Raket və Artilleriya Qoşunlarında keçirilən təlimlər və Hərbi vəzifəlilərin praktiki hazırlıq çalışmaları davam etdirilir + FOTO
“İslam Dünyası Xəbərləri” informasiya agentliyi Müdafiə Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Raket və Artilleriya Qoşunlarında keçirilən təlimlər və Hərbi vəzifəlilərin praktiki atış çalışmaları davam etdirilir.
Müdafiə nazirinin təsdiq etdiyi 2023-cü ilin hazırlıq planına əsasən Azərbaycan Ordusunun Raket və Artilleriya Qoşunlarının bölmələri ilə gecə və gündüz vaxtı keçirilən döyüş atışlı taktiki təlimləri davam edir.
Plana uyğun olaraq bu gün 25 aprel tarixində daimi dislokasiya məntəqələrindən cəmləşmə rayonlarına çıxarılan artilleriya divizionlarının tədris-maddi bazası, şəxsi heyətin təchizatı, fərdi və qrup halında normativlərin icra səviyyəsi yoxlanılıb.
Daha sonra bölmələr atəş mövqelərini tutaraq reaktiv yaylım atəşi sistemi və artilleriya qurğularından döyüş atışları icra ediblər.
Bölmələrin praktiki vərdişlərinin təkmilləşdirilməsi və şəxsi heyətin döyüş qabiliyyətinin artırılması məqsədilə keçirilən təlimlərdə şərti düşmən hədəfləri dəqiq atəş zərbələri ilə məhv edilib.
Həmçinin, “N” saylı hərbi hissədə ehtiyatda olan bir qrup hərbi vəzifəlilərin döyüş vərdişlərinin təkmilləşdirilməsi məqsədilə keçirilən təlim toplanışı davam edir.
Hərbi vəzifəlilərin döyüş hazırlığı səviyyəsinin, bilik və bacarıqlarının artırılması məqsədilə keçirilən toplanışda müxtəlif tapşırıqlar yerinə yetirilir.
Toplanış zamanı bu gün 25 aprel tarixində hərbi vəzifəlilərə silahların taktiki-texniki xüsusiyyətləri, natamam sökülüb-yığılma və istifadə qaydaları öyrədilib.
Həmçinin hərbi vəzifəlilər təlim sahəsində silahların döyüşə hazır vəziyyətinə gətirilməsi, atəş mövqeyinin tutulması və şərti düşmən hədəflərinin aşkar olunaraq düzgün nişanalma qaydalarına əməl etməklə məhv edilməsi üzrə tapşırıqları uğurla icra ediblər.
Rəy