Nardaranda yerləşən Rəhimə Xanım ziyarətgahı barədə ətraflı məlumat
Nardaran qəsəbəsində yerləşən məşhur ziyarət kompleksi Həzrət İmam Museyi-Kazimin (ə) qızı, İmam Rzanın (ə) bacısı Xanım Rəhimənin (ə) adı ilə bağlıdır. O Xanım (ə) Harun ər-Rəşid və Məmunun xilafəti dövründə Azərbaycana pənah gətirən Peyğəmbər (s) nəslinin nümayəndələrindən biridir.
Yerli camaatın verdiyi məlumata görə, Xanım Rəhimə (ə) təqiblərdən qurtulmaq üçün iki bacısı ilə birlikdə VIII əsrdə Abşeron yarımadasına gələrək Nardaranda məskunlaşmış, dünyasını dəyişərkən Nardaranda dəfn edilmişdir. Bugünkü günə gəlib çatan məlumatlara görə Rəhimə xanım Nardaranda Mirabdulla adlı bir şəxslə ailə həyatı qurmuş, bu nikahdan bir övladları olmuşdur. Bu ailənin hər üç üzvünün – Rəhimə xanımın, Mirabdullanın və övladının qəbirləri Nardaran kəndindəki ziyarətgahdadır. Vəfatından sonra Xanımın (ə) məqbərəsi ziyarətgaha çevrilmişdir.
Bu memarlıq abidəsinin VIII əsrin sonlarına lX əsrin əvvəllərinə aid olduğu deyilir. Təbiət hadisələri ilə əlaqədar dağılaraq məhv olan ziyarətgahın qalıqları XX əsrin ortalarında kənddə aparılan qazıntı işləri zamanı aşkar olunmuşdur. Qazıntı zamanı Rəhimə xanımın evi, eləcə də 3 bulaq aşkara çıxarılmışdır.
Peyğəmbərin (ə) Əhli-beytinə böyük sevgisi olan Abşeron əhalisi onun nəslinin nümayəndələrini xilafət ordusunun əsgərlərindən qorumaqdan ötrü onları Bakının ayrı-ayrı kəndlərində gizlədirdilər. Beləcə Leyla xanım Bilgəh kəndinə, Həkumə xanım Bibibheybət kəndinə, Rəhimə xanım isə Nardaran kəndinə pənah gətirir. Nardaranda məskunlaşan Rəhimə xanım uzun illər ailəsi ilə birlikdə kəndin ən hörmətli şəxslərindən sayılan Seyid Yusifin evində yaşayıb və dünyasını dəyişdikdən sonra elə Nardaranda da dəfn olunub. Vəfatından sonra Rəhimə xanımın (ə) və onun ailə üzvlərinin məzarlarının yerləşdiyi məqbərə ziyarətgaha çevrilib.
Rəvayətə görə, Rəhimə xanımın əsl adı Fatimə olub. İnsanlara şəfavermə qabiliyyətinə malik olan Rəhimə xanım yаnınа gələn хəstələri təkcə öz kərаməti ilə dеyil, həm də təbаbət еlminin və öz əlləri ilə tоplаdığı dərmаn оtlаrındаn hаzırlаdığı məlhəmlərin köməyi ilə sаğаldırmış. Həddindən artıq rəhmli və şəfa verən olduğundan, Nardaran əhalisi onu Rəhimə xanım adlandırıb.
Rəhimə xanımın məzarının üzərində hələ ta qədimlərdən əzəmətli bir türbə olub. Həmin türbə daha sonra qum fırtınası ilə torpaq qatının altında qalıb. XIV əsrdə Şirvanşahlar Rəhimə xanımın məqbərəsini aşkarlayaraq yenidən bərpa etdiriblər. Həmin dövrdən qalma daş kitabə bu gün də memarlıq kompleksinin daxilində saxlanılır.
Türbənin daş kitabəsini tarixçi alim Məşədixanım Nemət bu cür tərcümə edib: “Bu mübarək məscidin, Allahın evinin bina olunmasına hacıların seçilmişi, Böyük sədr Xacə Hacı Həmzə ibn Qutlu Mahmud Şahabadi – hicri tarixlə yeddi yüz altmış beşinci ildə (miladi təqvimlə 1363-1364-cü illər) əmr verib”. Bu da Rəhimə xanım ziyarətgahının ikinci dəfə miladi təqvimlə 1363-1364-cü illərdə bərpa edildiyindən xəbər verir. Kitabədə adı keçən Xacə Hacı Həmzə isə Şirvanşah hökmdarı Kavus ibn Keyqubadın (1348-1372-ci illər) baş vəziri olub. Daha sonra Şirvaşah I İbrahim Xəlilullah da bu ziyarətgahı təmir etdirmişdir.
Sovet hakimiyyəti illərində başqa ziyarətgahlar kimi, “Rəhimə xanım” məscidinin də sökülməsi gözlənilirdi. Amma Nardaran əhalisi gündüzlər ziyarətgahın qapısını daşla hörərək bunun qarşısını alır, gecələr isə daşları söküb ziyarətgaha daxil olurmuşlar. 1951-ci ildə anbara çevrilən tikilidə buğda saxlanılmağa başlanır. Yalnız 1956-cı ildə yerli əhali yığışaraq buranı təmizləyir və ziyarətgah əvvəlki vəziyyətinə qaytarılır. Rəhimə xanımın qəbrinin üzərindəki kitabələrin bəziləri məhv edilmişdir.
1994-cü ildə Nardaran əhalisindən toplanmış vəsait hesabına qədim türbənin üzərində ikinci mərtəbə inşa edilib.
Ziyarətgahın 4 minarəsi var və onların hər birinin hündürlüyü 42 metrə bərabərdir. Nardaran pir kompleksində iki hissədən ibarət Hüseyniyyə də inşa olunub. Rəhimə xanım ziyarətgahının tikintisi tam olaraq 2006-cı ildə yekunlaşıb.
Rəy