Əliyevin Tacikistana səfərindən məqsəd nə idi? + FOTO

Cümə 7 Aprel 2023 - 22:59
https://az.iswnews.com/?p=20616

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi Prezidentin rəsmi saytına istinadən xəbər verir ki, İlham Əliyev iki günlük səfərdə Tacikistana səfər edərək bu ölkə rəsmiləri ilə görüşüb və müzakirələr aparıb.

Aprelin 5-də Əliyev Tacikistan Respublikasına dövlət səfərinə gedib.

Onu Tacikistanın Baş naziri Koxir Rasulzada və digər rəsmi şəxslər qarşılayıblar.

Həmin gün Əliyev Düşənbənin “Dusti” meydanındakı “Tacikistanın milli həmrəyliyi və dirçəlişi” xatirə kompleksində İsmoili Somoni abidəsini ziyarət edib.

Həmçinin aprelin 5-də Prezidentin Tacikistanın paytaxtı Düşənbədə Millət Sarayında rəsmi qarşılanma mərasimi olub.

Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmon Əliyevi qarşılayıb və onlar arasında təkbətək görüş olub.

Əliyev görüşdə deyib:

“Siz qeyd etdiyiniz kimi ölkələrimiz arasında münasibətlərin yaxşı tarixi və əminəm ki, çox yaxşı gələcəyi var. Biz həm beynəlxalq məkanlarda, beynəlxalq strukturlar çərçivəsində və əlbəttə, ikitərəfli formatda çox istiqamətlər üzrə əməkdaşlıq edirik. Əməkdaşlığın, o cümlədən ticari-iqtisadi, sənaye kooperasiyası, nəqliyyat sahələrində dərinləşməsi üçün çox yaxşı perspektivlər var. Əlbəttə, biz bunu ətraflı müzakirə edəcəyik. Nümayəndə heyətlərinin üzvləri də öz aralarında fəal diskussiyalar aparacaqlar. Əminəm ki, səfərin nəticələri uğurlu olacaq. Biz birgə fəaliyyətimizin sonrakı proqramını müəyyən edəcəyik”.

Həmçinin 5 aprel tarixində iki Prezident arasında təkbətək görüşdən sonra onlar və heyətləri arasında geniş tərkibdə görüş keçirilib. İlham Əliyev həmin görüşdə deyib:

Ölkələrimizin xalqları uzun müddət ərzində fəal qarşılıqlı əlaqə saxlayırlar. Çox sevindirici haldır ki, 30 ildən artıq inkişaf edən dövlətlərarası münasibətlərimiz dövründə biz çox möhkəm təməl yaratmağa və bu təməl üzərində dostluğumuzun möhkəm binasını qurmağa nail olmuşuq.

Biz həm çoxtərəfli formatda, həm də xüsusilə ikitərəfli formatda fəal qarşılıqlı əlaqə saxlayırıq. Həmişə mehriban dostlar kimi çox səmimi əməkdaşlıq edirik. Əlbəttə, dövlət səfəri çərçivəsində yeni qərarlar qəbul ediləcək, çoxlu sənədlər imzalanacaq, onlar münasibətlərimizin gələcək inkişafını müəyyən edəcək. Biz gündəlikdəki geniş məsələləri – həm ticari-iqtisadi sahədə, nəqliyyat-logistika sahəsində, həm də investisiya siyasəti sahəsində çox böyük perspektivləri ətraflı müzakirə edəcəyik.

Geniş tərkibli görüşdən sonra həmin gün 5 aprel tarixində iki ölkə arasında sənədlər imzalanıb.

İmzalanmış sənədlərin təfərrüatları:

“Azərbaycan Respublikası Hökuməti ilə Tacikistan Respublikası Hökuməti arasında yerquruluşu, torpaq münasibətləri, kadastr, geodeziya, kartoqrafiya, Yerin məsafədən zondlanması və coğrafi informasiya sistemləri sahələrində əməkdaşlıq haqqında Saziş”i Azərbaycan Respublikasının iqtisadiyyat naziri Mikayıl Cabbarov və Tacikistan Respublikasının xarici işlər naziri Sirojiddin Muhriddin imzaladılar.

“Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi ilə Tacikistan Respublikasının Daxili İşlər Nazirliyi arasında əməkdaşlıq haqqında Saziş”i Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Tacikistan Respublikasının daxili işlər naziri Ramazon Rahimzoda imzaladılar.

“Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi ilə Tacikistan Respublikası Hökuməti yanında Gömrük Xidməti arasında Azərbaycan Respublikası və Tacikistan Respublikası arasında keçirilən mal və nəqliyyat vasitələri barədə ilkin məlumat mübadiləsinin təşkili haqqında Protokol”u Azərbaycan Respublikasının Tacikistan Respublikasındakı səfiri Əlimirzamin Əskərov və Tacikistan Respublikası Hökuməti yanında Gömrük Xidmətinin rəisi Xurşed Karimzoda imzaladılar.

“Azərbaycan Respublikasının Maliyyə Monitorinqi Xidməti ilə Tacikistan Milli Bankı yanında Maliyyə Monitorinqi Departamenti arasında cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması, əlaqəli əsas (predikativ) cinayətlər və terrorçuluğun maliyyələşdirilməsi ilə bağlı maliyyə kəşfiyyat məlumatlarının mübadiləsi üzrə əməkdaşlığa dair Anlaşma Memorandumu”nu Azərbaycan Respublikasının iqtisadiyyat naziri Mikayıl Cabbarov və Tacikistan Milli Bankının sədri Hokim Xoliqzoda imzaladılar.

“2025-ci ilədək Azərbaycan Respublikası Hökuməti ilə Tacikistan Respublikası Hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə Tədbirlər Planı”nı Azərbaycan Respublikasının iqtisadiyyat naziri Mikayıl Cabbarov və Tacikistan Respublikasının iqtisadi inkişaf və ticarət naziri Zavki Zavkizoda imzaladılar.

“Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi ilə Tacikistan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi arasında 2023-2024-cü illər üzrə kənd təsərrüfatı sahəsində əməkdaşlığın gücləndirilməsinə dair Yol Xəritəsi”ni Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Tacikistan Respublikasının kənd təsərrüfatı naziri Kurbon Hakimzoda imzaladılar.

“Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə Tacikistan Respublikasının Xarici İşlər Nazirliyi arasında 2023-2024-cü illər üzrə Əməkdaşlıq Proqramı”nı Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Tacikistan Respublikasının xarici işlər naziri Sirojiddin Muhriddin imzaladılar.

“Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi ilə Tacikistan Respublikasının Mədəniyyət Nazirliyi arasında mədəniyyət sahəsində 2023-2024-cü illər üzrə əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nu Azərbaycan Respublikasının mədəniyyət nazirinin birinci müavini, nazir vəzifəsini icra edən Adil Kərimli və Tacikistan Respublikasının mədəniyyət naziri Zulfiya Davlatzoda imzaladılar.

“Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ilə Tacikistan Respublikasının İnvestisiyalar və Dövlət Əmlakının İdarə Olunması üzrə Dövlət Komitəsi arasında investisiyalar, startapların təşviqi və sahibkarlıq sahəsində Anlaşma Memorandumu”nu Azərbaycan Respublikasının iqtisadiyyat naziri Mikayıl Cabbarov və Tacikistan Respublikasının İnvestisiyalar və Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinin sədri Sadyi Kodirzoda imzaladılar.

“Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi ilə Tacikistan Respublikasının Hökuməti yanında Turizmin İnkişafı üzrə Komitə arasında turizm sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nu Azərbaycan Respublikasının Tacikistan Respublikasındakı səfiri Əlimirzamin Əskərov və Tacikistan Respublikasının Hökuməti yanında Turizmin İnkişafı üzrə Komitənin sədri Kamoliddin Muminzod imzaladılar.

“Azərbaycan Respublikasının Mərkəzi Bankı və Tacikistan Milli Bankı arasında əməkdaşlığa dair Anlaşma Memorandumu”nu Azərbaycan Respublikasının Mərkəzi Bankının sədri Taleh Kazımov və Tacikistan Milli Bankının sədri Hokim Xoliqzoda imzaladılar.

“Azərbaycan Respublikası İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO) ilə Tacikistan Respublikasının İnvestisiyalar və Dövlət Əmlakının İdarə Olunması üzrə Dövlət Komitəsi yanında “Tacinvest” Dövlət Unitar Müəssisəsi arasında Anlaşma Memorandumu”nu Azərbaycan Respublikasının iqtisadiyyat naziri Mikayıl Cabbarov və Tacikistan Respublikasının İnvestisiyalar və Dövlət Əmlakının İdarə Olunması üzrə Dövlət Komitəsinin sədri Sadyi Kodirzoda imzaladılar.

“Azərbaycan Respublikasının Şuşa şəhəri ilə Tacikistan Respublikasının İsfara şəhəri arasında qardaşlaşma əlaqələrinin qurulması haqqında Protokol”u Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonu üzrə xüsusi nümayəndəsi Aydın Kərimov və Tacikistan Respublikasının İsfara şəhərinin rəhbəri Baxovaddin Baxodurzoda imzaladılar.

“Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi ilə Tacikistan Respublikasının Ticarət və Sənaye Palatası arasında Anlaşma Memorandumu”nu Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov və Tacikistan Respublikasının Ticarət və Sənaye Palatasının sədri Camşed Cumaxonzoda imzaladılar.

Həmçinin aprelin 5-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmon mətbuata bəyanatlarla çıxış ediblər.

İlham Əliyev bəyanatda deyib:

Bu gün ölkələrimiz arasında qardaşlıq münasibətlərinin uğurlu inkişafı məhz 1990-cı illərin əvvəllərindəki fəaliyyətin nəticəsidir. O vaxt həm Tacikistan, həm də Azərbaycan böyük çətinliklərlə üzləşmişdi, ölkələrimizdə ictimai-siyasi sabitlik pozulmuşdu, təəssüf ki, həm Tacikistanda, həm də Azərbaycanda vətəndaş müharibəsi gedirdi. Ən dəhşətli müharibə qardaş qırğınıdır. Həm Prezident Rəhmon, həm də Prezident Heydər Əliyev, – hərəsi öz ölkəsində, – qanlı səhifəni çevirmək və ölkələrimizi inkişaf yoluna çıxarmaq üçün nə mümkündürsə etdilər və buna nail oldular. Bu gün Tacikistan və Azərbaycan iki sabit dövlətdir. Bu gün öz regionumuzda və bütövlükdə dünyada qeyri-sabitlik ocaqlarını görəndə, zənnimcə, hər kəs anlayır ki, sabitlik inkişafın əsasıdır, təhlükəsizliyin əsasıdır. Sabitlik olmasa nə investisiyalar olacaq, nə də tərəqqi və insanların rahatlığı.

Buna görə düşünürəm ki, xalqlarımızın milli maraqlarına əsaslanan siyasət yürüdən ölkələrimizin nümunəsi ona dəlalət edir ki, hətta inkişafın ən aşağı nöqtəsində olduqda da müdrik rəhbərlik sayəsində böyük nəticələr qazanmaq olar. Tacikistan və Azərbaycan isə keçmiş sovet respublikaları arasında müstəqillik yoluna ən pis və ən ağır şəraitdə qədəm qoyublar. Təbii ki, o dövrü yaxşı bilən adamlar bunu təsdiq edə bilərlər. Lakin həm Azərbaycanda, həm də Tacikistanda gənc nəsil də bunu bilməlidir. Bizim bugünkü uğurlu inkişafımız, necə deyərlər, göydən düşməyib, bunun arxasında məhz böyük liderlərin, xalqlarımızın liderlərinin əməyi durur. Onlar özləri üçün, öz həyatları üçün riskə gedərək dinc və uğurlu inkişafı təmin etmək naminə əllərindən gələni ediblər.

Hesab edirəm ki, bu gün biz çox səmərəli danışıqlar apardıq, həm təkbətək, həm də nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşlərdə gələcək qarşılıqlı fəaliyyətimizin konkret məsələlərini müzakirə etdik. Emoməli Şərifoviçin qeyd etdiyi bütün istiqamətlər üzrə necə irəliləmək barədə dəqiq təsəvvürümüz var. Nəqliyyat-logistika sahəsinə, sənaye kooperasiyasına, investisiya layihələri ilə bağlı məsələlərə dair konkret tapşırıqlar verilib. Biz Tacikistanda investisiya layihələrini ciddi nəzərdən keçirməyə hazırıq. Ona görə ki, əvvələn, Tacikistan bizə yaxın ölkədir, ikincisi, sabitlik hökm sürən ölkədir. İnvestisiyalar yalnız sabitlik və yaxşı investisiya şəraiti olan ölkələrə yönəldilir. Çoxsaylı xarici şirkətlər tərəfindən Tacikistanda fəal sərmayə qoyulması ona dəlalət edir ki, investisiyalar, o cümlədən xarici investisiyalar dövlət tərəfindən qorunur.

Mən əsla şübhə etmirəm ki, səfərin nəticələrinə əsasən ən yaxın vaxtda konkret addımlar atılacaq. Biz hökumətlərarası komissiyanın növbəti iclasını bu il Tacikistanda keçirmək barədə razılığa gəldik. Əminəm ki, hökumətlərarası komissiyanın iclasına qədər bizim məhz nəqliyyat-logistika qarşılıqlı əlaqələri, investisiya siyasəti, sənaye kooperasiyası məsələlərinə dair nümayəndə heyətlərinin üzvlərinə verdiyimiz bütün tapşırıqlar yerinə yetiriləcək. Əminəm ki, nəticələr bizi sevindirəcək.

Digər məşhur Azərbaycan heykəltaraşı Ömər Eldarov Sədrəddin Ayninin və İbn Sinanın abidələrini yaradıb. Yəni, bunlar çox şeyə dəlalət edir. Tacik xalqının görkəmli nümayəndələrinin abidələrinin yaradılmasının Azərbaycan nümayəndələrinə etibar edilməsi böyük etimad, dostluq, qardaşlıq deməkdir. Biz onu da bilirik ki, Tacikistanda dahi Azərbaycan şairi, doğma Gəncədə doğulmuş, yaşamış və orada dünyasını dəyişmiş Nizami Gəncəvini sevirlər və ona ehtiram bəsləyirlər. Bu mədəni bünövrə bu gün bütün istiqamətlər üzrə fəal qarşılıqlı əlaqələr üçün zəmin yaradır. Əminəm ki, biz bu gün təhsil sahəsində də, başqa sahələrdə də qəbul etdiyimiz bütün qərarları yerinə yetirəcəyik.

Onu da demək istərdim, biz məmnuniyyətlə qeyd etdik ki, Tacikistandan olan 50-yə yaxın kursant bu gün Azərbaycanın Müdafiə Nazirliyinin və Dövlət Sərhəd Xidmətinin tədris müəssisələrində təhsil alır. Biz tacik tələbələrin sayının artırılmasına şərait yaratmağı qərara aldıq. Əlbəttə, əminəm ki, azərbaycanlı tələbələr də böyük sevinc və istəklə burada, Tacikistanda təhsil ala bilərlər.

Emoməli Şərifoviç Azərbaycana üç rəsmi səfər edib, mən də Tacikistana üç rəsmi səfər etmişəm. Bu, bizim münasibətlərin dinamikasına dəlalət edir. Fikrimcə, gələcəkdə bu səfərlər daha intensiv olacaq, birlikdə işləyəcək, dostluq edəcək və birgə gələcəyimizi quracağıq.

Prezident Əliyevin Tacikistan Respublikasına dövlət səfəri aprelin 6-da başa çatıb. Onu Tacikistan Prezidenti Emoməli Rəhmon Düşənbə şəhərinin Beynəlxalq Aeroportunda yola salıb.

İlham Əliyevin Tacikistana səfəri və Emoməli Rəhmonla görüşü münasibətilə iki ölkə arasında araşdırılmış bəzi ümumi cəhətləri təqdim etməyi lazım bildik.

+ Bu səfər zamanı imzalanmış bəzi əməkdaşlıq sazişlərinə əlavə olaraq, Tacikistan və Azərbaycan hökumətləri arasında müxtəlif aspektlərdə onları strateji müttəfiqliyə apara biləcək ümumi cəhətlər var.

1- Məsələn, əhalisinin əksəriyyəti müsəlman olan hər iki ölkə daim öz cəmiyyətlərindən ictimai və siyasi dini cərəyanları sıxışdırıb və İrana casusluqda ittiham edir.

2- Hər iki ölkə İran İslam Respublikasının elmi mərkəzlərində təhsil alan xeyli sayda alimlərini həbs edib və onlara uzunmüddətli həbs cəzası verir.

3- Bölgədə böyük Qərb oyununda rol oynamaqla iki ölkə sərhəddə gərginlik yaratmaqla regionda sabitliyi pozmağa çalışır. Tacikistan və Qırğızıstan sərhədlərində münaqişələr, Azərbaycan və Ermənistan sərhədlərində münaqişələr kimi.

4- Keçmiş Sovet İttifaqında hakimiyyətin atadan oğula keçməsini ilk yaşayan ölkə Azərbaycan olub və indi Tacikistan bu modeli təkrarlamaq və hakimiyyəti Emoməli Rəhmondan oğlu Rüstəmə ötürmək istəyir.

5- Hər iki ölkə regionda Mərkəzi Asiya və Qafqazdan keçən və İran və Rusiyadan keçən marşrutları əvəz edə biləcək tranzit dəhlizlərinin rolunu gücləndirməyə çalışır.

6- Son bir neçə ildə həm Azərbaycan, həm də Tacikistan Tehranla gərgin dövr keçirib, Tacikistan isə istədiyi xalları əldə edərək İranla münasibətlərini yaxşılaşdırıb, lakin Azərbaycan hələ də gərginlikdə israr edir.

7- İstər Azərbaycan, istərsə də Mərkəzi Asiya ölkələri bir neçə ildir ki, ərəb və Avropa ölkələrindən böyük investisiyaların hədəfindədir. Burada bu ölkələrdə həyata keçirilən çox saylı misallar vurmaq olar, o cümlədən, yaşıl enerji layihələri kimi.

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir