Türkiyə sərhədində Rusiya, Suriya və SDQ qüvvələrinin birgə patrul xidməti olub + VIDEO
“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, Rusiya ordusu qüvvələri Suriya ordusu və Suriya Demokratik Qüvvələri (SDQ) ilə birlikdə Həsəkə vilayətinin sərhəd bölgələrində birgə patrul xidməti həyata keçirib.
Mayın 27-də Türkiyə hökumət rəsmilərinin kürd silahlıları ilə qarşıdurma bəhanəsi ilə Suriyadakı ərazilərə hücumla hədələməsindən sonra rus qoşunları Suriya Demokratik Qüvvələri və Suriya qoşunlarının iştirakı ilə Amuda və Əbu Raasin arasındakı sərhəd bölgələrində patrul xidməti həyata keçirib.
Rusiya hərbi maşınları, Suriya ordusu və SDQ-dən ibarət kolon Amuda şəhərindən altı rus helikopterinin müşayiəti ilə Təl Tamarın şimalındakı Əbu Raasin bölgəsindəki Dərbasiyyə qəsəbəsinə qədər patrul xidmətini davam etdiriblər.
Bu, ilk dəfədir ki, Rusiya qüvvələri Suriya ordusu və Suriya Demokratik Qüvvələri ilə birgə patrul xidməti həyata keçirir. Hazırda bu birgə keçirilən patrul Rusiyadan Türkiyəyə siyasi və hərbi mesajdır.
Qeyd edək ki, bu patrul xidməti Türkiyə Milli Təhlükəsizlik Şurasının iclasından bir gün sonra baş tutub. Şuranın cümə axşamı iclasının sonunda verdiyi bəyanatda cənub sərhədində hərbi əməliyyatların milli təhlükəsizlik məsələsi olduğu bildirilib.
Türkiyə Milli Təhlükəsizlik Şurasının iclası Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın bu il mayın 23-də Suriyadakı hərbi əməliyyatlarla bağlı çıxışından sonra keçirilib.
Ərdoğan bildirmişdir: “Cənub sərhədlərimiz boyunca 30 kilometrlik təhlükəsizlik zonası yaratmaq üçün hədəflərimizi tamamlamaq üçün çalışırıq. Bu ərazilər ölkəmizə qarşı hücumların mərkəzində olan və bizim prioritetimiz olan yerlərdədir. Türkiyə Silahlı Qüvvələri və kəşfiyyat orqanları hazır olan kimi əməliyyat başlayacaq.”
Türkiyənin Suriyada yeni əməliyyatına başlaması üçün Rusiya və ABŞ-ın yaşıl işığı lazımdır və Ərdoğan keçmişdə olduğu kimi əməliyyata başlamazdan əvvəl hər iki ölkənin razılığını almalıdır.
ABŞ-ın siyasi mövqeləri və Rusiya ordusunun Suriyadakı hərəkətləri göstərir ki, hazırda iki ölkə Türkiyənin Suriyada yeni hərbi əməliyyata başlamasına qarşıdır. Bu, kürd silahlı komandirlərinin bildiyi mühüm məsələdir və buna görə də beynəlxalq ictimaiyyət, xüsusən də ABŞ və Rusiyanı bu işə qarışmağa çağırırlar.
Rəy