Əl-Sudani Tehrana səfər edib; İraqın baş naziri İranın prezidenti ilə görüşüb + FOTO

Çərşənbə 30 Noyabr 2022 - 14:27
https://az.iswnews.com/?p=16034

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, İraqın baş naziri Tehrana səfər etdikdən sonra İran prezidenti ilə görüşüb və ikitərəfli əməkdaşlığın artırılması və iki ölkə arasında strateji əlaqələrin dərinləşdirilməsini müzakirə edib.

Dünən noyabrın 29-da İraqın baş naziri Məhəmməd Şəyya Əl-Sudani iki günlük səfər çərçivəsində İran İslam Respublikasının yüksək vəzifəli şəxsləri ilə görüşmək üçün Tehrana səfər edib. O, İranın İqtisadiyyat və Maliyyə naziri Seyid Ehsan Xanduzi tərəfindən qarşılanıb. Daha sonra İran prezidenti Seyid İbrahim Rəisi mədəni və tarixi mərkəz olan Səədabad sarayında onu qarşılayıb.

İran prezidenti İraqın baş naziri ilə görüşündə siyasi sabitlik və yeni İraq hökumətinin formalaşmasından məmnunluğunu bildirib və deyib: “İran İslam Respublikası İraqda vahid millət və güclü hökuməti həmişə alqışlayır və dəstəkləyir”.

O, İran İslam Respublikasının İraqla iqtisadi, ticari, siyasi, mədəni və təhlükəsizlik sahələrində əməkdaşlığı genişləndirmək və əlaqələrin səviyyəsini yüksəltmək əzmində olduğunu vurğulayıb və deyib:

“İran İraqla müxtəlif ticari və enerji sahələrində mübadilələri inkişaf etdirməyə çalışır və iki ölkə arasında birgə əməkdaşlıq komissiyasının müntəzəm iclaslarının keçirilməsi bu məqsədin həyata keçirilməsində təsirli rol oynaya bilər. İran İslam Respublikası ilə İraq arasındakı əlaqələr fərqli və özəldir. İkitərəfli münasibətlərin möhkəmlənməsi və dərinləşməsi regionda sülh və sabitliyin bərqərar olması üçün regional və beynəlxalq əlaqələrin mümkün qədər dünya səviyyəsində genişlənməsinə və təkmilləşdirilməsinə səbəb olmalıdır”.

İraqın baş naziri də bu görüşdə deyib:

“İran İraqın xarici əlaqələri sahəsində imtiyazlı və özəl mövqeyə malikdir və iki ölkə arasında əlaqələr əlverişli və qənaətbəxş şəkildə genişlənir. Bağdad və Tehran arasında əməkdaşlıq və əlaqələrin genişləndirilməsi üçün iki ölkənin əməkdaşlıq komissiyasının gücləndirilməsi çox səmərəlidir və onun iclaslarının davamlı və müntəzəm keçirilməsi zəruridir”.

Bu görüşdən sonra hər iki tərəf Səədabad sarayında mətbuat konfransında iştirak edib. Rəisi bu görüşdə deyib:

“İraq ölkəsi ilə münasibətlərimiz adi əlaqələr deyil. Bizim əlaqələrimiz iki xalqın inanclarına söykənir və bu, iki xalqı və iki hökuməti bir araya gətirən çox mühüm amildir. Bu əlaqələrin kökünü İmam Hüseyninin (ə) Ərbəin ziyarətinə İslam dünyasının hər yerindən İraqa gedən insanların, xüsusən də İran İslam Respublikasından gedən Əhli-beyt aşiqləri, İraq höküməti və xalqı tərəfindən qonaqpərvərcəsinə qarşılanmalarında müşahidə edə bilərsiniz”.

O, daha sonra bildirib:

“İraq hökuməti İraqdakı siyasi qrupların razılaşmasının nəticəsidir; Ümid edirik ki, cənab Baş nazirin planları ilə İraq xalqı üçün fərqli bir xidmət yaradılacaq”.

İran prezidenti vurğulayıb:

“Bizim və İraq hökumətinin fikrincə, regionda təhlükəsizlik, sülh və sabitlik çox vacibdir və buna görə də terrorçu qruplara, mütəşəkkil cinayətlərə, narkotiklərə və regionu təhdid edən hər hansı bir təhlükəsizliyə qarşı mübarizə iki ölkə arasında razılaşmaların və ümumi planların bir hissəsidir. Bölgədə əcnəbilərin olması heç bir şəkildə təhlükəsizlik yaratmır və problemlərimizi artırmaqdan başqa bir şey deyil, Əfqanıstan və İraqda amerikalıların olması təhlükəsizlik yaratmadığı kimi, digər bölgələrdə də belədir və onların bölgədən çıxmaları bölgənin təhlükəsizliyinə mütləq töhfə verə bilər”.

İraqın baş naziri mətbuat konfransında deyib:

“Bu görüş zamanı təhlükəsizlik sahəsində əməkdaşlıq müzakirə olundu; İki ölkənin təhlükəsizliyi birdir və bir-birini tamamlayır və ayrılmazdır və regionun təhlükəsizliyinin bir hissəsidir. İraq hökuməti konstitusiyanın həyata keçirilməsinə sadiqdir və İraq ərazisinin heç bir tərəfə zərər vermək üçün istifadə edilməsinə icazə verməyəcək; İraq hökumətinin siyasəti ondan ibarətdir ki, bu ölkə region ölkələrinə zərər vurmaq üçün başlanğıc nöqtəsi olmamalıdır”.

Əl-Sudani daha sonra dedi:

“İraq Ali Milli Təhlükəsizlik Şurasının baş katibi bu səfərdə iştirak edir və hər hansı gərginliyin qarşısını almaq üçün iş mexanizmi və əməkdaşlığına nail olmaq üçün iranlı həmkarı ilə görüşəcək. İraq nöqteyi-nəzərindən dialoq və qarşılıqlı fəaliyyət bu problemlərdən qurtarmağın ən yaxşı yoludur; Biz İraq Respublikası hökumətinin İran İslam Respublikası ilə bütün ümumi sahələrdə əməkdaşlıq və koordinasiyaya sadiqliyini vurğulayırıq”.

O, İran və İraq arasındakı tarixi əlaqələrə toxunaraq deyib:

“İraq xalqı və hökuməti İŞİD terrorçularına qarşı İran İslam Respublikasının dəstəyini unutmur; Haqqın batillə savaşında iraqlı qardaşların yanında canlarını fəda edən iranlı müşavirlərin varlığı bunun bariz nümunəsidir”.

Qeyd edək ki, bu səfərdə Əl-Sudanini müşayiət edənlər arasında İraqın xarici işlər naziri Fuad Hüseyn və İraqın Ali Milli Təhlükəsizlik Şurasının baş katibi Qasim Əl-Əərəci də olub. Bu, Əl-Sudaninin İraqın baş naziri kimi İrana ilk səfəridir.

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir