Bakıda Azərbaycan-İsrail biznes forumu keçirilib
“İslam Dünyası Xəbərləri” informasiya agentliyi Report-a istinadən xəbər verir ki, dünən 18 may tarixində İqtisadiyyat Nazirliyinin dəstəyi, nazirliyin Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) təşkilatçılığı ilə Bakıda Azərbaycan-İsrail biznes forumu keçirilib.
Tədbirdə hər iki ölkədən dövlət qurumlarının nümayəndələri və kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən 50 şirkət iştirak edib.
Biznes forumda Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin direktoru Əkbər Abbasov ölkəmizin aqrar sektorunda tətbiq olunan innovasiyalar barədə məlumat verib, İsrailin müvafiq qurumları ilə təcrübə mübadiləsi, texnologiya, kadr hazırlığı, aqrar təhsil və tədqiqatlar sahələri üzrə əməkdaşlıq imkanlarını vurğulayıb.
İsrailin Kənd Təsərrüfatı və Kəndlərin İnkişafı Nazirliyinin baş direktorunun müavini İrina Ettinger-Vaynşteyn ölkəsinin Azərbaycanla əlaqələrə önəm verdiyini, İsrail şirkətlərinin bir sıra sahələrə, eləcə də aqrar sektorda həyata keçirilən layihələrdə iştiraka maraq göstərdiyini qeyd edib, kənd təsərrüfatı və bu sahədə elmi-tədqiqat üzrə tərəfdaşlığın gücləndirilməsi üçün geniş imkanları diqqətə çatdırıb.
Tədbirdə AZPROMO-nun Azərbaycanın investisiya imkanlarına həsr olunmuş təqdimatı olub. Biznes forum iş adamları arasında müzakirələrlə davam edib.
Rəy