Qarabağ bölgəsində baş verən son hadisələr, 25 Mart 2023
“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, son iki gün ərzində Azərbaycan və Ermənistan orduları arasında 4 dəfə atəşkəs rejimi pozulub.
Azərbaycan Müdafiə Nazirliyi martın 24-də 3 bəyanat və martın 25-də isə 2 bəyanat yayımlayıb.
Ermənistan Müdafiə Nazirliyi 24 mart tarixində Qarabağ bölgəsindəki vəziyyətlə bağlı bir bəyanat yayımlayıb.
Rusiya Federasiyası Müdafiə Nazirliyinin Qarabağ münaqişəsi zonasında Rusiya sülhməramlı kontingenti isə martın 24-də 3 dəfə atəşkəsin pozulması və martın 25-də 1 dəfə atəşkəsin pozulması və Azərbaycan tərəfinin Sarıbaba dağı ətrafını nəzarətə götürdüyünü elan edib.
Azərbaycan Müdafiə Nazirliyinin martın 24-də yayımladığı bəyanatlar:
1- Martın 24-də növbəti dəfə Xankəndi-Xəlfəli-Turşsu torpaq yolu ilə qanunsuz hərbi daşımaları icra edən kolonun hərəkəti müəyyən edilib.
Rusiya sülhməramlı kontingentinə məxsus 1 ədəd ZTR-82A döyüş maşını, ermənilərə məxsus 3 ədəd tentli KamAZ və üzərində yanacaq çəni olan 1 ədəd KamAZ avtomobilinin hərəkəti texniki müşahidə vasitələrimiz tərəfindən qeydə alınıb.
Rusiya sülhməramlı kontingenti tərəfindən həyata keçirilən bu cür fəaliyyətlər üçtərəfli Bəyanatın müddəalarının icrası ilə bağlı üzərlərinə düşən vəzifə borclarının yerinə yetirilməməsidir.
Vəzifə və öhdəliklərinin əksinə olaraq Azərbaycanın Qarabağ iqtisadi rayonunda fəaliyyət göstərən qeyri-qanuni erməni dəstələri üçün canlı qüvvə, silah-sursat, mina, eləcə də digər maddi-texniki təminat vasitələrinin daşınmasını müşayiət etməklə sərbəst hərəkətinə şərait yaradılması əldə edilmiş razılıqların sülhməramlı kontingent tərəfindən kobud şəkildə pozulması deməkdir. Belə hallara dərhal son qoyulmalıdır.
Mütəmadi baş verən bu kimi qeyri-qanuni fəaliyyətlər Laçın yolunun Azərbaycan-Ermənistan sərhədinin son nöqtəsində Azərbaycan tərəfindən sərhəd-keçid və nəzarət məntəqəsinin qurulmasının zəruri olduğunu göstərir.
2- Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində fəaliyyət göstərən qeyri-qanuni erməni silahlı birləşmələri qanunsuz fəaliyyətlərini davam etdirir.
Qeyri-qanuni erməni silahlı birləşmələrinin döyüş mövqelərinə hərbi daşımaların həyata keçirilməsi məqsədilə mühəndis və xüsusi texnikanın cəlb edilməsilə Xankəndi-Xəlfəli-Turşsu yolundan şimalda keçən yeni Xankəndi-Kosalar-Mirzələr-Turşsu yolunun çəkilməsi müəyyən edilib.
Ermənistan tərəfinin Azərbaycanın Qarabağ iqtisadi rayonunda qanunsuz fəaliyyətlər həyata keçirməklə üçtərəfli Bəyanatın müddəalarını kobud şəkildə pozması, eləcə də sülhməramlı kontingentin üzərinə düşən vəzifə borcunu yerinə yetirməməsi bölgədə gərginliyin artmasına zəmin yaradır.
Bildiririk ki, bu kimi təxribatlar və qanunsuz fəaliyyətlər nəticəsində baş verə biləcək tələfata görə bütün məsuliyyət rəsmi İrəvanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.
3- Martın 24-ü axşam saatlarında Ordumuzun Azərbaycan-Ermənistan şərti sərhədində və Qarabağ iqtisadi rayonunda yerləşən mövqeləri bir neçə dəfə atəşə tutulub.
Ermənistan silahlı qüvvələrinin bölmələri müxtəlif çaplı atıcı silahlardan istifadə etməklə Azərbaycan-Ermənistan şərti sərhədinin müxtəlif istiqamətlərində yerləşən mövqelərindən Azərbaycan Ordusunun üzbəüz mövqelərini atəşə tutub.
Bundan başqa Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstəsinin üzvləri tərəfindən Ordumuzun Xocavənd rayonu istiqamətində yerləşən mövqeləri də atəşə məruz qalıb.
Bölmələrimiz tərəfindən adekvat cavab tədbirləri görülüb.
Ermənistan Müdafiə Nazirliyinin 24 mart tarixində yayımladığı bəyanat:
Azərbaycan Müdafiə Nazirliyi növbəti dəfə dezinformasiya yayır. Azərbaycan Müdafiə Nazirliyinin martın 24-də axşam saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələrinin Ermənistan-Azərbaycan dövlət sərhədinin bir neçə istiqamətində yerləşən Azərbaycan mövqelərini atəşə tutması ilə bağlı yaydığı məlumat həqiqətə uyğun deyil.
Azərbaycan Müdafiə Nazirliyinin martın 25-də yayımladığı bəyanatlar:
1- Son günlər Ermənistandan Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri üçün canlı qüvvə, silah-sursat, mina, eləcə də digər hərbi təyinatlı vasitələrin daşınması intensivləşib. Bu daşımalar, xüsusilə gecə vaxtı və dumanlı hava şəraitindən istifadə etməklə həyata keçirilir.
Qeyri-qanuni erməni silahlı dəstələri tərəfindən bəzi dağlıq və torpaq ərazilərdən keçməklə bir neçə marşrut üzrə yeni yolların çəkilməsi, həmçinin köhnə cığırların genişləndirilməsi üzrə işlər həyata keçirilir. Bu məqsədlə, hərbi, mühəndis və xüsusi texnikadan, habelə işçi qüvvəsi kimi müqaviləli əsasda hərbi xidmətə cəlb olunmuş şəxslər və yerli sakinlərdən istifadə olunur.
Son bir neçə gündə Xankəndi-Xəlfəli-Turşsu və bu marşrutdan şimalda keçən Xankəndi-Kosalar-Mirzələr-Turşsu yollarında ermənilər tərəfindən qeyri-qanuni tikinti və təkmilləşdirmə işlərinin intensivləşməsi Azərbaycan Ordusunun texniki müşahidə vasitələri ilə qeydə alınıb. Bu yollardan həmçinin qeyri-qanuni erməni silahlı dəstələrinin döyüş mövqelərinin təminat və təchizatını həyata keçirmək üçün istifadə olunur.
Azərbaycan tərəfinin çoxsaylı müraciətlərinə və bu xüsusda aparılmış müzakirələrə baxmayaraq silah-sursat və digər hərbi təyinatlı vasitələrin daşınmasının qarşısının alınması üçün bu günədək heç bir zəruri tədbir görülməmişdir.
Yaranmış vəziyyət nəzərə alınaraq Laçın yolunun şimalındakı torpaq yollarından qeyri-qanuni fəaliyyətlər üçün istifadənin, eləcə də Ermənistan tərəfindən silah-sursat daşımaqla vəziyyətin gərginləşməsinin və potensial təxribatların törədilməsinin qarşısının alınması məqsədilə Azərbaycan Ordusunun bölmələri tərəfindən lokal zəruri nəzarət tədbirləri həyata keçirilib.
2- Martın 25-i günorta saatlarında Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstəsinin üzvləri Füzuli rayonunun Yuxarı Veysəlli yaşayış məntəqəsi istiqamətində kənd təsərrüfatı işləri adı altında səngərin mühəndis cəhətdən hazırlanması məqsədilə qazıntılar aparmağa cəhd göstərib.
Bölmələrimiz tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində aparılan işlər dərhal dayandırılıb.
Rusiya Federasiyası Müdafiə Nazirliyinin Qarabağ münaqişəsi zonasında Rusiya sülhməramlı kontingentinin 24 mart tarixində yayımladığı bəyanat:
Rusiya Federasiyası Müdafiə Nazirliyinin Dağlıq Qarabağ münaqişəsi zonasında Rusiya sülhməramlı kontingentinin fəaliyyəti haqqında məlumat bülleteni (24 mart 2023-cü il tarixinə)
Rusiya sülhməramlı kontingenti Dağlıq Qarabağ ərazisində tapşırıqları yerinə yetirməkdə davam edir.
Otuz müşahidə məntəqəsində Rusiya sülhməramlıları gecə-gündüz vəziyyətə nəzarət edir və atəşkəs rejiminə əməl olunmasına nəzarət edirlər.
Martuni rayonunda 3 atəşkəs pozuntusu qeydə alınıb. Ölən və yaralananlar olmayıb. Rusiya sülhməramlı kontingentinin qüvvələri bu faktı araşdırır.
Mardakert, Martuni rayonları və Laçın dəhlizində üç marşrut xətti üzrə patrul xidməti həyata keçirilib.
Humanitar yük daşıyan karvan QORİS – STEPANAKERT marşrutu üzrə müşayiət olunub.
STEPANAKERT-də aztəminatlı və çoxuşaqlı ailələrə ərzaq bağlamalarının paylanması məqsədilə humanitar aksiya keçirilib.
Rusiya sülhməramlı kontingentinin mühəndis-istehkamçı qrupları obyektlərin və ərazilərin minalardan təmizlənməsini davam etdirir. Gün ərzində 0,5 hektar ərazi təmizlənib.
Ümumilikdə, 23 noyabr 2020-ci il tarixindən indiyədək 2522 hektar ərazi, 689,5 km yol, 1940 bina partlamamış mina və mərmilərdən təmizlənib, 26 779 partlayıcı obyekt aşkar edilərək zərərsizləşdirilib.
Rusiya sülhməramlılarının təhlükəsizliyini təmin etmək və baş verə biləcək insidentlərin qarşısını almaq üçün Azərbaycan və Ermənistan silahlı qüvvələrinin baş qərargahları ilə davamlı qarşılıqlı əlaqə saxlanılır.
24.03.2023 (19:00)
Rusiya Federasiyası Müdafiə Nazirliyinin Qarabağ münaqişəsi zonasında Rusiya sülhməramlı kontingentinin 25 mart tarixində yayımladığı bəyanat:
Rusiya Federasiyası Müdafiə Nazirliyinin Dağlıq Qarabağ münaqişəsi zonasında Rusiya sülhməramlı kontingentinin fəaliyyəti haqqında məlumat bülleteni (25 mart 2023-cü il tarixinə)
Rusiya sülhməramlı kontingenti Dağlıq Qarabağ ərazisində tapşırıqları yerinə yetirməkdə davam edir.
Otuz müşahidə məntəqəsində Rusiya sülhməramlıları gecə-gündüz vəziyyətə nəzarət edir və atəşkəs rejiminə əməl olunmasına nəzarət edirlər.
Atəşkəs rejiminin bir dəfə pozulması Martuni rayonu ərazisində qeydə alınıb. Ölən və yaralananlar olmayıb. Rusiya sülhməramlı kontingentinin qüvvələri bu faktı araşdırır.
2023-cü il martın 25-də Azərbaycan Silahlı Qüvvələrinin bölməsi Azərbaycan Respublikası Prezidentinin, Ermənistan Respublikasının Baş nazirinin və Rusiya Federasiyası Prezidentinin 9 noyabr tarixli bəyanatının 1-ci bəndini pozaraq, 2020-ci il Şuşa rayonu ərazisində qoşunların təmas xəttini keçərək 2054,0 nişanlı hündürlüyü (Sarıbaba dağından 2,9 km şimal-şərqdə) tutub və postun mühəndis avadanlığının işə salınmasına başlanıb.
Rusiya sülhməramlılarının komandanlığı böhranlı vəziyyətin gərginləşməsinin qarşısını almaq və döyüşən tərəflərin qarşılıqlı təxribatlarının qarşısını almaq üçün tədbirlər görür.
Azərbaycan tərəfinə dövlət başçılarının üçtərəfli sazişlərinin müddəalarına əməl olunması, mühəndis-texniki işlərin dayandırılması və milli silahlı qüvvələrin bölmələrinin əvvəllər tutduqları mövqelərə çıxarılması üçün tədbirlərin görülməsinin zəruriliyi barədə məlumat verilib.
Şuşa, Martuni və Mardakert rayonlarında üç marşrut üzrə patrul xidməti həyata keçirilib.
Rusiya sülhməramlı kontingentinin humanitar yük daşıyan karvanı QORİS – STEPANAKERT marşrutu üzrə müşayiət olunub.
Rusiya sülhməramlı kontingentinin mühəndis-istehkamçı qrupları obyektlərin və ərazilərin minalardan təmizlənməsini davam etdirir. Gün ərzində 0,5 hektar ərazi təmizlənib.
Ümumilikdə, 23 noyabr 2020-ci il tarixindən indiyədək 2522,5 hektar ərazi, 689,5 kilometr yol, 1940 bina partlamamış mina və mərmilərdən təmizlənib, 26779 partlayıcı obyekt aşkar edilərək zərərsizləşdirilib.
Rusiya sülhməramlılarının təhlükəsizliyini təmin etmək və baş verə biləcək insidentlərin qarşısını almaq üçün Azərbaycan və Ermənistan silahlı qüvvələrinin baş qərargahları ilə davamlı qarşılıqlı əlaqə saxlanılır.
25.03.2023 (19:00)
Rəy