Bu gün Həzrət Zeynəbin (s) vəfatının ildönümüdür

Bazar ertəsi 6 Fevral 2023 - 12:27
https://az.iswnews.com/?p=18648

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi komandası Həzrət Zeynəbin (s) vəfatı münasibəti ilə başsağlığı verir.

Hicri təqvimlə bu gün Rəcəb ayının 15-i fevralın 6-ı Xanım Zeynəbin (s) vəfat günüdür.

Zeynəbi Kubra hicrətin 6-cı ilində Mədinə şəhərində dünyaya gəlib. Hz.Zeynəb (s) İmam Əlinin (ə) və Hz.Fatimənin (s) üçüncü övladı idi. Zeynəb ərəb dilində “atasının zinəti” deməkdir.

Məlumata görə, bu adı ona babası Hz.Muhəmməd (s) qoyub. Xanım Zeynəb (s) 5 yaşına qədər Peyğəmbərlə(s) bir dövrdə yaşayıb. Buna görə də bəzi alimlər onun səhabə olduğunu qeyd edirlər. Hər kəsə qarşı şəfqətli olan Hz.Peyğəmbər (s) ilk qız nəvəsini sevərək əzizləyər və “tövsiyə edirəm hamı bu qıza hörmət etsin, o, Xədiceyi Kubra kimidir” deyərmiş. Xanım Zeynəbin (s) uşaqlıq və gənclik dövrü müqəddəs Əhli Beyt(ə) ailəsində keçir və yetkilnik yaşına çatdıqda o, İmam Əlinin (ə) qardaşı oğlu Abdullah ibn Cəfərlə ailə həyatı qurur. Qeyd edək ki, tarixi mənbələrə görə, Xanım Zeynəbin (s) həyat yoldaşı Abdullah ərəblər arasında ən dövlətli insanlardan biri olub. Müxtəlif mənbələrdə Abdullahın və həyat yoldaşının böyük səxavətləri haqqında məlumatlar yer alıb.

Və nəhayət hicrətin 40-cı ili. Hz.Əli (ə) Kufədə şəhid olarkən Xanım Zeynəbin (s) 35 yaşı vardı. Bu təqvimdən sonra onsuz da çətinliklərlə, münafiqlərin təzyiqləri altında yaşayan Peyğəmbər (s) ailəsinin vəziyyəti bir qədər də pisləşir. İmam Həsənin(ə) və İmam Hüseynin(ə) dövründə Hz.Zeynəb (s) hər zaman qardaşlarının yanında olur, onların qarşılaşdığı çətinlikləri bölüşürdü. Hicrətin 61-ci ilində – İmam Hüseyn (ə) Mədinəni birdəfəlik tərk edəndə onunla birlikdə Hz.Zeynəb (s) də vardı…

Artıq o vaxt idi ki, Muhəmmədin (s) reyhanı İmam Hüseynin (ə) bir zamanlar oxşanıb, əzizləndiyi peyğəmbər şəhəri Mədinədə qalmağa yeri yoxdu. Mədinənin qapı-pəncərələri, küçə və dalanları, yeri, göyü və hətta daşları ağlayaraq bütün dövrlərin ən böyük şəhidini yola salırdı. Bu şəhər onun babası, atası, anası, qardaşı, özü və ailəsindən yalnız lütf və mərhəmət görmüşdü. Ölümə gedən karvanda iki oğlu ilə birlikdə, yaşı artıq 50-ni ötmüş Hz.Zeynəb (s) də vardı.

Qeyd etmək lazımdır ki, Kərbəla şəhidlərinə ilk dəfə əza saxlayan da Xanım Zenyəb (s) olub. İlk dəfə Əhli-Beyt(ə) ailəsinin sağ qalanlarını bir araya gətirib Kərbəla çölündə şəhidlərə məclis quran Xanım Zeynəb (s) idi. Bununla da müsəlmanların 1400 ilə yaxındır davam edən Aşura məktəbinin əsası qoyulurdu.

Həzrət Zeynəb (s) İmam Hüseynin (ə) şəhadətindən bir il sonra –  hicrətin 62-ci ilində Şamda vəfat edib.

islam.az

Tam ölçüdə baxmaq üçün klikləyin
Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir