Əliyev Türkiyənin milli müdafiə nazirinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb + FOTO

Çərşənbə axşamı 6 Dekabr 2022 - 16:50
https://az.iswnews.com/?p=16248

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının milli müdafiə naziri Hulusi Akarın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Dekabrın 5-də keçirilən görüşdə Türkiyə nümayəndə heyətinə Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, Quru Qoşunları komandanı, Hərbi Dəniz Qüvvələri komandanı və Hərbi Hava Qüvvələri komandanı daxil idi.

Hulusi Akar Ərdoğanın salamlarını Əliyevə çatdırdı. Əliyev də salamlara görə minnətdarlığını bildirdi, onun da salamlarını Ərdoğana çatdırmağı xahiş etdi.

Görüşdə 2022-ci ilin də Azərbaycanla Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin inkişafı baxımından çox uğurlu il olduğu bildirildi, iki ölkə əlaqələrinin bütün sahələrdə, o cümlədən hərbi sahədə daha da gücləndiyi vurğulandı. Bu baxımdan, hazırda Azərbaycanda keçirilən Azərbaycan-Türkiyə birgə hərbi təlimlərinin çox böyük önəm daşıdığı qeyd edildi. Azərbaycanla Türkiyənin bundan sonra da daim bir-birinin yanında olacağı bildirildi.

Azərbaycana səfərinin Heydər Əliyevin 19-cu il anım günü ərəfəsində olduğunu deyən Hulusi Akar onun xatirəsinin Türkiyədə daim dərin ehtiramla anıldığını bir daha vurğuladı.

Söhbət zamanı Azərbaycan və Türkiyə prezidentləri arasında keçirilən mütəmadi görüşlərin iki ölkə münasibətlərinin inkişafında rolu xüsusi olaraq qeyd edildi və iki dövlət başçısının müəyyənləşdirdiyi qərarlar əsasında digər sahələrdə olduğu kimi, hərbi sahədə də əməkdaşlığın uğurla davam etdiyi vurğulandı.

Hulusi Akarın Azərbaycana səfərinin əlaqələrin genişləndirilməsi işinə töhfə verəcəyinə əminlik ifadə olundu.

Görüşdə əməkdaşlığın perspektivləri barədə fikir mübadiləsi aparıldı.

Qeyd edək ki, son günlər Türkiyə-Azərbaycan orduları ölkəmizin bir neçə bölgəsində, o cümlədən İran İslam Respublikası sərhədlərində birgə hərbi təlim kiçirir. Həmçinin, Türkiyənin milli müdafiə naziri Hulusi Akarın başçılıq etdiyi heyət bu təlimlərə baş çəkib.

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir