xarici İşlər Nazirliyi “Birləşmiş Dəniz Qüvvələri” alyansı adı altında ABŞ-ın Qərbi Asiya bölgəsindəki dəniz koalisiyasından çıxdığını elan edib.

BƏƏ Xarici İşlər Nazirliyi, mayın 31-də verdiyi açıqlamada ölkəsinin ABŞ-ın rəhbərlik etdiyi “Birləşmiş Dəniz Qüvvələri” koalisiyası ilə iştirakını iki ay əvvəl dayandırdığını açıqlayıb. Bu qərar bütün tərəfdaşlarla davamlı qiymətləndirmədən sonra qəbul edilib.

BƏƏ, həmçinin, ölkənin regional təhlükəsizlik və sabitliyin ümumi məqsədlərinə nail olmaq üçün bir vasitə kimi dinc dialoqa və diplomatik yollara sadiq olduğunu açıqlayıb. BƏƏ, həmçinin məsuliyyətli şəkildə sularında dəniz təhlükəsizliyini təmin etmək öhdəliyini davam etdirdiyini bildirib.

Amerika rəsmiləri hələlik bu xəbərə reaksiya verməyib.

BƏƏ-nin birləşmiş donanmadan çıxması ölkənin İranla münasibətlərinin ötən ildən sıxlaşdığı və İranla ərəb ölkələri arasında gərginliyin azaldığı bir vaxta təsadüf edir. Bununla bağlı bəzi Qətər mediaları son günlər İran və ərəb ölkələrinin Çinin koordinasiyası və Fars körfəzində dəniz təhlükəsizliyini təmin etmək məqsədi ilə ortaq dəniz qüvvələrinin yaradılması barədə razılığa gəldiyini iddia edib.

“Birləşmiş Dəniz Qüvvələri” koalisiyası 37 ölkədən ibarət müştərək dəniz təşkilatıdır və ABŞ ordusunun Bəhreyndə yerləşən 5-ci Donanma Komandanlığı tərəfindən idarə olunur. Bu ittifaqın məqsədi Qırmızı dəniz və Fars körfəzi regionunda təhlükəsizliyi təmin etmək, terrorizm və dəniz quldurluğu ilə mübarizə, o cümlədən regional əməkdaşlığı və təhlükəsiz gəmiçiliyin inkişafını artırmaqdır. Birləşmiş donanmaya bu ölkələr daxildir: Amerika, İngiltərə, Almaniya, Avstraliya, İordaniya, Bəhreyn, Belçika, Braziliya, Kanada, Danimarka, Cibuti, Misir, Fransa, Yunanıstan, Hindistan, İraq, İtaliya, Yaponiya, Keniya, Cənubi Koreya, Küveyt, Malayziya, Hollandiya, Yeni Zelandiya, Norveç, Oman, Pakistan, Filippin, Portuqaliya, Qətər, Səudiyyə Ərəbistanı, Seyşel adaları, Sinqapur, İspaniya, Tayland, Türkiyə və Yəmən.

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir