Suriya İnsan Haqları Təşkilatı: İŞİD bu il Suriyada 435 nəfəri öldürüb!
Terrorçulara yaxın medialardan biri İŞİD terrorçularının bu il ərzində Suriyada ən azı 206 əməliyyat təşkil etdiyi və bu əməliyyatlar zamanı 435 nəfərin öldürüldüyü barədə məlumat yayıb.
“İslam Dünyası Xəbərləri” informasiya agentliyi saytının məlumatına görə, Suriya İnsan Haqları Təşkilatı avqustun 5-də İŞİD terror qruplaşmasının bu il Suriyada azı 206 əməliyyat təşkil etdiyi və bu əməliyyatlar zamanı 435-ə yaxın insanın öldürüldüyü barədə hesabat yayıb.
Bu hesabatda deyilir: “İŞİD qruplaşması Suriyanın mərkəzi bölgələrində (Suriya hökumətinin nəzarətində olan ərazilərdə) 104 hücum həyata keçirib, bu hücumlar zamanı 192 suriyalı əsgər və 157 mülki şəxs həlak olub. Həmçinin bu hücumlarda 20 terrorçu öldürülüb”.
Bu hücumlardan 35-i Homsun şərq ətraflarında, 10-u Raqqanın cənub ətraflarında, 41-i Deyr əz-Zorun qərb və cənub ətraflarında, 15-i Həmanın şərqində, 3-ü isə Hələbin cənub ətraflarında baş verib.
Suriya İnsan Haqları Təşkilatının məlumatına görə, Suriyanın şimalında və şərqində Suriya Demokratik Qüvvələrinin (SDQ) nəzarətində olan ərazilərdə digər hücumlar həyata keçirilib, nəticədə 12 mülki şəxs və 49 SDQ qüvvəsi həlak olub. Həmçinin 4 terrorçu məhv edilib.
Suriya Demokratik Qüvvələrinin nəzarətində olan ərazilərdə həyata keçirilən silsilə hücumlardan 77-si Deyr əz-Zorun şimal, şərq və cənub-şərq ətraflarında həyata keçirilib. Daha 12 hücum Raqqa vilayətində, 10 hücum Həsəkə vilayətində və 3 hücum Hələbin şimal-şərq ətraflarında həyata keçirilib.
Suriya İnsan Haqları Təşkilatının verdiyi məlumat, İŞİD terror qruplaşmasının bütün Suriya ərazisində əməliyyatlarını artırdığını göstərir. Görünən odur ki, İŞİD-in hərəkatlarının və əməliyyatlarının artmasına səbəb müxtəlif tərəflər arasında real koordinasiyanın olmamasıdır və terrorçular bu məsələdən istifadə edərək hərəkətlərini artırıblar.
Rəy