Suriyanın Dəraa vilayətində İŞİD-in cəbhə komandiri öldürüldü
“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, İŞİD terror qruplaşmasının Dəraa vilayətindəki cəbhə komandirlərindən olan Məhəmməd Əli Əl-Şağuri Suriyanın təhlükəsizlik qüvvələri ilə Muzəyrib qəsəbəsində toqquşma nəticəsində öldürülüb.
Cümə günü 20 yanvar tarixində yerli vaxtla saat 10 radələrində Suriya təhlükəsizlik qüvvələri Muzəyrib qəsəbəsinin şimalında Əl-Əlaaf məktəbinin yaxınlığında İŞİD terror qruplaşmasının cəbhə komandirlərindən biri olan Məhəmməd Əli Əl-Şağuri ləqəbli Əbu Ömərin evinə hücum edib və İŞİD ünsürləri ilə silahlı münaqişəyə girib.
Bu qarşıdurma zamanı Əl-Şağuri İŞİD-in digər iki üzvü ilə birlikdə öldürülüb və bir neçə nəfər yaralanıb. Muzəyrib qəsəbəsi və ətraf ərazilərdə Suriya ordusuna qarşı təhlükəsizlik əməliyyatları və hücumların səbəbkarı məhz bu adamlar olduğu bildirilir.
Qeyd edək ki, Dəraa vilayəti son aylarda İŞİD terror qruplaşmasına qarşı çoxsaylı təhlükəsizlik əməliyyatlarının şahidi olub. Noyabr ayında Suriya ordusunun qüvvələri və yerli silahlı qrupların Dəraa şəhərinin Əs-Səəd məhəlləsində həyata keçirdiyi bir sıra təhlükəsizlik əməliyyatları nəticəsində azı 30 İŞİD üzvü məhv edilib və bu ərazi bu terror qruplaşmasının ünsürlərindən tamamilə təmizlənib.
Daha çox oxuyun: Suriyanın Dəraa şəhərində yerləşən Əs-Səəd məhəlləsi İŞİD ünsürlərindən tam təmizləndi!
Rəy