Suriya Prezidenti Bəşər Əsəd Rusiyaya rəsmi səfər edib
“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, Suriya prezidenti Rusiyanın paytaxtı Moskvaya rəsmi səfəri zamanı bu ölkənin prezidenti ilə görüşüb və söhbət edib.
Suriya prezidenti Bəşər Əsəd martın 15-də Kreml sarayında Rusiya prezidenti Vladimir Putinlə görüşüb və bəzi məsələləri müzakirə edib.
Bu görüşdə Bəşər Əsəd Suriyanın Ukrayna müharibəsində Rusiyaya dəstəyini vurğuladı və dedi ki, bu, mənim Ukrayna müharibəsindən sonra Rusiyaya ilk səfərimdir və mən Dəməşqin Qərbin dəstəklədiyi nasizmlə müharibədə Moskvaya dəstəyini bir daha təkrar edirəm. Suriya xalqı Rusiya hökumətinə və xalqına Suriyanın suverenliyi və ərazi bütövlüyünə hörmətlə bağlı öhdəliklərinə görə minnətdardır.
Əsəd dedi:
“Rusiyaya son zəlzələ ilə mübarizədə göstərdiyi köməyə görə, xüsusən də zəlzələdən zərərçəkənlərə yardımda səmərəli rol oynamış bu ölkənin Müdafiə Nazirliyinə və ordusuna təşəkkür edirəm. Bu gün dünyaya tarazlığı qaytarmaq lazımdır, əks halda dünya partlayışa, qana, dağıntıya doğru gedəcək. Bu gün biz Rusiya və Suriya arasında birgə komitənin işinin nəticələrindən razıyıq və mənim bugünkü səfərim Rusiya ilə münasibətlərin yeni mərhələsinin başlanğıcı olacaq”.
Vladimir Putin bu görüşdən məmnunluğunu ifadə edərkən dedi ki, biz daim təmasdayıq və iki ölkə arasında münasibətlərdə böyük irəliləyişin şahidi oluruq. Təəssüf ki, Suriya xalqı zəlzələ fəlakətinə məruz qaldı və bu, onların iztirablarını daha da artırdı. Sadiq dostlar olaraq, bu əzabın aradan qaldırılması üçün əlimizdən gələni edirik.
Putin dedi:
“İki ölkə arasında birgə səylər və Rusiya silahlı qüvvələrinin Suriyada həlledici iştirakı sayəsində terrorizmlə mübarizədə mühüm nəticələr əldə edilib. Bu, daxili sosial, iqtisadi və siyasi vəziyyəti sabitləşdirməyə imkan verir. İki ölkə arasında əlaqələr daim inkişaf edir və ticarət mübadiləsinin həcmi də artır”.
Qeyd edək ki, Suriya prezidenti Bəşər Əsəd martın 14-də yüksək səviyyəli nümayəndə heyəti ilə Moskvaya rəsmi səfər edib. Putinin xüsusi nümayəndəsi, Rusiya xarici işlər nazirinin müavini Mixail Boqdanov və Rusiyanın Dəməşqdəki səfiri Aleksandr Yefimov və Suriyanın Moskvadakı səfiri Bəşər Əl-Cəfəri Suriya prezidenti Bəşər Əsədi qarşılayıb.
Rəy