Suriya prezidenti və nümayəndə heyətinin İnqilab Rəhbəri ilə görüşü + FOTO
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Ayətullah Xamenei bu gün (bazar günü) Suriya prezidenti Bəşər Əsəd və onu müşayiət edən nümayəndə heyətini qəbul edib. Bu görüşdə İmam Xamenei İslam Müqaviməti, Suriya xalqı və dövlətinin beynəlxalq müharibədə qələbə çalmasının Suriyanın etibar və izzətinin artmasına səbəb olduğunu bildirərək deyib: İran prezidenti və hökümətinin bu sahədə yüksək əhval-ruhiyyə və qətiyyətə sahib olması Suriya ilə əməkdaşlığı genişləndirmək üçün böyük potensialdır və iki ölkə arasında münasibətlərin əvvəlkindən daha da yaxşılaşdırılmasına səy göstərilməlidir.
Suriyanın siyasi və hərbi sahədə əldə etdiyi böyük nailiyyətlərə toxunan Ali Məqamlı Rəhbər vurğulayıb: Bu gün Suriyanın vəziyyəti, müharibədən əvvəlki kimi deyil. Suriya indi əvvəlkindən daha çox hörmət və ehtiramla tanınır və hamı onu bir güc kimi görür.
Bu gün Suriya prezidenti və xalqının region xalqları yanında böyük ehtirama sahib olmasını vurğulayan Həzrət İmam Xamenei əlavə edib: Sizin və bizim qonşu ölkələrin bəzi rəhbərləri sionist rejim rəhbərləri ilə oturub bir yerdə qəhvə içsələr də, bu ölkələrin xalqları Qüds günündə küçələrə axışaraq anti-sionist şüarlar verirlər. Bu regionun bugünki reallığıdır.
O, Suriyanın beynəlxalq müharibədə müqavimətinə və qələbəsinə səbəb olan bir neçə amili qeyd edərək Bəşər Əsədə belə deyib: Ən mühüm amillərdən biri şəxsən siz cənabın yüksək ruhiyyəsidir və inşallah bu ruhiyyə ilə müharibənin xarabalıqlarını bərpa etməlisiniz. Çünki sizi qarşıda böyük işlər gözləyir.
İnqilabın Ali Məqamlı Rəhbəri şəhid general Süleymaninin xatirəsini də yad edərək əlavə edib: “O böyük şəhidin Suriyaya qarşı xüsusi diqqəti var idi və sözün əsl mənasında fədakarlıq edirdi. Onun Suriyadakı fədakarlığı İranın səkkiz illik müqəddəs müdafiəsindəki davranışından heç də fərqlənmirdi”…
İmam Xamenei həmçinin qeyd edib: ”Şəhid Süleymani və SEPAH-ın digər tanınmış üzvləri, o cümlədən şəhid Həmədani həqiqətən çox çalışdılar və onlar Suriya məsələsinə müqəddəs bir vəzifə və öhdəlik kimi baxdılar”.
İmam Xamenei vurğuladı: “Bu bağlar hər iki ölkə üçün həyati əhəmiyyət kəsb edir və biz onun zəifləməsinə imkan verməməliyik, əksinə onu mümkün qədər gücləndirməliyik.”
O, ötən illərdə Suriyaya qarşı cəbhə xəttində olan bəzi ölkələrin hazırkı dostluq və sevgi ifadələrinə toxunaraq əlavə edib: “Biz keçmiş təcrübələrdən istifadə edərək gələcəyin xəttini aydınlaşdırmalıyıq”.
İran İslam Cümhuriyyətinin Prezidenti Ayətullah Rəisinin də iştirak etdiyi bu görüşdə Suriya Respublikasının prezidenti Bəşər Əsəd İran xalqı və hökümətinə mövqe və dəstəklərinə görə təşəkkür edib, həmçinin şəhid Süleymaninin xatirəsini yad edərək deyib: “İranın ötən 40 il ərzində region və xüsusilə Fələstin məsələsindəki mövqeyi bölgə xalqlarına göstərdi ki, İranın yolu düzgün və prinsipial yoldur.”
O əlavə edib: “Müharibənin xarabalıqlarını bərpa etmək olar, lakin təməllər və prinsiplər dağılarsa, onları bərpa etmək mümkün deyil. İran xalqının İmam Xomeyninin əsasları və prinsipləri üzərində dayanması və sizin də bu təməl prinsiplər üzərindəki səyləriniz bölgə xalqları, xüsusilə Fələstin xalqı üçün böyük qələbələrin yolunu açır.
Bəşər Əsəd deyib: Bəzi insanlar düşünür ki, İranın Müqavimət Cəbhəsinə verdiyi dəstək silah dəstəyidir, İslam Respublikasının ən mühüm dəstəyi və köməyi, onlara müqavimət və dözümlülük ruhu bəxş etməkdir.
Suriya prezidenti Bəşər Əsəd sonda vurğulayıb: Sionist rejimi regiona hakim olmağa icazə verməyən İran və Suriya arasındakı strateji əlaqələrdir və bu əlaqələr daha da genişmiqyaslı şəkildə davam etdirilməlidir.
Rəy