NATO planları Azərbaycanda icra olunmaqdadır + FOTO
“İslam Dünyası Xəbərləri” informasiya agentliyi Azərbaycan Müdafiə Nazirliyinin rəsmi platformasına istinadən xəbər verir ki, Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov, martın 9-da Azərbaycanda rəsmi səfərdə olan NATO-nun Quru Qoşunları Komandanlığının qərargah rəisi general-leytenant Mustafa Oğuz ilə görüşüb.
NATO nümayəndəsi əvvəlcə Şəhidlər xiyabanını ziyarət edib, şəhidlər üzərinə gül dəstələri qoyaraq, ehtiram nümayiş etdirib.
Sonra Müdafiə Nazirliyində general-polkovnik Z.Həsənovla görüş keçirilib.
Müdafiə naziri əvvəlcə Türkiyədə baş verən güclü zəlzələ nəticəsində həlak olanların yaxınlarının dərdlərinə şərik olduğunu qeyd edib və Azərbaycanın hər zaman Türkiyənin yanında olduğunu xüsusi ilə vurğulayıb.
Sonra Z.Həsənov Azərbaycan Ordusunda aparılan islahatlar, azad edilən ərazilərdə görülən işlər, eləcə də Azərbaycan-Ermənistan şərti dövlət sərhədi və Qarabağ iqtisadi rayonundakı cari vəziyyət barədə NATO nümayəndəsini məlumatlandırıb.
NATO ilə əməkdaşlıqda əldə edilən uğurlardan danışan müdafiə naziri, qarşılıqlı əlaqələrin bundan sonra da inkişaf etdirilməsinin vacibliyini qeyd edib.
NATO nümayəndəsi öz növbəsində zəlzələdən sonra göstərilən dəstəyə görə, Azərbaycana öz təşəkkürünü bildirib.
Daha sonra Azərbaycan ilə əməkdaşlığın cari vəziyyətindən danışan NATO-nun Quru Qoşunları Komandanlığının qərargah rəisi, bu sahədə əldə edilən müsbət nəticələrdən məmnunluğunu ifadə edib.
Görüşdə Azərbaycan-NATO hərbi əməkdaşlığının, Əməliyyat İmkanları Konsepsiyası çərçivəsində xüsusi əhəmiyyət kəsb etdiyi qeyd olunub.
Sonda isə ikitərəfli əlaqələrin inkişaf perspektivləri, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlər barəsində ətraflı fikir mübadiləsi aparılıb.
Rəy