Suriya xarici işlər naziri 12 ildən sonra Səudiyyə Ərəbistanına səfər etdi + FOTO
“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, Suriya xarici işlər naziri Səudiyyə Ərəbistanına rəsmi səfəri zamanı bu ölkənin xarici işlər nazirinin müavini ilə görüşüb və müzakirələr aparıb.
Suriyanın xarici işlər naziri Feysəl Əl-Miqdad səudiyyəli həmkarının dəvəti ilə aprelin 12-də Səudiyyə Ərəbistanının Ciddə şəhərinə səfər edib və bu ölkənin xarici işlər nazirinin müavini Vəlid bin Əbdül Kərim Əl-Xərici ilə görüşüb.
Səudiyyə mediasının verdiyi məlumata görə, tərəflərin məsləhətləşmələrində Suriya böhranının siyasi həllinə nail olmaq, suriyalı qaçqınların öz torpaqlarına qayıtmalarını asanlaşdırmaq və həmçinin Suriyada zərər çəkmiş bölgələrə humanitar yardımların göndərilməsinə zəmanət vermək üçün göstərilən səylərin müzakirəsi olub.
Bu görüşdən bir gün sonra Suriya və Səudiyyə Ərəbistanı diplomatik münasibətləri gücləndirmək məqsədilə iki ölkə arasında konsulluq xidmətlərini və uçuşları bərpa etdiklərini açıqlayıblar.
Bu səfər bir müddət əvvəl Sputnik xəbər agentliyinin anonim mənbələrə istinadən Səudiyyə Ərəbistanının xarici işlər naziri Feysəl bin Fərhan Ali Səudun Suriya rəsmiləri ilə görüşmək üçün Dəməşqə getməyə hazırlaşdığına dair yayımladığı məlumatdan sonra baş tutub.
Daha çox oxuyun: Səudiyyənin xarici işlər naziri Suriyaya səfər edəcək
Qeyd edək ki, bu, Suriya xarici işlər nazirinin 2011-ci ildən və Suriya böhranı başlayandan sonra Səudiyyə Ərəbistanına ilk səfəridir. Suriya böhranının əvvəlində Səudiyyə Ərəbistanı Suriyanın mərkəzi hökumətinə qarşı terrorçu və silahlı qrupların maliyyələşdirilməsində və silahlanmasında əsas rol oynamışdır. Lakin sonrakı illərdə Bəşər Əsədi devirmək planının iflasa uğraması və müqavimət cəbhəsinin qələbələri səbəbindən Səudiyyə krallığı Dəməşqlə münasibətlərini yaxşılaşdırmağa məcbur qaldı.
Rəy