Deyr əz-Zor əyalətində Suriya qəbilələri ilə SDQ qüvvələri arasında toqquşmalar yenidən başlayıb
Suriya qəbilələri ilə Suriya Demokratik Qüvvələri arasında silahlı qarşıdurmalar iki həftəlik fasilədən sonra yenidən başlayıb.
“İslam Dünyası Xəbərləri” informasiya agentliyi saytının məlumatına görə, Əl-Əkidat qəbiləsinin şeyxi İbrahim Əl-Hafil səs faylı yayımlayaraq Suriya Demokratik Qüvvələrinin (SDQ) Deyr əz-Zor əyalətindəki mövqelərinə hücum əmri verib.
Əl-Hafilin əmrinin verilməsindən sonra Diban şəhərində Suriya qəbilələri ilə SDQ qüvvələri arasında şiddətli silahlı toqquşmalar baş verib. Əl-Həvayic və Əl-Təyyanə bölgələrində də toqquşmaların olduğu bildirilir.
Yerli mənbələr qarşıdurmaların şiddətləndiyi bir vaxtda SDQ qüvvələrinin Əl-Həvaic bölgəsindəki mövqelərindən geri çəkildiyini iddia edib. Əl-Təyyanə bölgəsində suriyalı qəbilələrlə toqquşmada Suriya Demokratik Qüvvələrinin 5 üzvü həlak olub.
Qeyd edək ki, avqust ayında Deyr-əz-Zor əyalətinin müxtəlif bölgələri Suriya qəbilələri ilə Suriya Demokratik Qüvvələri arasında silahlı qarşıdurmanın şahidi olub. Suriya Demokratik Qüvvələrinin (SDQ) Deyr əz-Zor əyalətinin münaqişə bölgələrinə nəzarəti ələ keçirməsindən və Amerika koalisiyasının vasitəçiliyindən bir neçə gün sonra tərəflər arasında qarşıdurma bitdiyi bir vaxtda bu toqquşmalar yenidən başlayıb.
Rəy