İran və Ermənistan xarici işlər nazirləri görüşüb
“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, İran İslam Respublikası xarici işlər nazirinin Ermənistanın xarici işlər naziri ilə görüşü zamanı Ermənistan tərəfinin İran tərəfindən hərbi təchizat almaq üçün rəsmi tələb təqdim etməsi ilə bağlı şayiələr yayılıb.
Oktyabrın 20-də İran İslam Respublikasının xarici işlər naziri Hüseyn Əmirabdullahiyan erməni həmkarı Ararat Mirzoyan ilə görüşüb və iki ölkə arasında müxtəlif sahələrdə əlaqələrin artırılması, eləcə də mühüm məsələlər ətrafında müzakirələr və regionda baş verən hadisələr barədə məsləhətləşmələr aparılıb.
Bu görüşdə Əmirabdullahiyan iki ölkə arasında uzunmüddətli əlaqələrə toxunaraq, müxtəlif aspektlərdə, xüsusilə iqtisadi və tranzit əməkdaşlıq sahəsində əlaqələrin gücləndirilməsinin vacibliyini vurğulayıb. O, regional məsələlərə toxunaraq, bir daha İran İslam Respublikasının regionda beynəlxalq sərhədlərin hər hansı dəyişikliyinə açıq müxalifəti ilə bağlı prinsipial baxışını açıqlayıb.
Bu görüşdə Ermənistanın xarici işlər naziri də regiondakı son hadisələri izah edərək, İslam Respublikasının regiondakı məsələlər və hadisələrlə bağlı fikirlərini yüksək qiymətləndirib. İki ölkə arasında iqtisadi əməkdaşlığa toxunan Mirzoyan onun davam etdirilməsinin və artırılmasının zəruriliyini, xüsusilə Şimal-Cənub dəhlizi boyunca tranzit sahəsində əməkdaşlığın vacib olduğunu vurğulayıb.
Bu görüşlə eyni vaxtda Ermənistanın İrandan hərbi təchizat almaq üçün Hüseyn Əmirabdullahiyana rəsmi müraciət təqdim etdiyi barədə xəbərlər yayılıb ki, bu da iki ölkənin rəsmiləri tərəfindən təsdiq və ya təkzib edilməyib. Bu məsələ Rusiyanın döyüş meydanında istifadə etmək üçün İran dronlarına üz tutması, həmçinin Rusiya ilə Ukrayna arasında gedən müharibədə İran dronlarının uğurlu nəticəsi ilə heç də uzaq görsənmir. Bu iddia təsdiqlənərsə, Ermənistan və Azərbaycan Respublikası arasında ehtimal olunan müharibədə İranın hərbi təchizatları təsirli rol oynaya bilər.
Qeyd edək ki, Bütün Qüvvələrin Ali Baş Komandanının köməkçisi və baş müşaviri general-mayor Seyid Yəhya Rəhim Səfəvi Tehranda keçirilən “Müqəddəs Müdafiədə Elm və Texnologiya” konfransı zamanı dünyada İrandan hərbi təchizatların alqı-satqısına olan tələbatın artmasına toxunaraq demişdir: “Bu gün elə bir nöqtədəyik ki, dünyanın 22 ölkəsi İrandan dron almaq istəyir”.
Rəy