Mərdəkanın tarixi barədə ətraflı məlumat

Çərşənbə axşamı 4 Aprel 2023 - 03:40
https://az.iswnews.com/?p=20503

Mərdəkan Abşeronun şimal-şərqində Xəzər sahillərində yerləşir və Bakının Xəzər rayonunun mərkəzi sayılır. Abşeronun ən qədim kəndlərindən biri olan Mərdəkan 1936-cı ildə qəsəbə statusu almışdır.

Məşhur rus şərqşünası İ.N.Berezin “Abşeron yarımadasına səyahət” (1845) adlı əsərində Mərdəkanda olmasından, bu kəndin tarixi-memarlıq abidələrinin qeyri adiliyindən yazmışdır.

Mərdəkanın göz oxşayan tarixi qalası XII əsrdə – 1187-1188-ci illərdə Şirvanşah l Axsitan tərəfindən tikilib.

Axsitanın düşmən üzərindəki parlaq qələbəsi şərəfinə ucaldılmış qaladan müxtəlif vaxtlarda müdafiə məqsədilə, eləcə də müşahidə məntəqəsi, bəzi dövrlərdə isə qəsr kimi istifadə edilib.

Qalanın üzərindəki yazıda belə məlumat verilir: Müdrik İslamın şahı, Şirvanşah Axsitan, II Mənuçöhrün oğlu hicri-583 (1187–1188).

Tarixi mənbələrdə Mərdəkanın adı “Mərdlər məkanı” kimi izah olunur.

Bu da yaşayış məskəninin qədim Amard (və ya Mard tayfası) tərəfindən salınmasına işarə ola bilər.

Tarixçi Sara Aşurbəylinin fikrincə də Mərdəkan toponimi vaxtilə burada yaşamış, əsl mərdəkanlıların ulu babası hesab olunan Mard qəbiləsinin adı ilə bağlıdır.

Mardların adına isə ilk dəfə Qafqaz Albaniyasında yaşayan tayfaların sırasında rast gəlinir.

Yerli əhali bu sözün etimalogiyasını “Mərdi məkan” sözü ilə bağlayır.

“Kan” tat-parsi dilindən “məkan” sözü kimi tərcümə olunmaqla bərabər, “doğulduğu yer”, “vətən” mənalarını da bildirir.

Bu versiyaya görə, Mərdəkan Mərd qəbiləsinin yaşadığı yer, Mərd qəbiləsinin məkanı deməkdir.

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir