İlham Əliyev Səudiyyə Ərəbistanının Kral Faysal İslam Araşdırmalar Mərkəzinin İdarə Heyətinin sədrini qəbul edib

Cümə axşamı 9 Mart 2023 - 21:03
https://az.iswnews.com/?p=19718

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi Azərbaycan Prezidentinin rəsmi saytına istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 9-da Səudiyyə Ərəbistanının Kral Faysal İslam Araşdırmalar Mərkəzinin İdarə Heyətinin sədri Şahzadə Turki Al Faysal Al Saudu qəbul edib.

Görüşdə X Qlobal Bakı Forumunun əhəmiyyətinə toxunuldu, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin dünyada nüfuzunun ildən-ilə artdığı vurğulandı. Budəfəki Forumda da daha çox sayda ölkələrin və beynəlxalq təşkilatların nümayəndələrinin iştirakı bunun göstəricisi kimi dəyərləndirildi.

Kral Faysal İslam Araşdırmalar Mərkəzinin İdarə Heyətinin sədri X Qlobal Bakı Forumunun yüksək səviyyədə təşkil edildiyini vurğuladı.

Əliyev Şahzadə Turki Al Faysal Al Sauda işğaldan azad olunmuş ərazilərə dünən etdiyi səfərə görə təşəkkürünü bildirdi.

Prezident Azərbaycanın ərazi bütövlüyü məsələsində, o cümlədən 44 günlük Vətən müharibəsi zamanı və müharibədən sonrakı dövrdə də Səudiyyə Ərəbistanının Azərbaycana göstərdiyi siyasi-mənəvi dəstəyi yüksək qiymətləndirdi.

Şahzadə Turki Al Faysal Al Saud Azərbaycanın işğaldan azad olunmuş ərazilərində apardığı genişmiqyaslı bərpa-yenidənqurma işləri ilə bağlı Əliyevi təbrik etdi. Qonaq işğaldan azad olunmuş ərazilərə səfərinin ona dərindən təsir etdiyini bildirdi.

Söhbət zamanı Azərbaycanla Səudiyyə Ərəbistanı arasında dostluq və qardaşlıq münasibətlərinin uğurla inkişaf etdiyi vurğulandı və iki ölkə əlaqələrinin bundan sonra da genişlənəcəyinə əminlik ifadə olundu.

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir