Türkiyə ordusu Suriyanın şimalına çoxsaylı hava zərbələri endirib+ FOTO

Cümə axşamı 24 Noyabr 2022 - 01:06
https://az.iswnews.com/?p=15802

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, Suriya Demokratik Qüvvələrinin Hələb və Həsəkə vilayətlərindəki mövqeləri Türkiyə ordusu və onun dəstəklədiyi terrorçuların artilleriya və dron hücumları ilə hədəfə alınıb.

Noyabrın 22-də Türkiyə ordusu və onun dəstəklədiyi terrorçular artilleriyadan istifadə edərək Suriya Demokratik Qüvvələrinin (SDQ) sadalanacaq ərazilərdəki mövqelərinə hücum ediblər:
Təll-Rəəfət şəhəri, Şəhba məntəqəsi, Eyn Əl-Ərəb şəhərinin şərq və qərb ətrafları, Afrin ətrafında yerləşən Şərava məntəqəsi, Hələb əyalətində yerləşən Mənbic şəhərinin şimalı, Qamışlı şəhərinin şərqi, Həsəkə əyalətində yerləşən Amerika koalisiyasının Suriya Demokratik Qüvvələrinin (SDQ) terrorla mübarizə bölməsi ilə birgə bazası.

Bu hücumların davamı olaraq Türkiyə ordusunun aviasiyası Suriyanın şimal ərazilərinə və Suriya Demokratik Qüvvələrinin (SDQ) Təll-Təmər şəhəri yaxınlığındakı mövqelərinə, Qamışlının şərqindəki Qəhtaniyyə bölgəsindəki neft qurğularına, Təll-Təmər şəhəri ətrafındakı Təll-Təvil kəndində yerləşən mövqelərə, Həsəkə vilayətində yerləşən Zerkan məntəqəsinə, Deyr əz-Zor vilayətində yerləşən Məkman kəndindəki mövqelərə hava zərbələri endirib. Mənəğ hərbi hava limanının da Türkiyə ordusunun aviasiyası tərəfindən hədəf alındığı və nəticədə Suriya ordusunun bir neçə qüvvəsinin şəhid və yaralandığı bildirilir. Hələlik bu hücumlar nəticəsində ölənlərin və dəyən zərərin dəqiq miqdarı barədə heç bir məlumat dərc edilməyib.

Bu hücumlara cavab olaraq kürd silahlıları Türkiyə ordusunun Kəlcəbrin bölgəsindəki bazasını və Əzaz şəhərini (Türkiyənin dəstəklədiyi silahlıların nəzarəti altında) artilleriya hücumu ilə hədəfə alıb. Nəticədə bir neçə nəfər ölüb və yaralanıb.

Kürd silahlıları cavabın davamı olaraq, Səlama sərhəd-keçid məntəqəsini və Türkiyənin cənubundakı Kilis şəhərini raket hücumu ilə hədəfə alıblar. Suriya daxilindən Türkiyənin cənubuna 7 raket atıldığı və bu hücumun qurbanları ilə bağlı hələlik heç bir statistik məlumatın dərc olunmadığı bildirilir.

Türkiyənin cənubuna düşən bir neçə raketin videosu

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Yusif İli bəndinin və Su Elektrik Stansiyasının açılış mərasimindəki dediyi sözlərlərlə birgə Türkiyə ordusu, onun dəstəklədiyi terrorçular və kürd silahlıları arasında atışma artdı. Ərdoğan bu çıxışda silah və hərbi qüvvələrdən istifadə edərək terrorçuların (kürdlərin) axırına çıxmaq niyyətində olduğunu və Türkiyənin Suriyanın şimalında quru əməliyyatlarına başlaması ehtimalı olduğunu vurğulamışdır. Bu məsələ Rusiya və ABŞ-ın reaksiyasına səbəb olub.

Ağ Evin sözçüsü bununla bağlı açıqlama verib:

“Türkiyə terror təhlükəsindən əziyyət çəkir və özünü müdafiə etmək hüququna malikdir, lakin Türkiyənin Suriyanın şimalındakı quru əməliyyatları ilə bağlı ABŞ-ın mövqeləri qətidir. Türkiyə ordusunun yeni əməliyyatlarının partnyorlarımızı (Suriya Demokratik Qüvvələri) zəiflədəcəyindən və bunun onların İŞİD terror qruplaşmasına qarşı mübarizəsinə təsir edəcəyindən narahatıq. “

Kreml Sarayının sözçüsü Dmitri Peskov da deyib:

“Türkiyənin Suriyanın şimalında hərbi əməliyyat keçirməsi qanuni hüquqdur və Moskva Ankaranın təhlükəsizlik narahatlığına hörmət edir və anlayır. Biz bütün tərəfləri sabitliyi pozan hər hansı hərəkətlərdən çəkinməyə çağırırıq”.

Qeyd edək ki, İstanbul şəhərində baş verən partlayışdan və Türkiyə rəsmilərinin bu partlayışın sifarişinin Suriyanın Eyn Əl-Ərəb şəhərindən verildiyi iddiasından sonra Türkiyə Müdafiə nazirinin əmri ilə Türkiyə ordusu bu il noyabrın 20-də səhər saatlarında Suriya və İraqın şimal bölgələrində kürd silahlılarına qarşı “Qılınc Pəncəsi” adlı əməliyyata başlamışdır. Bu əməliyyat zamanı Suriyanın şimalında yerləşən Malikiyyə, Mənəğ, Eyn-Dəqnə, Eyn Əl-Ərəb, Eyn-İsa, Təll-Rəəfət, Mərəənaz və Əl-Bəylunə bölgələri Türkiyə ordusunun aviasiyası tərəfindən hədəfə alınmışdır.

Daha çox oxuyun: Qılınc Pəncəsi Əməliyyatı; Türkiyənin İraq və Suriyanın şimalına hava zərbələri + VİDEO və FOTO

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir