Əliyevin Türkiyəyə səfərinin təfərrüatı + FOTO və VİDEO
“İslam Dünyası Xəbərləri” informasiya agentliyi Azərbaycan Prezidentinin rəsmi saytına istinadən xəbər verir ki, Prezident Əliyev Türk Dövlətləri Təşkilatının Dövlət Başçılarının Fövqəladə Zirvə görüşündə iştirak etmək üçün martın 15-də Türkiyəyə səfər edib.
O, Ankaranın Esenboğa hava limanında rəsmi şəxslər tərəfindən qarşılandı.
Əliyevin martın 15-də Ankarada Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə görüşü olub.
Türk Dövlətləri Təşkilatının Dövlət Başçılarının Fövqəladə Zirvə görüşünün məhz Türkiyədə keçirilməsi təşəbbüsünün Azərbaycan Prezidentinə aid olduğunu deyən Türkiyə dövlətinin başçısı bu təşəbbüsə görə təşəkkürünü bildirdi.
Türk Dövlətləri Təşkilatının bu formatda keçirilən sammitlərinin əhəmiyyəti qeyd edildi, Zirvə görüşünün Türkiyədə baş vermiş zəlzələnin nəticələrinin aradan qaldırılması mövzusuna həsr olunmasının önəmi vurğulandı.
Rəcəb Tayyib Ərdoğan Türkiyədə baş verən dəhşətli zəlzələdən dərhal sonra Azərbaycanın göstərdiyi qardaşlıq dəstəyini və nümayiş etdirdiyi həmrəyliyi bir daha minnətdarlıqla xatırladı. Türkiyə Prezidenti Azərbaycandan olan xilasedicilərin və həkimlərin zəlzələ bölgəsində səylərini, həmçinin təbii fəlakətin nəticələrini aradan qaldırmaq üçün Azərbaycanın humanitar yardımlarını qeyd etdi.
Zəlzələ ilə bağlı bir daha başsağlığını çatdıran Əliyev təbii fəlakətin Azərbaycan xalqını dərindən sarsıtdığını dedi.
Görüşdə iki ölkə arasında qardaşlıq və dostluq münasibətlərinin bir millət, iki dövlət prinsipinə uyğun olaraq bütün sahələrdə uğurla inkişaf etdiyi vurğulandı, siyasi, iqtisadi, ticarət, enerji, müdafiə, müdafiə sənayesi sahələrində əməkdaşlığın daha da genişləndirilməsi və regional məsələlər müzakirə olundu.
Həmçinin söhbət zamanı Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması və sülh müqaviləsi üzrə danışıqlar prosesi barədə fikir mübadiləsi aparıldı.
Əliyevin təşəbbüsü ilə martın 16-da Ankarada Türk Dövlətləri Təşkilatının Dövlət Başçılarının Fövqəladə Zirvə görüşü keçirilib. O, bu tədbirdə iştirak edib.
Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğan Əliyevi, digər dövlət və hökumət başçılarını qarşıladı.
Sammitin açılışında çıxış edən Ərdoğan Türkiyədə baş verən zəlzələdən sonra “Fəlakət – Fövqəladə halların idarə edilməsi və humanitar yardım” mövzusunda Fövqəladə Zirvə görüşünün keçirilməsi təşəbbüsünə görə Əliyevə minnətdarlığını ifadə edərək dedi: “Zirvə görüşünün keçirilməsi çağırışı ilə çıxış edən Can Azərbaycanın Prezidenti cənab İlham Əliyevə şəxsən öz adımdan və millətim adından təşəkkürlərimi bildirirəm”.
Ankara Sammitində türkdilli ölkələr arasında iqtisadi əlaqələrin inkişafına mühüm töhfə verəcək qərarların qəbul olunacağını vurğulayan Ərdoğan bu baxımdan Türk İnvestisiya Fondunun yaradılmasına dair qərarı xüsusi qeyd etdi. O, bu Fondun üzv ölkələr arasında infrastruktur, nəqliyyat, kənd təsərrüfatı, turizm, alternativ enerji və digər sahələrdə əməkdaşlığın daha da inkişafına mühüm töhfə verəcəyini bildirdi.
Xəzər hövzəsində Türk dünyası ölkələri ilə neft, təbii qaz və elektrik enerjisi sahələrində irimiqyaslı layihələrin birlikdə uğurla həyata keçirildiyini vurğulayan Ərdoğan dedi: “Bakı-Tbilisi-Ceyhan boru kəməri 16 ildir Azərbaycan, Türkmənistan və Qazaxıstan neftini dünya bazarlarına fasiləsiz çatdırır. Onurğa sütununu TANAP-ın təşkil etdiyi Cənub Qaz Dəhlizi sayəsində Türk dövlətləri Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayırlar”.
Sonra Türk Dövlətləri Təşkilatına sədrlik edən Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev çıxış edib.
Türkiyədə baş vermiş dağıdıcı zəlzələnin törətdiyi fəsadlar və edilən humanitar yardımlar barədə videoçarx nümayiş olundu.
Təbii fəlakət nəticəsində həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Sonra Türkmənistan Parlamenti Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov çıxış edib.
Sonra İlham Əliyev Fövqəladə Zirvə görüşündə çıxış etdi.
Prezident çıxışında Türkiyədə baş vermiş zəlzələnin törətdiyi fəsadların onu və Azərbyacan xalqını kədərləndirdiyini bildirib.
Əliyev Azərbaycanın Türkiyəyə humanitar yardımlarından danışıb.
O, Türkiyənin 2020-ci ildəki ikinci Qarabağ müharibəsində Azərbaycana dəstəklərini və 2021-ci ilin iyununda Şuşada Türkiyə ilə imzalanmış Şuşa bəyannaməsini vurğulayıb.
Əliyev birinci Qarabağ müharibəsi zamanı Ermənistan tərəfinin etdiyi hərəkətlərdən danışıb.
Prezident Ermənistan tərəfinin imzaladığı müqavilələrə əks olaraq hərək etdiyini vurğulayaraq dedi: “2022-ci ildə Praqa və Soçidə Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tanımasına baxmayaraq, hələ də öz qoşunlarını tam olaraq Azərbaycan ərazilərindən çıxarmamışdır. Qarabağda qanunsuz erməni dəstələri və kriminal ünsürlər qalmaqdadır. Ermənistan həm də Zəngəzur dəhlizinin açılması öhdəliyindən yayınır. Beləliklə, Ermənistan 2020-ci il noyabrın 10-da imzalanmış Bəyanatı kobudcasına pozur və buna görə məsuliyyət daşımalıdır”.
Əliyev “Böyük Qayıdış” adlı proqrama əsasən qaçqınların postmüharibə dövründə yenidənqurma proseslərinin davam etdiyini bildirdi.
Postmüharibə dövründə yenidənqurma proseslərində Türkiyə şirkətləri ilə kontraktların dəyərinin 3 milyard dollardan çox olduğunu Əliyev öz çıxışında bəyan etdi.
O, öz çıxışında dünyadakı azərbaycanlıların sayı ilə əlaqədar dedi: “Hörmətli həmkarlar, Türk dünyası türk dövlətlərinin hüdudları ilə məhdudlaşmır. Türk dünyası daha böyük coğrafiyanı əhatə edir. Dünyada yaşayan azərbaycanlıların sayı 50 milyondan çoxdur. Onlardan cəmi 10 milyonu müstəqil Azərbaycan Respublikasında yaşayır”.
Əliyev nitqində tarixən hazırdakı Ermənistanın bəzi ərazisinin Azərbaycana məxsus olduğunu vurğulayaraq qeyd etdi: “Tarixi torpağımız olan Qərbi Zəngəzurun 1920-ci ilin noyabr ayında sovet hökumətinin qərarı ilə Azərbaycandan ayrılıb Ermənistana verilməsi Türk dünyasının coğrafi cəhətdən ayrılmasına səbəb olmuşdur. 1991-ci ilə qədər bütün azərbaycanlılar indiki Ermənistan ərazisindən zorla qovulmuşdur. Ermənistan Qarabağda və Şərqi Zəngəzurda olduğu kimi, indiki Ermənistan ərazisində, yəni, Qərbi Azərbaycanda da mədəni irsimizi, məscidləri, tarixi abidələrimizi dağıtmışdır. Azərbaycan ictimaiyyəti dəfələrlə UNESCO-ya indiki Ermənistanda Azərbaycan xalqının mədəni irsinin monitorinq edilməsi məqsədilə bu ölkəyə faktaraşdırıcı missiyanın göndərilməsi xahişi ilə müraciət etmişdir və UNESCO-dan müsbət cavab gözləyir”.
Bəzi həmvətənlərimizin hüquqlarının pozulmasına toxunan Əliyev əlavə edib: “Qərbi Azərbaycanda etnik təmizləməyə məruz qalan həmvətənlərimiz indi Qərbi Azərbaycan İcmasında birləşiblər. Onlar tarixi torpaqlara sülh yolu ilə qayıdışı qarşılarına məqsəd qoyublar. Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasına əsasən, indiki Ermənistan ərazisindən zorla deportasiya olunmuş azərbaycanlıların öz yurdlarına qayıdışı üçün müvafiq verifikasiya və zəmanət mexanizmi olan və hüquqi baxımdan məcburi olan beynəlxalq razılaşma əldə edilməlidir”.
Əliyev çıxışının sonunda Ermənistan tərəfini öz vəzifələrinə əməl etməsinə çağıraraq bildirib: “Biz Azərbaycan dövləti olaraq Qarabağda yaşayan erməni sakinlərin fərdi hüquq və təhlükəsizliyini təmin edəcəyimiz kimi, Ermənistan da qarşılılıq prinsipi əsasında Qərbi azərbaycanlıların hüquq və təhlükəsizliyini təmin etməlidir”.
Sonra Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev çıxış edib.
Sonra Qırğızıstan Prezidenti Sadır Japarov çıxış edib.
Sonra Macarıstanın Baş naziri Viktor Orban çıxış edib.
Şimali Kiprin Prezidenti Ersin Tatar çıxış edib.
Sonra Türk Dövlətləri Təşkilatının Ağsaqqallar Şurasının sədri və Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının sədr müavini Binəli Yıldırım, Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömürəliyev çıxış etdilər.
Zirvə görüşünə yekun vuran Özbəkistan Prezidenti Şavkat Mirziyoyev sammitdə qəbul olunan qərarların iştirakçı ölkələr arasında əməkdaşlığın inkişafına yeni töhfələr verəcəyinə əminliyini bildirdi.
Sonda Ankara Bəyannaməsi və mülki müdafiə mexanizminin qurulmasına dair Protokol imzalandı.
Qeyd edək ki, bu tədbirin Şuşada keçirilməsi nəzərdə tutulmuşdu. Lakin Türkiyədə baş vermiş zəlzələ ilə əlaqədar Əliyev qardaş ölkəyə dəstək məqsədilə Zirvə görüşünün Ankarada keçirilməsi təklifi ilə çıxış edib. Digər iştirakçı ölkələrin rəhbərləri ilə razılaşdırıldıqdan sonra bununla bağlı müvafiq qərar qəbul olunub.
Rəy