Amerika və Mərkəzi Asiya ölkələri arasında Əfqanıstanla bağlı xüsusi görüş keçirilib

Çərşənbə 2 Avqust 2023 - 17:37
https://az.iswnews.com/?p=25098

ABŞ və Mərkəzi Asiya regionu ölkələrinin nümayəndələri Astanada Əfqanıstanın və bu regionun təhlükəsizlik məsələlərini, terrorizmlə mübarizə və müxtəlif sahələrdə əməkdaşlığı müzakirə ediblər.

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi saytının məlumatına görə, Qazaxıstan Xarici İşlər Nazirliyi iyulun 27 və 28-də Əfqanıstanla bağlı ABŞ və Mərkəzi Asiya ölkələrinin (C5+1) xüsusi iclasını keçirib.

Bu görüşdə ABŞ-ın Əfqanıstan üzrə xüsusi nümayəndəsi Tomas Uest, ABŞ-ın Əfqanıstandakı Qadınlar, Qızlar və İnsan Haqları üzrə nümayəndəsi Rina Amiri və digər ABŞ nümayəndələri iştirak ediblər.

Mərkəzi Asiya və ABŞ nümayəndələri regional təhlükəsizlik, Əfqanıstanın təhlükəsizliyi, humanitar böhranlar, Əfqanıstanla beynəlxalq əməkdaşlıq, bu ölkədə insan haqları, terrorizmlə mübarizə məsələlərini müzakirə ediblər. Daha sonra ayrı-ayrılıqda Tomas Uest və Qazaxıstan xarici işlər nazirinin birinci müavini qəbul edilmiş tədbirləri nəzərdən keçirib və ikitərəfli görüşdə Əfqanıstan böhranı ilə bağlı tərəflər arasında əməkdaşlığın inkişafı məsələlərini müzakirə ediblər.

Qeyd edək ki, bu Amerika nümayəndə heyətinə həm də Taliban nümayəndələri ilə danışmaq vəzifəsi qoyulub və tezliklə Qətərin paytaxtı Dohada Əfqanıstan Talibanının nümayəndə heyəti ilə görüşəcək. ABŞ Dövlət Departament sözçüsü müavini Vedant Patel bununla bağlı deyib: “Qətərdə aparılacaq danışıqlar Talibanın tanınması və ya normallaşdırılması və legitimləşdirilməsi kimi hər hansı bir mesajı ifadə etmir”. O, daha sonra əlavə edib: “Bu, bizim siyasətimizdə dəyişiklik əlaməti deyil. Bizim siyasətimiz həmişə aydın olub. Bizim maraqlarımıza uyğun olarsa, Talibanla düzgün qarşılıqlı əlaqəmiz olacaq”.

Taliban xarici işlər nazirliyinin sözçüsü də açıqlamasında bildirib: “Bu danışıqlar zamanı Əfqanıstanın prioriteti sanksiyalara son qoymaq və qara siyahıları tərk etmək, Əfqanıstanın bank ehtiyatlarını azad etmək və Əfqanıstanın hava məkanına müdaxilənin qarşısını almaq olacaq”.

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir