İŞİD-in Pakistan səfirinə və Siqhizm məzhəbi ardıcıllarına hücumu; Qulbuddin Hikmətyarın ofisinə hücum edən ünsürlər hələ də naməlum olaraq qalır!

Bazar ertəsi 5 Dekabr 2022 - 17:38
https://az.iswnews.com/?p=16187

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, İŞİD terror qruplaşması Pakistanın Kabildəki səfirliyinə qarşı törədilən terror aktları və Cəlalabad şəhərindəki son partlayışa görə məsuliyyəti öz üzərinə götürüb.

Dekabrın 2-də Pakistanın Kabildəki səfirliyinin ətrafındakı binalardan birində gizlənən İŞİD ünsürləri Pakistan səfiri Əbidur Rəhman Nizamaniyə atəş açıblar. Bu hücum Nizamaninin səfirlik binasında gəzərkən həyata keçirilib. Bu sui-qəsd zamanı Pakistan səfirinə heç bir zərər dəyməsə də, Pakistan səfirliyinin təhlükəsizlik əməkdaşlarından biri olan İsrar Məhəmməd yaralanaraq xəstəxanaya aparılıb. Həmçinin, hücum edənlər həmin yerdən qaça biliblər və Taliban Kəşfiyyat Xidməti Pakistan hökumətinin bu hücumu qınamasından və sərt reaksiyasından sonra onların kimliyini və yerini aşkar etməyə çalışıb. Həmçinin Talibanın xarici işlər naziri Moləvi Əmir Xan Müttəqi İslamabada göndərdiyi mesajda Talibanın bundan sonra ölkə səfirliyinin təhlükəsizliyinə xüsusi diqqət yetirəcəyinə söz verib.

Bu uğursuz sui-qəsd cəhdi ilə eyni vaxtda Əfqanıstan İslam Partiyasının lideri Qulbuddin Hikmətyarın Kabilin altıncı rayonundakı ofisinin qarşısında minalanmış avtomobil partladılıb. Bu partlayışın davamında iki hücumçu İman məscidinə daxil olmaq üçün Hikmətyarın mühafizəçiləri ilə toqquşub. Bu qarşıdurma zamanı ikisi silahlı hücumçu olmaqla üç nəfər həlak olub, iki nəfər yaralanıb.
Hələlik heç bir şəxs və ya qrup bu hücuma görə məsuliyyəti üzərinə götürməyib.

Qeyd edək ki, “İman” məscidi “Əfqanıstan İslam Partiyası” təşkilatının ofisinin və bu partiyanın lideri Qulbuddin Hikmətyarın cümə namazı və xütbələr oxuduğu yerin yaxınlığında yerləşir.

Digər tərəfdən, Nəngərhar əyalətinin mərkəzi Cəlalabad şəhərinin birinci rayonunda Siqhizm məzhəbi ardıcıllarının məbədi yaxınlığında baş verən partlayış nəticəsində 6 mülki şəxs yaralanıb. Nəngərhar Təhlükəsizlik Komandanlığının sözçüsü Rəis Zabilinin açıqlamalarına görə, bu partlayış bu məzhəb ardıcılların birinə məxsus mağazanın yaxınlığında törədilən partlayış nəticəsində baş verib.

İŞİD terror qruplaşması bəyanat yayaraq Pakistan səfirinə hücum və Cəlalabad şəhərində baş verən partlayışa görə məsuliyyəti öz üzərinə götürüb, lakin Qulbuddin Hikmətyarın ofisinə hücumla bağlı heç bir məlumat verməyib. Bu məsələ Taliban əleyhinə qrupların onlara hücum etmə ehtimalı ilə bağlı fərziyyələri artırıb, çünki Əfqanıstan İslam Partiyası son illərdə Əfqanıstanda Talibanın hakimiyyətə gəlməsinə qarşı çıxmayıb.

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir