Sudandakı müharibə və atəşkəs böhranı davam edir + FOTO
“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, ABŞ dövlət katibinin təklif etdiyi üç günlük atəşkəslə Sudan tərəflərinin razılığa gəlməsinə baxmayaraq, bu ölkənin müxtəlif şəhərlərində, o cümlədən Xartum şəhərində silahlı qarşıdurmalar davam edir.
Dünən bazar ertəsi, aprelin 24-də səhər saatlarında və Sudanda münaqişənin davam etdiyi bir dönəmdə ABŞ dövlət katibi Entoni Blinken ordu və Çevik Reaksiya qüvvələrinin rəhbərlərinin üç günlük atəşkəs rejiminin yaradılması ilə bağlı razılığa gəldiyini açıqlayıb. Blinken həmçinin Vaqner qrupunun üzvlərinin və bu rus hərbi şirkətinin rəhbəri Yevgeni Priqojinin Sudanda olmasından narahatlığını ifadə edib.
Vaqner şirkətinin rəhbəri Yevgeni Priqojin bu yaxınlarda Sudanda iştirak edən tərəflərə açıq məktubla atəşkəs üçün vasitəçilik etməyə hazır olduğunu bəyan edib. Priqojin bu mesajda deyib: “Mən Yevgeni Priqojinəm. Mən uzun müddət Sudanda olmuşam və bu ölkənin bütün qərar qəbul edən şəxsləri ilə əlaqə saxlamışam. Birləşmiş Millətlər Təşkilatı və bir çox başqa tərəflər Sudanda qanların tökülməsini istəyir və mən şəxsən Sudan xalqına sülh arzulayıram. İndi Sudanda baş verənlər ona görə deyil ki, biz sudanlılara silah sahibi olmağı öyrədirik, ona görə deyil ki, biz onlara sərhədlərini düşmənlərindən müdafiə etməyi öyrətdik”.
Sudanda vəziyyətin günü-gündən kritikləşdiyi və müxtəlif ölkələrin çoxlu sayda diplomat və vətəndaşını bu ölkədən çıxardığı bir vaxtda ABŞ-ın vasitəçiliyi ilə 3 günlük atəşkəs yaradılıb.
Bununla bağlı İngiltərənin müdafiə naziri Ben Uolles bildirib ki, Xartum şəhərindən işçilərin və əcnəbi vətəndaşların təxliyəsi üzrə hərbi əməliyyat 1200 ingilis əsgəri və müttəfiq ölkələrin qüvvələrinin iştirakı ilə həyata keçirilib. Sky News-in yerli mənbələrə istinadən verdiyi məlumata görə, İngiltərə ordusu kəşfiyyat missiyasını yerinə yetirmək və İngiltərə vətəndaşlarının Sudandan təxliyyəsinə kömək etmək üçün C-17 nəqliyyat təyyarəsi ilə bir qrup əsgərini Sudanın şərqindəki limana göndərib.
Sudandan əcnəbi vətəndaşların sürətlə təxliyəsi bu ölkənin ağır vəziyyətini göstərir və görünür, yaxın günlərdə bu ölkə üçün daha acınacaqlı hadisələr baş verəcək.
Atəşkəs razılaşmasına baxmayaraq, Xartum və Sudanın bəzi bölgələrində münaqişə davam edir. Sudan ordusunun qırıcıları dünən paytaxtın şimalında Əl-Cərif, Kafuri, Xartum Bəhri bölgələrində və Əl-Mauna prospektində Çevik Reaksiya qüvvələrinin mövqelərini bombalayıb. Sudan ordusu həmçinin Sudanın cənubundakı Əl-Əbyəd şəhərini Çevik Reaksiya qüvvələrinin nəzarətindən təmizlədiyini iddia edib.
Sudanın qərbində Qərbi Darfur əyalətinin mərkəzi Əl-Cəninə şəhərində şiddətli toqquşmalar başlayıb və hələlik tərəflər üçün irəliləyiş əldə olunmayıb.
Qeyd edək ki, ötən gün Xartumda baş verən qarşıdurma zamanı Misir səfirliyinə bağlı diplomat həlak olub. Misir Xarici İşlər Nazirliyi və Sudan ordusu bəyanat yayaraq bu misirli diplomatın ölümünü təsdiqləyib. Sudan ordusu ilkin bəyanatında misirli diplomatın hərbi müşavir olduğunu iddia etsə də, ikinci açıqlamada səhvə görə üzr istəyərkən Misir diplomatının idari işlər üzrə işçi olduğunu və Çevik Reaksiya qüvvələrinin hücumu zamanı öldürüldüyünü bildirib.
Sudan on bir gündür ki, Həmidəti kimi tanınan general Məhəmməd Həmdan Daqlonun komandanlığındakı Çevik Reaksiya qüvvələri ilə general Əbdül Fəttah Əl-Burhanın komandanlığındakı Sudan ordusu arasında qanlı toqquşmalara səhnə olub. Bu daxili qarşıdurmanın əsas yerləri Xartum, Əl-Faşir, Əl-Cəninə, Mərvi və s. şəhərləridir. Həmin şəhərlərdə silahlı münaqişələr davam edir.
Daha çox oxuyun: Təhlükəsizlik riskləri artmaqdadır; Diplomatlar və xarici vətəndaşlar sürətlə Sudanı tərk edirlər
Rəy