İmam Xamenei Novruz bayramı münasibəti ilə çıxış edib + FOTO və VİDEO
“İslam Dünyası Xəbərləri” informasiya agentliyi khamenei.ir saytına istinadən xəbər verir ki, İmam Xamenei Novruz bayramının gəlişi və İranda yeni ilin başlaması münasibətilə müqəddəs Məşhəd şəhərində yerləşən İmam Rzanın (ə) hərəmində çıxış edib.
İmam Xamenei çıxışının əvvəlində deyib: “Novruz bayramında il təhvil olunarkən, duada oxuyuruq: “Ey halları dəyişdirən Allah! Bizim halımızı yaxşılığa doğru dəyiş”. İnsan özündə dəyişiklik etmək istəyirsə, gərək bunun üçün ciddi addımlar atsın. Eyni zamanda, bunu Allahdan da istəmək lazımdır. Nəyin dəyişilməsini istəmək daha da mühümdür. Dəyişiklik deyərkən məqsəd budur ki, eyblər aradan qaldırılsın və üstün cəhətlər daha da inkişaf etdirilsin”.
İran İslam İnqilabının Ali Dini Lideri əlavə edib: “İslam inqilabının və İran xalqının daxili istehkamı olduqca güclüdür. Bu bizim üstün cəhətlərimizdən biridir. Xalqın Allaha olan imanı və mənəviyyatı buna səbəb olmuşdur. Bu xalq, on illərdir ki, düşmənin zəncirvari düşmənçiliyinə qalib gəlmişdir. Müharibələri, siyasi-iqtisadi təzyiqləri və təhlükəsizlik sahəsində olan başqa addımları, bu düşmənçiliyə misal göstərmək olar. Misli görülməyən bu düşmənçiliklərin qarşısında, yalnız İran xalqı dayana bilib”.
İmam Seyid Əli Hüseyni Xamenei Avropa ölkələri ilə əlaqələr barədə bildirib: “Bizim Avropa ilə olan əlaqələrimiz zəifləsə də, region ölkələri və Asiya ilə olan əlaqələrimiz çox güclənib. Biz, bu əlaqələri daha da gücləndirəcəyik. Həmçinin, Avropa ilə olan əlaqələri də tamamilə kəsmək niyyətində deyilik. Əgər, hansısa bir avropa ölkəsi, kor-koranə şəkildə Amerikanın əmrlərinə tabe olmasa, biz onlarla olan əlaqələrimizi daha da genişləndirə bilərik”.
O, İrandakı iqtisadi vəziyyətlə əlaqədar vurğulayıb: “Ölkəmizdə “iqtisadi ədalət” prinsipi hələki tam şəkildə bərqərar olmayıb. “İqtisadiyyatın dövlətin əlində olması “iqtisadi ədaləti” bərqərar edəcək” düşüncəsi tamamilə yalnışdır. Çünki biz bunun tam əksini təcrübə etmişik. Bu səbəbdən də, iqtisadiyyatı xalqın öhdəsinə buraxmaq və buna nəzarəti artırmaq lazımdır. Başqa eybimiz isə, iqtisadiyyatı neftdən asılı etməyimizdir. İqtisadiyyatın neftdən asılılığını azaltmalı, qeyri-neft sektoruna güc verməli və ixracatı artırmaq lazımdır. Hazırki dövlət hakimiyyətinin əsas vəzifələrindən biri də budur. Eyni zamanda, dolları da iqtisadi əlaqələrin arasından götürmək lazımdır”.
İmam Xamenei əlavə edib: “Düşmənin gördüyü işlərdən biri də, xalqda olan üstün cəhətləri zəiflədib, zəif cəhətləri çoxaltmaqdır. İlk öncə xalqın üstün cəhətlərini tanımaq və onları gücləndirmək lazımdır. “Nas” surəsində qeyd olunan “vəsvəsə edənlər”, həqiqətləri xalqa olduğu kimi çatdırmayan muzdur təbliğatçılardır. Düşmənin əsas hədəflərindən biri də budur ki, bu vəsvəsə edənlərin vasitəsilə cavanları gələcəyə ümidsiz etsin. “Ümidsizlik”, dalana dirənmək deməkdir… Cəmiyyətdə ümid yaradın. Ümid yaratmaq özünü aldatmaq deyil. Kənarında zəif cəhətlər də qeyd olunsun. Amma inkişaf üçün gələcəyə ümid lazımdır”.
Ali Dini Lider bildirib: “ABŞ məntəqədən çıxmalıdır. Çünki məntəqədə qaldıqca, yerli xalqların nifrətini daha çox qazanır. Necə ki, Əfqanıstanda olduqları 20 il müddətində xalqa zülm etdilər və sonra isə oranı tərk etmək məcburiyyətində qaldılar”.
İmam Xamenei müqavimət cəbhəsi və Ukrayna müharibəsi ilə əlaqədar deyib: “Açıq şəkildə elan edirik ki, biz müqavimət cəbhəsini dəstəkləyirik! Düşmən yalandan iddia edir ki, biz Ukrayna müharibəsində birbaşa iştirak edirik. Amma biz isə, bu iddianı qəti şəkildə rədd edirik. Ukrayna müharibəsini Amerika ərsəyə gətirdi və hal-hazırda bu müharibədən ən çox faydalanan da məhz Amerikadır. Çarəsiz Ukrayna xalqı problemlərlə üzləşdiyi halda, Amerikanın silah istehsal edən zavodları öz xeyirlərini güdürlər. Buna görə də müharibənin dayandırılması üçün heç bir addım atmırlar. Həmçinin, müharibəni dayandıra biləcək amillərin də qarşısını alırlar”.
Rəy