İki ölkənin Xarici İşlər Nazirlikləri arasındakı mübahisə nədən yarandı? + FOTO
“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, Azərbaycan xarici işlər nazirinin işğal olunmuş Fələstin torpaqlarına son səfəri fonunda İran və Azərbaycan Xarici İşlər Nazirlikləri arasında mübahisə yaranıb.
Beləki, dünən 31 mart tarixində səhər saatlarında İranın Xarici İşlər Nazirliyin mətbuat katibi Nasir Kənani Azərbaycan xarici işlər nazirinin işğal olunmuş Fələstin torpaqlarına son səfəri ərəfəsində sionist rejim xarici işlər nazirinin “İrana qarşı vahid cəbhənin yaranması”na dair Azərbaycan xarici işlər naziri ilə razılığa gəldiyini söyləməsinə dair izahat istəyib.
İranın Xarici İşlər Nazirliyinin rəsmi saytı Nasir Kənaninin çıxışı barədə belə yazıb:
Ölkəmizin Xarici İşlər Nazirliyinin mətbuat katibi Nasir Kənani bəyan edib ki, sionist rejimin xarici işlər nazirinin Azərbaycan xarici işlər naziri ilə “İrana qarşı vahid cəbhənin yaradılması” ilə bağlı razılaşma ilə əlaqədar bəyanatı, sionist rejimin Azərbaycan Respublikası ərazisini İslam Respublikasının milli təhlükəsizliyinə qarşı təhlükəyə çevirmək üçün mənfur niyyətlərinin digər sənədidir və biz bunu qətiyyətlə qınayırıq.
Kənani sionist rejimin xarici işlər nazirinin vahid anti-İran cəbhəsinin yaradılması ilə bağlı bəyanatlarını, eləcə də Azərbaycan xarici işlər nazirinin danışıqlarının məzmununu və iki ölkə arasında “strateji tərəfdaşlığın yeni mərhələsi” ilə bağlı bəyanatlarını, Azərbaycan və sionist rejim əməkdaşlıqlarının anti-İran yönümlü olmasını təsdiq etmələri adlandırıb və Azərbaycan hakimiyyətindən bununla bağlı izahat tələb edib.
Ölkəmizin Xarici İşlər Nazirliyinin sözçüsü İran və Azərbaycan xalqları arasında qırılmaz tarixi və dini bağ olduğunu vurğulayaraq əlavə edib: “İran İslam Respublikası hər zaman bədxahların iki xalq arasında məsafə yaratmaq cəhdlərinin qarşısını almağa çalışıb. Azərbaycan hökumətinin də iki ölkə arasında münasibətlərin düşmənlərinin yaratdığı tələdən yayınması gözlənilir. Aydındır ki, İran İslam Respublikası sionist rejimin Azərbaycan Respublikası ərazisindən ona qarşı sui-qəsdinə biganə qala bilməz”.
Bir neçə saat sonra Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə İran İslam Respublikasının Xarici İşlər Nazirliyinin mətbuat katibi Nasir Kənani tərəfindən söylənilmiş məsələlərə dair yalan, iftira, dəqiq olmayan və əsl cavabdan yayınan şərh verib.
Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin rəsmi saytı Ayxan Hacızadənin şərhi barədə belə yazıb:
Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovun İsrail Dövlətinə səfəri çərçivəsində mətbuat brifinqinə istinadən İran İslam Respublikasının Xarici İşlər Nazirliyinin mətbuat katibi Nasir Kənaninin 31 mart tarixində açıqladığı iddialarla əlaqədar mətbuat katibinə tövsiyə edirik ki, nazir Ceyhun Bayramovun səsləndirdiyi fikirlərə diqqətlə qulaq assın.
Məlum olduğu kimi, xarici işlər naziri Ceyhun Bayramov İsrail xarici işlər naziri ilə mətbuat brifinqi zamanı İrana qarşı hər hansı bir mövqe səsləndirməyib. Bu xüsusda, İran Xarici İşlər Nazirliyi tərəfindən verilən bu açıqlamanı növbəti anti-Azərbaycan addım kimi qiymətləndiririk.
Bildiririk ki, Azərbaycan öz ərazisindən üçüncü dövlətlərə qarşı istifadəyə heç zaman imkan verməyib.
Bunun əksinə, son zamanlar İran ərazisindən Azərbaycana qarşı təhdidlər səsləndirilir və təxribatlara yol verilir. Bunlara misal olaraq, Azərbaycanın sərhədləri boyu İran tərəfindən hərbi təlimlərin keçirilməsini, sərhəd üzərindən hərbi uçuşların həyata keçirilməsini, İranın vəzifəli şəxsləri tərəfindən anti-Azərbaycan bəyanatlarının verilməsini, SEPAH kimi İranın təhlükəsizlik strukturları tərəfindən hətta uşaqları cəlb etməklə və Xudafərin körpüsünün yanında Azərbaycan əleyhinə təhdid dolu video çarxların çəkilməsi və nümayişini, Azərbaycanın İrandakı səfirliyinə qarşı terror hücumunu, Milli Məclisin üzvü Fazil Mustafaya qarşı həyata keçirilmiş terror aktının istintaqının ilkin izlərinin İrana dəlalət etməsini qeyd etmək olar.
Bu gün, İran-Ermənistan qardaşlığı bütövlükdə region üçün təhlükə olmaqda qalmaqdadır. Son 30 il ərzində İran faktiki olaraq, səssiz razılığı ilə, Ermənistanın Azərbaycan ərazilərinin işğalına göz yummuşdur. Qarabağ və Şərqi Zəngəzurun işğalı və bu ərazilərin talan edilməsinə, bu ərazilərdəki evlərdən sökülmüş daşların İran bazarlarında satılmasına, mövcud olmuş 67 məsciddən 65-in dağıdılması və təhqir edilməsinə İran tərəfindən əhəmiyyət verilməməsi yaxşı məlumdur.
Qeyd edilənlərlə əlaqədar, mətbuat katibi Nasir Kənaninin açıqlamasını qətiyyətlə pisləyirik. Bu açıqlama Azərbaycan-İran münasibətlərinin böhran vəziyyətinə salınmasında növbəti addımdır.
İran tərəfinin bu təhdidləri Azərbaycanı heç zaman qorxuda bilməz. İran ərazisindən Ermənistana göndərilən hərbi dəstəyə baxmayaraq, Azərbaycan ordusu 2020-ci ildə işğalçı Ermənistan ordusunu darmadağın etdi. Bundan sonra da, Azərbaycana qarşı hər hansı bir təcavüzün və təxribatın qarşısı qətiyyətlə alınacaqdır.
Buna cavab olaraq isə İran İslam Respublikasının Xarici İşlər Nazirliyin mətbuat katibi Nasir Kənani 31 mart tarixinin son saatlarında iki tvitt yazıb:
Tvittlərdə deyilir:
Biz Azərbaycan hökumətindən sionist rejimin xarici işlər nazirinin Azərbaycanla “İrana qarşı vahid cəbhənin yaranması” müqaviləsi ilə bağlı dediyi sözlərə izahat verməsini istədik.
Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi (cavabdan) yan keçdi və İrana qarşı yeni ittihamlar səsləndirdi.
Sükutun davam etdirilməsi Bakının strateji tərəfdaşının bəyanatlarının üstüörtülü şəkildə təsdiqlənməsi deyilmi?
Cinayətkar sionist rejimin İslam ümmətində ixtilaf və təfriqə salmaqdan başqa, müsəlman ölkələrinə yaxınlaşmaqda öz ekspansiyalı maraqlarını həyata keçirmək üçün başqa bir məqsədi yoxdur.
Azərbaycandakı müsəlman bacı və qardaşlarımıza sionist düşmənin əsl niyyətlərindən xəbərdar olmalarını tövsiyə edirik.
Daha çox oxuyun: Azərbaycan xarici işlər nazirinin işğal olunmuş Fələstinə səfərinin təfərrüatı + FOTO
Rəy