Dəraada Suriya əsgərlərinə qarşı hücumlar artıb; İŞİD öz qüvvələrini yeniləyib?
“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, Dəraa vilayətində iki aylıq nisbi sakitlikdən sonra bu əyalətdə naməlum silahlı şəxslərin Suriya ordusu qüvvələrinə qarşı hücumları yenidən başlayıb.
Suriya təhlükəsizlik qüvvələrinin Dəraa vilayətində həyata keçirdiyi silsilə əməliyyatlardan sonra bu əyalətdə təxminən iki ay ərzində nisbi sakitlik müşahidə olunub, çünki Suriya ordusunun əməliyyatları nəticəsində Dəraa şəhərinin Əl-Səd bölgəsindəki silahlı və terrorçu qruplaşmaların əsas mərkəzləri dağıdılıb və komandirləri öldürülüb və ya həbs edilib.
Buna baxmayaraq, Əbu Əl-Hüseyn Əl-Qurəşinin İŞİD-in yeni lideri kimi təyin edilməsindən və Suriyanın cənubuna yeni lider təyin olunmasından sonra bu terror qruplaşması yenidən öz gücünü toplayaraq Dəraa vilayətini Suriyada fəaliyyət göstərdiyi əsas əyalətlərdən birinə çevirib.
Son həftələrdə silahlı ünsürlərin Dəraa vilayətinin müxtəlif bölgələrində hətta təhlükəsiz bölgələrdə də Suriya ordusu qüvvələrinə qarşı hücumları artıb. Bu ərazilərdə İŞİD ünsürlərinin olma ehtimalı daha çoxdur.
Qeyd edək ki, Dəraanın İordaniya və işğal altındakı Qolanla ortaq sərhədi, həmçinin bu vilayətin bəzi təhlükəsiz bölgələrində təşkilatlanma üçün münasib mühit İŞİD ünsürlərinin fəaliyyəti və mövcudluğu üçün əlverişli şərait yaradıb.
Rəy