İran, Çin və Rusiya arasında birgə hərbi dəniz təlimi + FOTO və VİDEO
“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, İran, Çin və Rusiya arasında Oman dənizi və Hind okeanının şimalında “Dəniz təhlükəsizlik kəməri” adı altında ortaq dəniz təlimi keçirilib.
İran, Çin və Rusiyanın dəniz quldurları ilə mübarizə və Oman dənizi və Hind okeanının şimalında iştirakçı qüvvələr arasında hazırlıq və koordinasiya səviyyəsinin yüksəldilməsi məqsədi ilə martın 15-də “Dəniz təhlükəsizlik kəməri” adı altında başlayıb.
İslam İnqilabı Keşikçiləri Korpusunun Hərbi Dəniz Qüvvələri, İran İslam Respublikası Ordusu, Rusiya Hərbi Dəniz Qüvvələri və Çin Hərbi Dəniz Qüvvələrinin iştirakı ilə keçirilən bu təlimdə real hərbi əməliyyat simulyasiya edilib və bu təlim zamanı üç ölkə öz koordinasiya səviyyələrini nümayiş etdirib. Xüsusilə də bölgənin sabitliyini hədəfləyən hər hansı bir hərəkətə cavab verməyə tam hazır olduqlarını vurğulayıblar.
Bu təlimin sözçüsü admiral Mustafa Tac Əd-Dini deyib: “Bu təlimin ən mühüm məqsədləri Hind okeanının şimalında təhlükəsizlik səviyyəsini yüksəltmək, dəniz quldurluğu və dəniz terrorizmi ilə mübarizə aparmaqdır və onun mühüm mesajı sülh, dostluq və bu regionda sabit təhlükəsizliyin yaradılmasıdır”.
Bununla bağlı Rusiya Hərbi Dəniz Qüvvələrinin komandanı Oleq Qladqi bildirib ki, üç ölkə arasında keçirilən bu təlim bölgənin təhlükəsizliyini təmin etmək və orada mövcud olan qüvvələrə dəstək verməkdir.
Çin Hərbi Dəniz Qüvvələrinin komandanı Çjou Maişi də bildirib ki, İran və Rusiya ilə birlikdə bu təlimdə iştirak etməkdən xoş təəssürat keçiririk və ümid edirik ki, bu təlim gələcək illərdə də davam edəcək. O əlavə edib ki, önəmli olan üç dəniz donanmasının burada təlimlər keçirməsidir.
Nəhayət, martın 18-də 2023-cü il dəniz təhlükəsizlik kəməri kompozit təlimi İran İslam Respublikasının “Camaran” esminesinin qarşısında təlimdə iştirak edən suüstü üzən bölmələrin dəniz paradı ilə başa çatıb.
Qeyd edək ki, İran İslam Respublikası artıq dördüncü dəfədir ki, iki böyük dünya gücü olan Rusiya və Çinlə birgə dəniz təlimi keçirir. Görünən odur ki, adı çəkilən üç ölkə dəniz təhlükəsizliyi baxımından bir çox problemlərlə üzləşən regionda hərbi əməkdaşlıqda yeni tənlik qurur. Həmçinin bəzi hərbi analitiklər hesab edir ki, Hind okeanının şimalında keçirilən təlimlər regionda təhlükəsizlik və sabitliyi hədəfləyən koalisiyaların qarşısında yeni hərbi blok yaradacaq.
Rəy