İmam Xamenei İsmayıl Həniyyə ilə görüşdə: Fələstin torpağı bütün müsəlmanlarındır + FOTO
İmam Xamenei HƏMAS-ın siyasi ofisinin rəhbəri ilə görüşündə Fələstin torpağının bütün müsəlmanlara aid olduğuna işarə edərək bildirib ki, bütün müsəlmanların Fələstinin azadlığı üçün meydana gəlməsi vacibdir və bu, bir dini vəzifədir.
“İslam Dünyası Xəbərləri” informasiya agentliyi saytının məlumatına görə, İran İslam İnqilabının Ali Rəhbəri İmam Xamenei iyunun 21-də HƏMAS-ın siyasi ofisinin rəhbəri İsmayıl Həniyyə və onunla birgə olan nümayəndə heyəti ilə görüşündə Fələstin məsələsinin inkişafı, fələstinli gənc və mömin nəslin məsuliyyət hissi, onların fərdi və ictimai şəkildə mübarizə səhnəsinə daxil olmasının çox mühüm məsələ olduğunu bildirərərk vurğulayıb: “Son günlərdə Cenində baş verən hadisələr və fələstinli gənclərin sionist hərbçiləri mühasirə etməsi, yeni üfüqün açılışının bariz nümunəsidir və tam qələbə ilə parlaq gələcəyin müjdəçisidir”.
Müqavimət dəstələri arasında daha artıq birlik və koordinasiya olmasını vurğulayaraq, qeyd edib: “Qəzzədəki son döyüşdə biz şahid olduq ki, düşmənin cəhdi müqavimət dəstələri arasında ixtilaf və təfriqə yaratmaq və bu atmosferi aşılamaq olub ki, bu da ilahi lütf nəticəsində, alınmadı, ona görə də biz birlik və koordinasiya məsələsinə daha çox diqqət yetirməli və bu doğru yolu qüdrətlə davam etdirməliyik”.
İran İslam İnqilabının Rəhbəri Qəzzanı müqavimət mərkəzi adlandırıb və əlavə edib: “Düşməni diz çökdürəcək nöqtə, indiyə qədər yaxşı irəliləyiş əldə olunduğu İordan çayının qərb sahilidir. Kimin ağlına gələrdi ki, bir gün Cenində olan fələstinli gənclər sionist qüvvələrə qarşı o qədər sərt davranacaqlar ki, gənc döyüşçülərin mühasirəsindən xilas olmaq üçün qırıcı təyyarələrdən istifadə etmək məcburiyyətində qalacaqlar, lakin bu bir neçə gün əvvəl Cenin şəhərində baş verdi”.
O, İran İslam Respublikasının Fələstinə dəstəyini vurğulayaraq dedi: “İmam Xomeyni (r.ə) iman və əqidəyə əsaslanan İslam Hərəkatının ilk günlərindən Fələstini dəstəkləyib və İran İslam Respublikasının dəstəyinin əsası da İslam fiqhinə və şəriətinə köklənir, taktiki hərəkətlər və ya diplomatiya deyil”.
Həzrət İmam Xamenei əlavə edib: “Fələstin torpağı bütün müsəlmanlarındır, ona görə də bütün müsəlmanların Fələstinin azadlığı üçün meydana gəlməsi vacibdir və bu, bir dini vəzifədir”.
Bu görüşdə HƏMAS-ın siyasi bürosunun rəhbəri Fələstin məsələsinə daimi dəstəyinə görə İran İslam Respublikasına təşəkkür edərkən, işğal olunmuş ərazilərdə, xüsusilə İordan çayının qərb sahilində baş verən son hadisələrlə bağlı hesabat təqdim edib və deyib: “Qəzza müqavimətin ürəyidir, lakin bu gün əsas və həlledici döyüş İordan çayının qərb sahilində gedir. Sionist düşmənin qəbul etdiyi təhlükəli qərarlara baxmayaraq, İordan çayının qərb sahilindəki mübariz gənclərin üstün əli sayəsində, bu rejim önündə başqa variant yoxdur, ancaq qarşısında daha pis və ya pis variantlar var”.
O, işğal olunmuş Fələstində ən mühüm inkişafı gənc nəslin mübarizə və cihadı gözəl qarşılaması və İordan çayının qərb sahilində təbi və öz istəkləri ilə silahlı müqavimət birliklərinin formalaşması adlandırıb və əlavə edib: “Mövcud şərait və müqavimət cəbhəsinin hazırdakı inkişafı, Fələstinin işğal tarixində misli görünməmişdir”.
İsmayıl Həniyyə İran İslam İnqilabının Rəhbərinə xitabən deyib: “Zati-alilərinin hüzurunda vurğulayırıq ki, müqavimət dəstələri Fələstin ərazisindən bir qarış da olsa geri çəkilməyəcək. Mübarizə və cihad Fələstin torpaqlarının azad edilməsinə qədər davam edəcək. Allahın lütfü, gənc və mömin nəslin köməyi ilə, Əl-Əqsa məscidi çox da uzaq olmayan bir zamanda işğalçıların əsarətindən azad ediləcək. Hamımız orada, sizinlə birlikdə namaz qılacağıq”.
Xatırladaq ki, İsmayıl Həniyyə iyunun 19-da Ali Rəhbərin nümayəndəsi və Ali Milli Təhlükəsizlik Şurasının baş katibi Əli Əkbər Əhmədian ilə görüşüb və bölgədə baş verənləri, Fələstindəki son siyasi və cəbhə hadisələrini müzakirə etmişdir. O, iyunun 20-də İran prezidenti Ayətullah Seyid İbrahim Rəisi və İran İslam İnqilabı Keşikçiləri Korpusunun Ali Baş Komandanı Sərdar Səlami ilə də görüşüb və söhbət etmişdir.
Daha çox oxuyun:
Əhmədian Həniyyə ilə görüşdə: Fələstinin işğalına son qoymaq üçün ən təsirli strategiya müqavimətdir
HƏMAS-ın yüksək rütbəli nümayəndə heyəti İran prezidenti və SEPAH komandanı ilə görüşüb + FOTO
Rəy