İslam və Ərəb ölkələri başçılarının Fələstin üzrə təcili görüşü baş tutub
Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyad şəhərində İslam və Ərəb ölkələri başçılarının Fələstindəki son hadisələrlə bağlı görüşü keçirilib.
Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyad şəhərində İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin başçılarının Fələstin müharibəsi ilə bağlı fövqəladə iclasının açılış nitqində deyib: “Fələstinli qardaşlarımıza qarşı amansız müharibəni rədd edirik. Biz hərbi əməliyyatların dərhal dayandırılmasını və əsirlərin azad edilməsini və onların xilas edilməsini tələb edirik. Biz embarqoların qaldırılması və Qəzzaya humanitar və yardım göndərilməsi üçün digər ölkələrlə əməkdaşlığa çağırırıq. İşğal, mühasirə və məskunlaşmalara son qoyulması və Fələstin xalqının qanuni hüquqlarına nail olunması və paytaxtı Şərqi Qüds olan müstəqil ölkənin yaradılması regionda təhlükəsizlik, sülh və sabitliyə nail olmağın yeganə yoludur”.
Fələstin Milli İdarəsi rəhbəri Mahmud Abbas Fələstindəki son hadisələrə toxunaraq deyib: “İsrail Fələstin xalqına qarşı görünməmiş bir soyqırımı başlatdı və bütün qırmızı xətləri keçdi. Onların hücumları qadın və uşaqlar da daxil olmaqla 40 mindən çox fələstinlinin ölümünə və yaralanmasına səbəb olub. Bu müharibədə fələstinli qadın və uşaqların qətliamına görə İsrail və onun havadarları məsuliyyət daşıyır. Amerikanın İsraili dəstəkləməsi bu böhranın siyasi həllinə nail olunmamasının əsas səbəbidir. Qəzza zolağı Fələstin Milli İdarəsinin bir hissəsidir və siyasi həll yolu hərtərəfli olmalıdır. Biz heç bir təhlükəsizlik və hərbi həlli qəbul etmirik, çünki bütün bu həll yolları iflasa uğrayıb. Biz Təhlükəsizlik Şurasından Fələstinin Birləşmiş Millətlər Təşkilatına tam üzvlüyünə razılıq verməsini tələb edirik. Biz Qüds də daxil olmaqla, bütün Fələstində qanunvericilik məclisi və özünüidarəetmə təşkilatlarının sədrliyi üçün seçkilər keçirməyə hazırıq”.
Misir prezidenti Əbdülfəttah Sisi fələstinlilərin Misirə məcburi köçünün qarşısının alınmasını vurğulayaraq deyib: “Biz müharibənin dərhal və qeyd-şərtsiz dayandırılmasını və fələstinlilərin öz torpaqlarından məcburi köçünün qarşısını almağı tələb edirik. Qəzzada müharibənin dayandırılmaması müharibənin genişlənməsinə və regional müharibənin baş verməsinə səbəb ola bilər”.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan da İsrailin fələstinlilərə qarşı cinayətlərini pisləyərək, “Zülm qarşısında səssiz qalan hər kəs bu zülmə eyni dərəcədə şərik olacaq” deyib. O, əlavə edib: “Amerika və Qərb insan haqlarını iddia edir, amma təəssüf ki, İsrailin hərəkətləri qarşısında insan haqlarını unudublar. İsrail Qəzzada insanlığa qarşı törətdiyi cinayətlərə görə İnsan Haqları Şurası və Beynəlxalq Cinayət Məhkəməsi tərəfindən cəzalandırılmalıdır. Qəzza xalqına humanitar yardımların göndərilməsi dayanmadan davam etməli, yanacaq da xəstəxanalara göndərilməlidir. Qəzza humanitar yardım olmadığı üçün cəhənnəmə çevrilib. Qüdsün bizim qırmızı xəttimiz olduğunu vurğulayırıq”.
İran prezidenti Höccətül-İslam Vəl-Müslimin Seyid İbrahim Rəisi də çıxışına Qəzza və Fələstinə, Fələstin və Livanın qürurlu müqavimətinə salamla başlayıb və deyib: “Bu gün İslam və Müsəlmanların müdafiəsi üçün tarixi bir gündür. Biz Fələstin ərazilərində baş verənlərlə bağlı tarixi və qəti qərar qəbul etmək istəyirik. Amerika İsrailin cinayətlərində ortaqdır. Amerikalılar sionist rejimini minlərlə məzlum insanın həyatından üstün tutur və onları məzlumlara qarşı cinayət törətməyə təşviq edirlər. Bu gün hər kəs hansı tərəfdə dayanacağına qərar verməlidir”.
İran prezidenti Amerikanın dağıdıcı roluna toxunaraq əlavə edib: “Qəzza müharibəsində ən pis rol Amerikanın roludur. Amerika faktiki olaraq İsrailin xeyrinə müharibəyə girib və hər gün İsrailə çoxlu silah göndərir. Ümid edirəm ki, bugünkü görüşümüz Fələstin xalqının xeyrinə qətnamənin qəbuluna səbəb olacaq. Biz dərhal sionist rejimin Qəzzədən çıxarılmasını tələb etməliyik. Biz atəşkəs və Qəzza zolağının blokadasının tamamilə aradan qaldırılmasını və Rəfah keçidinin məhdudiyyət və şərtlər olmadan yenidən açılmasını tələb etməliyik. Bütün ölkələr, o cümlədən İslam ölkələri işğal olunmuş ərazilərdə fələstinlilərin təhlükəsizliyini təmin etməlidir. Sionist rejimlə ticarət və əməkdaşlıq və İsrail mallarının idxalı qadağan edilməlidir. Biz Qəzzanın qətlində iştirak edən sionistlər və amerikalılar üçün beynəlxalq məhkəmənin yaradılmasını tələb edirik”.
İran prezidenti çıxışının sonunda mühüm müqavimət strategiyasına işarə edərək deyib: “İslam ölkələri Fələstin xalqını silahlandırmalıdır. Bu böhranın davamlı həlli dənizdən çaya qədər Fələstin dövlətinin yaradılmasıdır. Zamanın keçməsi faydalı deyil və İsraillə üzləşmək lazımdır və yeganə çıxış yolu müqavimətdir. Müqavimət göstərən Fələstin xalqına salam göndərir, müqavimət göstərənlərin əllərindən öpürük. Müsəlmanlar baş verənləri özləri üçün ayıb sayır və bugünkü görüşümüz bir nəticə verməsə, İslam ümmətinin ümidsizliyinə səbəb olar. Diqqətimizi İsrailin nüvə proqramına cəlb etmək lazımdır. İnsana insanabənzər heyvanlar deyən, hətta nüvə və kimyəvi silahlar hazırlamaqla bağlı gizli planlarına baxmayaraq, uşaqların öldürülməsini qanuni hesab edən dünyanın yeganə aparteid rejimi heç bir beynəlxalq təşkilatın nəzarəti altında deyil, gözləri qarşısındadır. Onlar atom bombası ilə hücumla hədələyir! Hansı xərclər ödənilməlidir, hansı fəlakət baş verməlidir ki, ölkələr bu təhlükədən xəbərdar olsunlar”.
Suriya prezidenti Bəşər Əsəd də Qəzzanı Fələstin məsələsinin təcəssümü və xalqının iztirablarının açıq ifadəsi hesab edib və deyib: “Qəzza bir bütövün parçasıdır və son təcavüzlər 75 illik sionist cinayətlərin kökündədir. Sülh 32 ildir ki, iflasa uğrayıb və yeganə nəticə düşmən rejiminin daha aqressiv və ədalətsiz olması, qəddar olması və Fələstində vəziyyəti daha da pisləşdirməsi olub. Əgər hərəkətə gətirəcək real vasitələrimiz olmasa, atdığımız hər addımın və ya dediyimiz hər sözün mənası olmayacaq. Ərəblərin daha yumşaqlığı sionistlərin bizə qarşı daha çox zorakılıq və qırğınlarına bərabərdir. Cəsarətli Fələstin müqaviməti bölgəmizdə yeni bir reallıq ortaya qoydu və əlimizdə olan siyasi vasitələrlə bərabərliyi dəyişə bilərik”.
Ərəb və İslam ölkələri başçılarının Ər-Riyadda keçirilən görüşünün yekun bəyanatında Qəzza zolağının blokadasının yarılması və təcili olaraq humanitar yardım göndərilməsinin zəruriliyi vurğulanıb. Bu ölkələr həmçinin Təhlükəsizlik Şurasından Qəzza zolağında xəstəxanaların vəhşicəsinə dağıdılmasını, dərman, ərzaq və yanacağın ölkəyə girişinin qarşısını alan, elektrik və su, rabitə və internet xidmətləri də daxil olmaqla əsas xidmətlərin kəsilməsini pisləyən təcili qətnamə qəbul etməyi tələb ediblər.
P.s: Proqnozlaşdırıldığı kimi, ərəblərdən asılı olan ölkələrdən və Fələstin, Yəmən, Suriya və s. xalqlara qarşı qərb dövlətləri, xüsusilə də ABŞ-la cinayətlərdə şərik olan hökmdarlardan bundan artıq heç nə gözləmək olmazdı. Ər-Riyad görüşü, İsrail rejiminə təzyiq etmək və məzlum fələstinlilərə kömək etmək qərarını Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasına göndərən nəticəsiz bir şou idi! Üzvləri bir neçə dəfə atəşkəs bərqərar etməyə və Qəzza zolağına humanitar yardım göndərməyə çalışsalar da, ABŞ və Avropa ölkələrinin vetosu səbəbindən uğursuzluğa düçar olan şuradır.
Maraqlıdır ki, Yəmənin Zimar vilayəti qubernatoru və Ənsarullahın siyasi bürosunun üzvü Məhəmməd Əl-Buxeyti dünən axşam verdiyi mesajda bu görüşün nəticəsini proqnozlaşdırmışdır. Onun mesajının mətni belədir:
“Ərəb ölkələri başçılarının sabahkı görüşü necə başa çatacaq?
Qəzzanı xilas etmək üçün hərbi müdaxilə elan ediləcəkmi?
Təcavüzkar ölkələrin iqtisadi sanksiyaları elan ediləcəkmi?
Bu rejimlə diplomatik əlaqələri kəsəcəklərmi?
Qətiyyən yox!
Məsələ burasındadır ki, Qəzzanı xilas etmək üçün hərbi müdaxilə edən Yəmənin sabahkı iclasda iştirakına icazə verilmir.
Daha qəribəsi odur ki, bu şura 2015-ci ildə keçirilən ərəb sammitində İsrailin xeyrinə Yəmənin təcavüzünü və blokadasını dəstəkləyib.
Daha faciəlisi odur ki, Yəmənə hücum edən 4 təcavüzkar ölkə bu gün Qəzzaya təcavüzü dəstəkləyən eyni ölkələrdir və onlardan biri sabah toplantıya ev sahibliyi edir.
Ərəb xalqının bilməli olduğu həqiqət budur ki, Ərəb Liqasının missiyası artıq Fələstini azad etmək deyil, Fələstini azad etməyə çalışan hər bir ərəb ölkəsinə hücum etməkdir.
Kimsə bunu İbrani ölkələrinin birliyi adlandırırsa, düz deyir!
Əlhəmdülillah, bu bəladan xilas olmuşuq”.
Rəy