Terrorçuların Latakiyanın şimalına hücumu nəticəsində 4 Suriya əsgəri şəhid olub
Türküstan Partiyası terror qruplaşmasının Latakiya vilayətində Nəbi Yunus yüksəkliyində Suriya ordusunun qərargahına hücumu nəticəsində 4 Suriya əsgəri şəhid olub, bir neçəsi yaralanıb.
“İslam Dünyası Xəbərləri” informasiya agentliyi saytının məlumatına görə, avqustun 6-da Türküstan Partiyası terror qruplaşmasının silahlıları pis hava şəraitindən və duman səbəbindən kifayət qədər görmə imkanının olmamasından istifadə edərək, Suriyanın Latakiya vilayətinin şimalında yerləşən Nəbi Yunus yüksəkliklərindəki Suriya ordusunun qərargahlarından birinə qarşı əməliyyata keçiblər. Bu əməliyyat zamanı azı 4 Suriya əsgəri şəhid olub, bir neçə əsgər yaralanıb.
Bu münaqişənin daha ətraflı təfərrüatları və bu hücumda Türküstan Partiyası terrorçularının itkilərinin sayı ilə bağlı dəqiq məlumatlar dərc olunmayıb. Nəbi Yunus yüksəklikləri Suriya ordusuna kömək və məsləhət vermək üçün rus müşavirlərinin yerləşdirildiyi Latakiyanın şimal ətraflarında əsas yüksəkliklərdən biridir.
Qeyd edək ki, ötən aylarda Təhrir Əş-Şam və digər müttəfiq qruplaşmaların silahlı dəstələri atəşkəsi açıq şəkildə pozaraq Suriya ordusunun Hələb, İdlib və Latakiya əyalətlərindəki mövqelərinə qarşı əməliyyatlarının sayını xeyli artırıb. Türküstan Partiyası terrorçuları tərəfindən bu hücumun həyata keçirilməsi İdlib bölgəsində qarşıdurmaların kəskinləşməsindən və atəşkəsin açıq şəkildə pozulmasından xəbər verir.
Rəy