Fatmayının tarixi barədə ətraflı məlumat

Şənbə 25 Fevral 2023 - 17:48
https://az.iswnews.com/?p=19368

Fatmayı (yerli dilin əlifbası ilə فاطمۀ) Abşeron yarımadasının şimalında yerləşir. Şimaldan və şimal-şərqdən Görədil, cənubdan Mehdiabad, qərbdən Novxanı kəndi ilə qonşudur. Fatmayı 1806-cı ildə Rusiya imperiyasının tərkibinə daxil olan Bakı xanlığının tərkibində idi.

14 dekabr 1846-cı il tarixli fərmanla Şamaxı quberniyası təşkil edilən zaman Fatmayı bu quberniyanın Maştağınski bölməsinə aid idi. 1859-cu ildə baş vermiş dağıdıcı Şamaxı zəlzələsindən sonra quberniya idarələri Bakıya köçürüldü və sonralar biz göstərilən quberniyanın Bakı qəzasının yaşayış məntəqələri arasında Fatmayını da görürük.

N.K.Zeydlitsin redaktorluğu ilə 1879-cu ildə nəşr edilmiş “Qafqaz haqqında məlumatlar toplusu”nda dərc edilmiş 1873-cü il məlumatına görə kəndin əhalisi 1399 nəfər olmuşdur.

Fatmayı sakinlərinin əksəriyyəti tatlar, çox nadir hallarda isə “tatarlar” (yəni azərbaycanlılar) kimi qeyd olunurdu.

1870-ci ildə “Bakı quberniyasının yaşayış məntəqələrinin siyahısı” nəşr olunanda bu quberniyadakı yaşayış məntəqələrinin adlarının mənaları ilə bağlı izahatlar verilmişdir. Qafqaz canişininin baş idarəsi yanında Qafqaz Statistika Komitəsinin baş redaktoru N.K.Zeydlits bildirirdi ki, Fatmayı kəndinin adı eyni adlı qadının adı ilə bağlıdır.

S.Aşurbəyli də yazırdı ki, bir sıra Abşeron kəndlərinin antroponimiyası (onların arasında Fatmayı da var) bu kəndləri yaradanların adları ilə əlaqədardır.

Kəndin adı başqa bir nəzərə əsasən “Fəth mehi” sözündən əmələ gəlib və “Mehlərin fəth etdiyi yer” mənasını verir. Fəthmehi zamanla Fatmayı şəklinə düşmüşdür.

Kənd sakinləri deyirlər ki, Fatmayı kəndi burada əsən şiddətli küləklərin sürətinə görə qonşu kəndlərdən xeyli fərqlənir.

Kəndin adının digər bir nəzərə görə isə Hz.Fatimənin (s) adı ilə bağlı olduğu düşünülür.

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir