Qafqazda son vəziyyət
Bugün Qafqaz dünyanın maraq dairəsində olan regiondur. Amerika, Avropa və İsrail, Ukrayna-Rusiya müharibəsi getdiyi bir zamanda, Qarabağ münaqişəsinin yenidən alovlandırılmasında olduqca maraqlıdır.
Onlar bu üsulla Rusiyanı Qafqazda məşğul etmək istəyirlər. Sözsüz ki, Orta Asiyada da vəziyyət buna oxşardır. Qərbin əsas məqsədi, Ukraynanın əks hücuma keçdiyi bir vaxtda, çətin duruma salmaq üçün Rusiyaya qarşı mümkün qədər əlavə cəbhələr açmaqdır. Bundan əlavə qərb dünyası Qafqazın yenidən bölüşdürülməsini istəyir. Əgər Rusiya sülhməramlıları Qarabağdadırsa, Qərb alyansı da Ermənistan-Azərbaycan sərhədində bufer zona yaratmaq bəhanəsi ilə, ordularını bu regiona yerləşdirmək istəyir. Əlbəttə ki, bufer zona yaratmaq üçün tutarlı səbəb lazımdır. Həmin səbəb isə, son günlərdə süni şəkildə yaradıldı. İndi Avropa birliyi son baş verən iğtişaşları əsas gətirərək demək istəyir ki, Rusiya Qafqazda sabitlik yarada bilmir. Bunun üçün mütləq biz məsələyə müdaxilə etməliyik.
Rusiyanın Qafqazda məşğul edilməsi İsrailin də maraqlarına tamamilə uyğundur. Hamıya məlumdur ki, Ukrayna məsələsi başlayandan sonra Rusiya-İsrail münasibətlərində ciddi soyuqlaşma müşahidə olundu. Bundan əlavə döyüşlərin davam etməsi silah satışını təmin edir. İranla müharibənin bir addımlığında olan İsrailə, hava su kimi lazım olan məsələlərdən biri də Azərbaycan xalqında İrana qarşı nifrəti genişləndirməkdir. Əgər Ermənistanla Azərbaycan arasında döyüşlər baş verərsə, İsrail Azərbaycana silah satışından külli miqdarda gəlir əldə edəcək, həm də ölkəmizdə yaratdığı media şəbəkəsi vasitəsilə, İrana nifrəti təbliğ edəcək.
Türkiyə də məsələdən kənarda deyil. Son igtişaş barəsində Türkiyənin Azərbaycana dəstəyi yalnız “mənəvi” formada oldu. Hətta, Azərbaycan rəsmi şəkildə Türkiyəyə təşəkkür edərkən, “mənəvi dəstək” sözünü istifadə etməsi, sanki, bir eyham idi. Döyüşlərin davam etməsi eyni zamanda Türkiyənin də qazanması deməkdir. Son zamanlar ciddi inflyasiya cəngində boğulan Türkiyəyə, silah satışından əldə olunan gəlir sanki “nəfəslik” rolunu oynayır. Lakin, Türkiyənin qarşısında ağır seçim var. Ya Rusiya ilə bağlanan müqaviləyə sadiq qalmalıdır, ya da müttəfiqləri olan Amerika və Avropaya tərəf əyilməlidir. Əgər Avropa və Amerika Qarabağ bazarından pay sahibi olsa, bu zaman Türkiyənin Qarabağdakı şirkətləri və bundan əldə olunan gəlirlər sual altında qalacaq. Artıq bazarın bölüşdürülməsi yenidən gündəmə gələcək ki, bu da Ərdoğana qətiyyən sərf eləmir.
Rusiya Zəngəzur dəhlizinin açılmasında maraqlıdır. Bununla da, üçtərəfli şəkildə imzalanmış müqavilə qüvvəyə minəcək və Qərb dünyası Qafqazın bölüşdürülməsində gecikmiş olacaq.
İrana gəldikdə isə, hamıdan çox sabitliyin yaranmasını istəyən dövlətlərdən biri, bəlkə də birincisi İrandır. Çünki, Qərb və İsrail, Zəngəzur dəhlizi məsələsi ilə İranın şimal sərhədlərində möhkəmlənmək istəyi bir tərəfdən, digər tərəfdən Azərbaycan-Ermənistan sərhədində qərbyönümlü orduların yerləşdirilməsi, sözsüz ki, İranı qətiyyən razı sala bilməz. İran nəyin bahasına olursa olsun, Qafqazda sərhədlərin qorunmasında maraqlıdır. İran yaxşı bilir ki, Qafqazda gedən oyunlar Azərbaycan və Ermənistan kimi “cırtdan” dövlətlərə deyil, məhz İran və Rusiyaya hesablanıb. Rusiya və İran şərq və Avropa cəbhələrində təxminən eyni maraqlara malik olsalar da, Qafqazda bu tamamilə əksinədir. Həm İran, həm də Rusiya Qafqazda maraqlıdır. Hər dövlət və ya ittifaqın Qafqazda öz marağı var. Bugünə kimi Qafqazda böyük güclərin maraqları bu şəkildə toqquşmamışdı. Lakin, dəyişməyən bir şey var. Bütün bu oyunlar sadə kasıb təbəqənin canı bahasına oynanılır. Heç bir dövlət digər dövləti fikirləşmədiyi halda, xalqımızın kor-koranə qırğına verilməsi sadəcə faciədir.
Rəy