İrandakı iğtişaşların pərdə arxası
İran İslam Respublikasında baş verən son hadisələrə görə əzizlərin başa düşülən narahatlıqları hiss olunur. Qeyd edək ki, belə hadisə İranda ilk dəfə baş vermir.
Bundan əvvəl də, oxşar hadisələr dəfələrlə baş verib. Etiraz etmək insanların haqqıdır və heç kim bu haqqı insandan ala bilməz. Vətəndaş narazı olduğu məsələlər barəsində etiraz səsini ucaldırsa, hökumət mütləq bu məsələyə baxmalıdır.
İran hökumətinin ən böyük köməkçisi elə bu etirazlardır. Etiraz aksiyalarının keçirilməsi ilahi bir nemətdir. Ayətullah İbrahim Rəisi, ölkədaxili məsələlərin idarə olunmasında vətəndaşların şikayəti əsasında işlər görür. Məsələn, Xuzistan vilayətində vətəndaşların su problemindən haqlı şikayətləri var idi. Rəisi bu şikayətlər əsasında məsələni araşdırdı və problemin həll edilməsi barədə müvafiq göstərişlər verdi. Nəhayət uzun illərdən sonra Xuzistan vilayətinin su problemi həll oldu.
Yeri gəlmişkən qeyd edək ki, mühafizəkar Rəisinin belə işlərlə xalqın rəğbətini qazanması İsrail və qərbi yaman qəzəbləndirib. Bugünlərdə baş verən hadisələr elə Rəisinin prestijini sındırmaqdan ötrü həyata keçirilir.
Baş verən hadisələrə qiymət verərkən görürük ki, bu etiraz yox, özbaşnalıq, xaos cəhdi, hərc-mərclik və xəyanətdir. Etiraz edərkən, Allahın evi sayılan məscidləri yandırmaq nə məqsəd daşıyır? Yoxsa, etirazçılar məscidlərdən, daha dəqiq desək Allahdan şikayətçidir? Etiraz əlaməti olaraq mərkəzi küçələrdə qadınların çılpaq soyunması nə məna verir? Soyunmaqla etiraz bildirilirsə, o zaman heyvanlar ən böyük etirazçılardır. Çılpaq və ya yarıçılpaq olmaq etiraz sayılırsa, Avropanın 90 faizi etirazçı sayılmalıdır. “Etiraz”lar zamanı bir qrup vəhşi toplum hücum edərək təcili tibbi yardım maşınlarını yandırdı. Bunun səbəbi nə idi? İğtişaşlar zamanı İmam Hüseyn bayrağı yandırıldı. Bunun səbəbi nə idi? Düşmənçiliyiniz İmam Hüseynlədirsə, bunu açıq aşkar bəyan edin. Küçədən keçən günahsız insanlara hücum etmək, bıçaq və küt alətlərlə onlara xəsarət yetirmək, qan tökmək nə vaxtdan etiraz sayılıb?
Bütün bu baş verənlər göstərir ki, əslində məsələ tamamilə başqadır. Məsələ nə insan haqlarıdır, nə də hüquq məsələsidir. Bütün bunlar İsrail və qərbin planlarıdır. Onlar İran İslam Respublikasının daxilində xaos yaratmaqla, Qafqazda Zəngəzur məsələsi və sərhəd dəyişikliyi vasitəsilə İranın ticarət “nəfəsgahını” bağlamaqla, vilayəti fəqih hökumətini mümkün qədər zəiflətmək və başını qatmaq məqsədi güdürlər.
Qardaş və bacıların narahatlıqlarını nəzərə alaraq bunu qeyd etmək istəyirik ki, İranda ən böyük iğtişaşlar 2009-cu ildə, Musəvinin vaxtında baş verib. Hazırda baş verən iğtişaşlar 2009 hadisələrinin 10-da biri qədər deyil. O zaman “etirazçılar” Ayətullah Xameneinin ofisinin 200 metrliyinə qədər gələ bilmişdilər. Hətta, bəzi böyük inqilabçılar artıq vəziyyətin nəzarətdən çıxdığını və hökuməti təhvil vermək məcburiyyətində qaldıqlarını gizlətmirdilər. Lakin, Ayətullah Xamenei ağanın bir kəlməsi ilə vəziyyət anidən dəyişdi. Bəsic meydana atıldı və etirazçılar sanki qarışqa tək meydandan qaçdılar. İranda milyonlarla fədailər var ki, meydana atılmaq üçün sadəcə zamanlarını gözləyirlər.
Belə iğtişaşların İran üçün nemət olduğunu əbəs yerə demirik. İsrail və qərbin İranda cəsus şəbəkələrinin fəaliyyəti hamıya məlumdur. Düşmənlər illərlə yetişdirdiyi cəsusları vasitəsilə belə xaoslar yaratmağa cəhd edir. Lakin, bundan ən böyük mənfəəti İran təhlükəsizlik orqanları qazanır. İllərlə yetişdirilən cəsuslar belə iğtişaşlar zamanı asanlıqla ifşa olunur və həbs edilir.
İran hökumətinin ənənəvi taktikası budur ki, iğtişaşlar zamanı bir müddət sakit dayanır, hətta, bəzən etirazların böyüməsinə, digər şəhərlərə sıçramasına qəsdən şərait yaradılır. Beləliklə hazırlanmış cəsuslar, qərb və İsrailə işləyən terror qruplaşmaları aşkar edilir. Lazım olan anda əmr verilir, təhlükəsizlik orqanları həmin cəsusları həbs edir və beləliklə filmin sonu yaxınlaşır.
Bununla da İran hökuməti dünyaya nümayiş etdirir ki, ölkəmizdə insanlar etiraz etmək hüququna malikdir. Bununla paralel etirazçı adı altında fəaliyyət göstərən iyrənc ünsürlər isə həbs edilir.
Rəy