Qarabağda atəşkəs pozulub, hər iki tərəfdən itkilərin olduğu bildirilir + FOTO

Bazar 5 Mart 2023 - 17:41
https://az.iswnews.com/?p=19575

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, Azərbaycan Müdafiə Nazirliyi Azərbaycan və Ermənistan qüvvələri arasında silahlı atışmanın baş verdiyi barədə məlumat yayımlayıb.

“Martın 5-də səhər saatlarında Xankəndi-Xəlfəli-Turşsu torpaq yolundan istifadə edilməklə qanunsuz hərbi daşınmalar həyata keçirən nəqliyyat vasitələrinin Azərbaycan Ordusunun bölmələri tərəfindən saxlanılaraq yoxlanılmasına cəhd göstərilib. Qarşı tərəfdən atəş açılıb və baş vermiş atışma nəticəsində hər iki tərəfdən həlak olan və yaralananlar var”.
Məlumatı Azərbaycan Müdafiə Nazirliyi yayıb.

Nazirlik bildirib ki, Rusiya sülhməramlı kontingentinin komandanlığı hadisə barədə məlumatlandırılıb:
“Bildiririk ki, Qarabağ iqtisadi rayonu ilə Ermənistan arasında yeganə istifadə oluna biləcək avtomobil yolu Xankəndi-Laçın yoludur. Rusiya sülhməramlı kontingentinin komandanlığına bir daha xatırladırıq ki, başqa marşrutlar üzrə hərbi və digər təyinatlı daşınmaların həyata keçirilməsi qəti surətdə yolverilməzdir”.

Müdafiə Nazirliyi hesab edir ki, baş verən insident bir daha Laçın-Xankəndi yolunun üzərində müvafiq nəzarət-keçid məntəqəsinin yaradılmasını zəruri edir:
“Ermənistanın yenə də Azərbaycanın Qarabağ iqtisadi rayonuna hərbi daşınmaları hayata keçirməsi faktı bu ölkənin Azərbaycana qarşı davam edən təcavüzü və terror siyasətidir. Törədilmiş təxribata görə bütün məsuliyyət Ermənistan hərbi-siyasi rəhbərliyinin üzərinə düşür”.

Müdafiə Nazirliyi itkilər barədə konkret məlumat verməyib.

Ermənistan tərəfi nə deyir?

Ermənistan mediası “Dağlıq Qarabağ”ın Daxili İşlər Nazirliyinə istinadən hadisənin Azərbaycanın təxribatı olduğunu iddia edir.

Məlumatda əməliyyat zamanı 3 polis əməkdaşının həlak olması barədə xəbər verilərək bildirilir: “Polkovnik-leytenant Armen Babayan, mayor David Danielyan, leytenant Ararat Qasparyan həlak olub. Leytenant Hovsepyan David Aşotoviç isə döş qəfəsindən güllə yarası alıb. O, tibb mərkəzindədir”.

Qarabağda hadisə yerindən görüntülər.
Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir