İranın xarici işlər naziri Livana səfər edib + FOTO və VİDEO
“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, İran İslam Respublikasının Xarici İşlər Naziri Livana səfəri zamanı bir sıra Livan və Fələstin rəsmiləri və şəxsiyyətləri ilə görüşüb və onlarla söhbət edib.
İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian Livan və Fələstin rəsmiləri və şəxsiyyətləri ilə görüşmək üçün yanvarın 12-də Livanın paytaxtına səfər edib.
Beyruta daxil olduqdan sonra o, Livanda olmaqdan məmnunluğunu ifadə edərək deyib:
“Mən məmnunam ki, Beyrutda dost və qardaş olan bu ölkə rəsmiləri ilə danışmaq və məsləhətləşmək imkanım var. Beyruta səfərim Livan Respublikasının Xarici İşlər Nazirinin rəsmi dəvəti çərçivəsində ikitərəfli, regional və beynəlxalq məsləhətləşmələr, o cümlədən Fələstindəki son hadisələrlə bağlı məsləhətləşmələr aparmaq məqsədi ilə həyata keçirilir. İran İslam Respublikası Livanda xalqa, hökumətə, orduya və müqavimətə güclü dəstək verməkdə davam edir.
Abdullahian Livanın xarici işlər naziri Abdullah Buhəbib ilə görüşüb və ikitərəfli, regional və beynəlxalq məsələləri müzakirə edib. O, Livanın xarici işlər naziri ilə birgə mətbuat konfransında deyib:
“İran sionistlərin təhdid və təcavüzlərinə qarşı Livan və Fələstin müqavimətini dəstəkləyir. İran Livandakı bütün siyasi qrupların prezident boşluğunu aradan qaldırmaq üçün həll yoluna nail olmaq səylərini dəstəkləyir və alqışlayır”.
Bu görüşdən sonra İranın xarici işlər naziri Livanın baş naziri Nəcib Miqati ilə regional və ikitərəfli məsələləri müzakirə edib. Abdullahian bu görüşdə deyib:
“İran İslam Respublikası Livanın çətin günlərinin dostu olub və olacaq. Livana son səfərim zamanı biz Livan xalqının iqtisadi əziyyətini azaltmaq üçün razılığa gəldik və mən xoşbəxtəm ki, bu razılaşma irəliləyiş əldə etdi. Livanın texniki komandası ölkənin yanacağa olan ehtiyacını ödəmək üçün İrana gəlib və biz hər cür yardıma tam hazırıq”.
Həmçinin İranın xarici işlər naziri İranın Livandakı səfirliyində Fələstin İslami Cihad Hərəkatının baş katibi Ziad Nəxxalə ilə görüşüb və söhbət edib. Bu görüşdə bölgədəki müqavimət fəaliyyətinin, o cümlədən Fələstindəki müqavimətin son vəziyyəti müzakirə edilib.
Livana səfərini davam etdirən Hüseyn Əmir Abdullahian Livan Hizbullahının baş katibi Seyid Həsən Nəsrullah ilə görüşüb və söhbət edib. İran İslam Respublikasının Livandakı səfiri Müctəba Əmaninin və xarici işlər nazirinin heyətinin iştirak etdiyi bu görüşdə Livan və Fələstin başda olmaqla, bölgədəki son hadisələr müzakirə edilib və fikir mübadiləsi aparılıb.
Rəy