Əliyevin ADA Universitetindəki növbəti boşboğazlığı + VİDEO

Bazar ertəsi 28 Noyabr 2022 - 16:00
https://az.iswnews.com/?p=15984

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, Bakıda, ADA Universitetində “Orta Dəhliz boyunca: geopolitika, təhlükəsizlik və iqtisadiyyat” mövzusunda keçirilinə iclasda Azərbaycan Respublikası prezidenti İlham Əliyev iştirak edərək regiondakı məsələləri doğru olmayan surətdə əks etdirməyə çalışıb.

Noyabrın 25-də Bakıda, ADA Universitetində “Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat” mövzusunda beynəlxalq konfrans keçirilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev konfransda iştirak edib.

Qeyd edək ki, bu konfrans ADA Universitetində keçirilən üçüncü konfransdır.

Konfransda Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı sabiq səfiri, Ceymstaun Fondunun İdarə Heyətinin üzvü Mətyu Brayzə sual unvanlayıb:

“Salam cənab Prezident. ABŞ-dan Mətyu Brayzədir. Şərq-Qərb dəhlizi, yaxud Orta Dəhliz baxımından və xüsusilə enerji ilə bağlı, Türkmənistana gəldikdə işlər necə gedir? Ola bilsin türkmən qazı bəlkə İran ərazisindən svoplar vasitəsilə buraya daxil edilə bilər və Türkiyə ərazisində qaz tranzitinə özəl şirkətlərin cəlb olunması üzrə intensiv müzakirələr gedən Türkiyə ilə bağlı bu məsələ nə yerdədir? Təşəkkür edirəm”.

Prezident belə cavab verib: “Əlbəttə ki, biz əməkdaşlığın geniş perspektivlərini nəzərdən keçirərək bu məsələ ilə məşğuluq. Hesab edirəm ki, artıq fəaliyyət göstərən bu nəqliyyat marşrutları Xəzər regionunun bütün ölkələrinin daha da inteqrasiya olunmasına imkan verəcək. Bizim Türkmənistanla əməkdaşlığımızın çox yaxşı tarixi var. Bu gün biz Türkmənistandan daxil olan yüklərə vacib tranzit imkanı yaradırıq. Hətta biz Ələt Dəniz-Ticarət Limanında Türkmənistandan olan yüklər üçün xüsusi yer ayırmışıq. Biz türkmən qazı ilə bağlı svop əməliyyatlarına başlamışıq. Bunun səbəbi odur ki, indi sənayemizdə artım müşahidə olunur və əlavə qaz həcmlərinə böyük tələbat var. Sənaye artır, əhalimiz artır. Biz indi Qarabağ və Şərqi Zəngəzurun yenidən qurulması ilə fəal şəkildə məşğuluq və buna görə təbii qaza tələbat, əlbəttə ki, artacaq. Nə edilməlidir? Əlbəttə ki, biz mövcud yataqlardan və növbəti ildən etibarən istifadəyə veriləcək yeni yataqlardan qaz hasilatını artırmağı planlaşdıran əcnəbi neft şirkətləri ilə əməkdaşlığımızı davam etdirəcəyik. Xüsusilə böyük qaz kondensatı yatağı olan “Abşeron”da gələn ildən etibarən hasilata başlanılacaq. Hasilatın birinci fazası 1,5 milyard kubmetr olacaq və əlbəttə ki, hasilatın bir neçə dəfə artırılması üçün potensial var … “.

Həmçinin Pakistanın Ortaq Gələcəyə Malik Cəmiyyət Naminə Araşdırmalar Mərkəzinin icraçı direktoru Xalid Teymur Əkrəm prezidentə sualını belə ünvanlayıb:

“Cənab Prezident, ilk növbədə, bizi dəvət etdiyinizə görə çox sağ olun. Mən üçüncü dəfədir ki, buradayam. Son ilyarım ərzində biz Sizin tərəfinizdən Mərkəzi Asiyanı, Pakistanı və digər Asiya ölkələrini əhatə edən çox intensiv diplomatik səylərin şahidi olduq. Siz Səmərqənddə də oldunuz. Son ilyarım ərzində Siz demək olar ki, bütün regional platformalarda iştirak etmisiniz. Sualıma keçməzdən əvvəl, ilk növbədə, növbəti 5 il ərzində Pakistan düyüsünü hər növünü idxal vergisindən azad etdiyinizə görə Sizə minnətdarlığımı bildirmək istərdim. Biz buna görə çox minnətdarıq. Sizin jestiniz Pakistanla Azərbaycan arasında ticarətin inkişaf etdirilməsi baxımından çox müsbət qarşılanıb. İndi isə Sizdən soruşmaq istərdim. Siz bütün Mərkəzi Asiyada və digər Asiya ölkələrində, Avropa İttifaqı ölkələrində səfərdə olmusunuz. Necə düşünürsünüz, Sizcə gələcəkdə Cənubi Asiyanı, Mərkəzi Asiyanı Azərbaycanla birləşdirmək ideyası həyata keçəcəkmi? Sizcə gələcəkdə İran və Ermənistan hər hansı problem yaradacaqlar, yoxsa region ölkələrinin gördüyü işləri qəbul edəcəklər? Çünki bütün bu ölkələr çoxlu səy göstərir və biz Sizin səfərlər edərək dünya liderləri, xüsusilə region ölkələrinin liderləri ilə danışıqlar apardığınızın şahidi olmuşuq. Bununla bağlı Sizin fikirlərinizi bilmək istərdik”.

Əliyev bu cür cavab verib: “… Türk Dövlətləri Təşkilatının sammitində çıxış edərkən mən təhlükəsizlik məsələsinə toxundum. Çünki indi təhlükəsizlik bəlkə də hər zaman olduğundan daha vacibdir. Ənənəvi əlaqələri olan ölkələr bu məsələyə ikitərəfli və çoxtərəfli müstəvidə toxunmalı, bir-birimizi necə dəstəkləyə biləcəyimizə nəzər salmalıyıq. Çünki dünya dəyişib, beynəlxalq hüquq işləmir və ya selektiv qaydada işləyir. Ona görə də, əgər gücünüz, güclü ordunuz varsa, yaxşı müttəfiqləriniz varsa, o zaman özünüzü təhlükəsizlikdə hiss edə bilərsiniz. Bu səbəbdən, düşünürəm ki, bizim həyata keçirdiyimiz kommunikasiya layihələri regional təhlükəsizliyi və sabitliyi daha da gücləndirəcək və bunları həyata keçirmək üçün böyük imkan var. … Siz soruşdunuz ki, İran və ya Ermənistan bu prosesə əngəl törədə bilərlərmi, mən belə düşünmürəm. Birincisi, Ermənistanın regionda nə coğrafi, nə başqa bir imkanı, yaxud üstünlükləri yoxdur. O, faktiki olaraq dalana dirənmiş ölkədir, Ermənistandan heç bir nəqliyyat marşrutu keçmir. Onların nəqliyyat şəbəkəsi köhnəlib və onlara məxsus deyil. Onların dəmir yolları Rusiya Dəmir Yolları Şirkətinə məxsusdur. Biz faktiki olaraq Zəngəzur dəhlizi ilə bağlı müzakirələrimizi Ermənistanla deyil, Rusiya ilə aparırıq. Çünki Ermənistan asılı ölkədir. Onun müstəqilliyi çox simvolikdir. Ona görə də, biz onlarla danışıqlar apararaq vaxt itirmək istəmirik, Rusiya ilə danışıqlar aparırıq. Yeri gəlmişkən, Rusiya rəsmiləri ilə son təmaslarım zamanı biz Zəngəzur dəhlizini müzakirə etdik. Düşünmürəm ki, Ermənistan bu layihəni əngəlləmək iqtidarında olacaq. İrana gəlincə, yenə də düşünmürəm ki, bu, belə olacaq. Çünki İran özü regional kommunikasiya layihələrində maraqlı olmalıdır, ona görə ki, bu layihələr heç kimə qarşı deyil, hamının xeyrinədir. Beləliklə, əgər biz bütün iştirakçılarla səmimi əməkdaşlıq və qarşılıqlı faydalı yanaşma platforması qurmağa nail olsaq, bu, işə yarayacaq. Əgər olmasa, ola bilsin ki, bu, qismən işləyəcək. Beləliklə, bu, əlbəttə ki, bizim tərəfdaşlarımızla qarşılıqlı əlaqələrimizdən asılı olacaq. Lakin yenə də Azərbaycan bu layihənin coğrafi mərkəzi olaraq və artıq qeyd etdiyim kimi, tam infrastruktura malik ölkə və müxtəlif beynəlxalq iştirakçılarla yaxşı əlaqələri olan ölkə olaraq bu məsuliyyəti başa düşür. Biz bu layihəni irəli aparmaq üçün əlimizdən gələni edəcəyik”.

Avropa Parlamentinin sabiq üzvü və Avropa Parlamentinin Azərbaycanla əlaqələr üzrə nümayəndə heyətinin sədri Səccad Kərim sual verib:

“Cənab Prezident, çox sağ olun. İcazə verin, bizə vaxt ayırdığınıza görə bir daha təşəkkür edim. Mübaliğəsiz, bu dialoq Azərbaycanla əlaqələrlə məşğul olan hamı üçün olduqca faydalıdır. İcazə verin, ilk növbədə, Sizi Təl-Əvivdə səfirlik yaratmaq qərarı münasibətilə təbrik edim. Qəbul etdiyiniz qərarı dəstəkləyən ölkənin, Böyük Britaniyanın Mühafizəkarlar Partiyasının üzvü olaraq bunu alqışlayıram. Cənab Prezident, torpaqlar azad ediləndən sonrakı proseslər, eynilə Sizin dediyiniz kimi gedir, görünür ki, təkcə Azərbaycan üçün deyil, bütün Cənubi Qafqaz üçün belə gedəcək. Mənim daha çox məlumat əldə etmək istədiyim məsələ rəqəmsal kommunikasiya ilə, bunun Sizin ümumi planlarınızda necə əks olunması ilə bağlıdır, təkcə Azərbaycan, azad edilmiş ərazilər üçün deyil, həm də Cənubi Qafqaz üçün. Biz qlobal səviyyədə məlumatların qorunması sahəsində 3 əsas fərqli versiya görürük – ABŞ modeli, Avropa modeli və Çin modeli. Siz məlumatların qorunmasında Azərbaycanın yerini necə görürsünüz? Təşəkkür edirəm”.

Prezident cavab verib: “Təşəkkür edirəm. İsraildə səfirlik, eləcə də Fələstində təmsilçilik ofisi açmaq qərarı bizim milli maraqlarımıza əsasən verilmiş bir qərardır, İsrail və Fələstinlə uzunmüddətli əməkdaşlığı əks etdirir. Əminəm ki, həmin qərar sülh işinə xidmət edəcək və bu, faktiki olaraq uzunmüddətli, mehriban əməkdaşlığın rəsmiləşdirilməsidir. Bu qərara dəstəyinizə görə təşəkkür edirəm, çünki aydın başa düşdüyümüz kimi, bu, regionda heç də bütün ölkələri sevindirmir. Amma bizim məqsədimiz müəyyən stereotipləri olanları xoşbəxt etmək deyil. Məqsədimiz xalqımızı xoşbəxt etmək, Azərbaycan üçün doğru olanı etməkdir və biz bunu edirik”.

Türkiyənin Yaxın Şərq Araşdırmaları Mərkəzinin (ORSAM) direktoru Ahmet Uysal sual ünvanlayıb:

“Sağ olun, cənab Prezident. Özüm üçün qeyd etdim ki, Azərbaycan tam aydın şəkildə enerji, təhlükəsizlik sahəsində, eləcə də Türkdilli Dövlətlər Təşkilatında diplomatik fəaliyyət aparır. Azərbaycanın Afrika, üçüncü dünya ölkələri, o cümlədən Şərqi Asiya ilə fəallığı barədə nə söyləyə bilərsiniz? Sağ olun. Həmçinin Azərbaycan-Türkiyə münasibətləri barədə bir neçə söz söyləyin. Əlaqələrimizi gələcəkdə daha da gücləndirməli və genişləndirməliyik. Bu barədə baxışlarınız maraqlı olardı”.

Əliyev cavab verib: “… Türkiyə ilə Azərbaycan arasında iş birliyi və onların birgə fəaliyyəti bölgədə sabitliyin möhkəmləndirilməsinə yönəlib. Bu meyar hamı tərəfindən nəzərə alınmalıdır. Çünki iki ölkə olaraq biz öz potensialımızı birləşdiririk və bir yerdə biz daha güclüyük, nəinki ayrılıqda. Bu, aydındır. Türkiyənin potensialı da artır. Azərbaycanın potensialı da artır. Nəinki iqtisadi və sənaye, o cümlədən hərbi gücü artır. Bu gün dünya görür ki, bu, hər ölkə üçün bir nömrəli meyardır. Əgər sizin güclü silahlı qüvvələriniz olmasa, siz ola bilsin ağır günlərdə əziyyət çəkəcəksiniz. Beləliklə, müdafiə infrastrukturuna sərmayələr, ümumi təşəbbüslər, birgə hərbi təlimlər göz qabağındadır. Bizim Türkiyə ilə dövri əsaslarla bir il ərzində 10-dan artıq birgə hərbi təlimlərimiz olub. Onlar həm Türkiyədə, həm də Azərbaycanda təşkil olunub. Bu, regional sabitliyin və təhlükəsizliyimizin mühüm meyarıdır. Azərbaycana və ya Türkiyəyə qarşı məkrli planları olanlar bilməlidirlər ki, türk ordusu tək deyil, orada, həmçinin bizim ordu da var. Bizim ordu isə tək deyil, o cümlədən orada türk ordusu da var. Sərhədimizdə təxribatları planlaşdıranlar, bizi qorxutmağa çalışanlar bu planlarını yaddan çıxarmalıdırlar“.

ABŞ-ın Hudson İnstitutunun Yaxın Şərqdə Sülh və Təhlükəsizlik Mərkəzinin direktoru Maykl Doran sualını belə ünvanlayıb:

“Çox sağ olun, cənab Prezident, burada olmaqdan böyük məmnunluq və şərəf hissi duyuram. Sizdən dünya azərbaycanlıları və İranla münasibətləri soruşmaq istərdim. Siz bu yaxınlarda həm ölkə daxilində, həm də hüdudlarınızdan kənarda azərbaycanlılarla bağlı narahatlığınız barədə çox maraqlı açıqlamalar vermisiniz. Siz Türkiyə-Azərbaycan münasibətlərinin gücü ilə bağlı açıqlamalar da vermisiniz. Mən indi Türkiyə ilə Azərbaycan arasında müttəfiqliyin necə inkişaf etdiyini görürəm. Bu sərhədlərinizin hüdudunda azərbaycanlılara böyük fayda gətirə bilər, mənim ölkəmə də çox faydalı ola bilər. Ölkəni idarə edənlərin bunu anladığına əmin deyiləm. Bu maraqlıdır, Siz ölkənizin hüdudlarından kənarda azərbaycanlılarla münasibətlərin inkişafını necə görürsünüz? İkincisi, sülh prosesinin dayandırılması ilə bağlı indiki şərhləriniz məni təəccübləndirdi. Amma Zəngəzur dəhlizi ilə bağlı Rusiya ilə danışıqlar apardığınızı da dediniz. Siz Zəngəzur dəhlizinin Ermənistanla sülh müqaviləsi olmadan davam etməsini təsəvvür edirsinizmi və ruslar bunun müqabilində nə istəyir? Çox sağ olun”.

Əliyevin cavabı: “Sağ olun. Bilirsiniz, sualınıza hərtərəfli cavab vermək üçün İkinci Qarabağ müharibəsindən dərhal sonrakı müddətə nəzər salmaq lazımdır. Azərbaycan və Türkiyə nəqliyyat layihələri də daxil olmaqla geniş regional əməkdaşlığın tərəfdarı idilər. Ona görə də Azərbaycan, Ermənistan, Gürcüstan, Cənubi Qafqaz və Türkiyə, İran, Rusiyanı nəzərdə tutan bu 3+3 formatı təqdim olundu. Müharibədən sonrakı vəziyyət Ağdamda Türkiyə və Rusiya Birgə Monitorinq Mərkəzinin yaradılmasına gətirib çıxarsa da, bu, regionun bu iki dövlətinin gələcək regional konfiqurasiyada rol oynayacağı anlamına gəlirdi. İkinci Qarabağ müharibəsi zamanı və bu müharibədən sonra biz İran təmsilçilərinin heç bir fəaliyyətini görmədik. Biz, sadəcə olaraq, inklüziv ssenarinin lazım olduğunu bildirdik, ona görə də İran və Gürcüstan da dəvət olundu. Gürcüstanın tərəddüdləri var, çünki onlar Rusiyanın iştirak etdiyi platformada Gürcüstanın separatçı əyalətlərindəki vəziyyətə görə iştirak edə bilməyəcəyini bildiriblər. İran bunu dəstəklədiyini bildirib və biz bunu yaxşı əlamət hesab edərək düşünürdük ki, nəhayət bir araya gələrək dəhlizlər də daxil olmaqla, mühüm məsələləri həll edəcəyik. Çünki bu dəhlizlər hamımızın marağındadır. Odur ki, indi xəritəyə baxsanız görərsiniz, – xüsusən də əvvəllər əlavə yüklərə ehtiyac olduğu barədə dediklərimizi nəzərə alsaq, – bizə əlavə marşrutlar lazımdır. Biz Zəngəzur dəhlizini təşviq etməyə başlayanda Rusiya-Ukrayna müharibəsi hələ başlamamışdı və Çindən Avropaya ənənəvi marşrutlar vasitəsilə tranzit yolları bağlanmamışdı. İndi isə vəziyyət başqadır və Xəzərdən, eləcə də Zəngəzurdan keçən marşrutlar xüsusi əhəmiyyət kəsb edir. Beləliklə, bu vəziyyətdən hər bir ölkə qazana bilər. Çünki bu dəmir yolunun bir qolu Azərbaycanın Naxçıvan Muxtar Respublikasının Culfa şəhəri vasitəsilə İrana daxil olacaq. Ermənistan da buraya daxil olacaq. Beləliklə, Ermənistan İranla onun arasında olmayan və heç vaxt da olmayacaq dəmir yolu əlaqəsinə malik olacaq. Çünki Ermənistan-İran sərhədinin coğrafiyası və tunellərin tikilməsi zərurəti bu dəmir yolunun dəyərini bəlkə də minimum 3-5 milyard dollar edəcək. Bu layihəyə kim sərmayə qoyacaq? Heç kim. Ermənistanın İranla dəmir yolu əlaqəsi qurmağının yeganə yolu bizdən keçir. Ermənistanın Rusiya ilə dəmir yolu əlaqəsi qurmağının yeganə yolu bizdən keçir. Çünki separatçı Abxaziyadan keçən ənənəvi marşrut bağlanıb, Gürcüstan hökuməti onu açmaq istəmir və bu, təbiidir. Biz bunu başa düşürük. Deməli, bu dəhlizin olması bizim maraqlarımızdan daha çox Ermənistanın marağındadır. Çünki Türkiyə ilə əlaqələrimizdə biz Bakı-Tbilisi-Qars dəmir yolundan, Gürcüstanın dəniz limanlarından, Naxçıvanla əlaqədə isə İran ərazisindən istifadə edirik. Naxçıvanın Türkiyə ilə sərhədi var. Bizim Gürcüstan, Türkiyə, Naxçıvan vasitəsilə əlaqəmiz ola bilər. Ona görə də biz bütün bu üstünlükləri nəzərə alaraq 3+3 formatını təklif etdik. Əlbəttə ki, bizim Naxçıvana dəmir yolu və avtomobil yolu ilə əlaqəmiz olacaq. Amma təəssüf ki, bu, dayanıb, çünki bəzi İran rəsmiləri tərəfindən atılan son addımlar və hərəkətlər tamamilə qeyri-məhsuldardır. Biz isə bu narazılığın mənşəyini anlaya bilmirik.

Bir tərəfdən hamı məmnun olmalıdır ki, Azərbaycanla Ermənistan arasında uzun müddətdir davam edən qarşıdurma sona çatıb. Deməli, bu o deməkdir ki, regional sabitlik və potensial əməkdaşlıq təmin olunacaq. Buna sevinməməyi və bunun geosiyasi səbəblərini başa düşmürük. İşğal dövründə İran hərbi qüvvələri Azərbaycanın işğal olunmuş ərazisi ilə sərhəd olan ərazidə heç vaxt hərbi təlim keçirməyib. Onlar bunu edə bilərdilər. Azərbaycan sərhədinin 132 kilometri işğal altında olub və bu, Azərbaycanla İranın sərhədidir. Bəs onlar niyə o sərhəddə hərbi təlim keçirməyiblər? İran rəsmiləri, o cümlədən çox yüksəkvəzifəli şəxslər Ermənistanın ərazi bütövlüyünün İran üçün qırmızı xətt olduğunu bildirirlər. Niyə onların heç biri bizim haqqımızda eyni şeyi demədi? Bizim ərazilərimiz 30 il işğal altında olub. İran rəsmilərindən Azərbaycanın ərazi bütövlüyünün qırmızı xətt olduğunu eşidən oldumu? Xeyr. Bunlar Azərbaycan xalqının verdiyi suallardır. Bu sualı təkcə mən vermirəm. Ancaq hər bir azərbaycanlı öz ölkəsi barədə düşünür, bu sualı verir və cavab tapa bilmir. Ona görə də indi İranla Azərbaycan arasında baş verənlər bizim tərəfimizdən yaranmayıb. Biz yalnız cavab veririk və istər sözlə olsun, istərsə də əməllə hər cür anti-Azərbaycan addımına cavab verəcəyik.

Biz də onlardan qorxmadığımızı nümayiş etdirmək üçün İran sərhədində hərbi təlimlər təşkil etməli olduq. Biz onlara deyirik ki, onlardan qorxmuruq. Biz öz həyat tərzimizi, dünyəvi inkişafımızı, Azərbaycanın və azərbaycanlıların, o cümlədən İrandakı azərbaycanlıların müdafiəsini təmin etmək üçün hər şeyi edəcəyik. Onlar bizim millətin bir parçasıdır.

Mən başqa bir misal da gətirə bilərəm. Azərbaycanda 340 məktəbdə tədris rus dilində aparılır. Azərbaycanda 10 gürcü məktəbi var. Gürcüstanda 200-300 minə yaxın azərbaycanlı yaşasa da, burada 116 Azərbaycan məktəbi vardır. İranda erməni məktəbləri var, ancaq Azərbaycan məktəbləri yoxdur. Bu necə ola bilər? Kimsə desə ki, bu, başqasının işlərinə qarışmaqdır, biz bunu qəti şəkildə rədd edirik. Bu, başqasının işlərinə qarışmaq demək deyil. Azərbaycanın xarici siyasəti çox aydındır. Biz heç vaxt heç bir ölkənin daxili işlərinə qarışmırıq. Amma bu, bizimlə eyni etnik mənşəyə, eyni dilə və eyni dəyərlərə sahib olan cəmiyyətin bir hissəsidir. Biz buna axı necə biganə qala bilərik? Niyə məktəblərdə öz dillərini öyrənə bilmirlər? Bilirsiniz, onlar dili itirirlər. Problem ondadır, biz bu məsələni ona görə qaldırırıq ki, İranda azərbaycanlıların danışdığı Azərbaycan dili ədəbi komponentini itirir, məişət dilinə çevrilir. Bu məsələlərə baxılmalı və bu məsələ qaldırılmalıdır, həm də ona görə ki, bu, bizi narahat edir.

Ümid edirəm ki, İran hökumətinin ermənipərəst hərəkətləri çox kövrək sülhə xələl gətirməyəcək. Hesab edirəm ki, azərbaycanlıların hisslərini və bizim maraqlarımızı nəzərə almağın zəruriliyi barədə daha çox anlayış nümayiş olunacaq. Bu vəziyyəti bizim yaratmadığımızı bildirmək üçün son bir məsələni də qeyd etmək istərdim. Mən İranın əvvəlki üç prezidenti ilə – Prezident Hatəmi, Prezident Əhmədinejad və Prezident Ruhani ilə işləmişəm. Bütün bu illər ərzində heç vaxt indiki vəziyyətimizə oxşar bir şey olmayıb. Heç vaxt Azərbaycana qarşı nifrət və təhdid dolu sözlər işlədilməyib, sərhədimizdə heç bir hərbi təlim keçirilməyib, ancaq bir neçə ay ərzində iki hərbi təlim keçirilib. Deməli, bu o deməkdir ki, bu vəziyyəti yaradan biz deyilik. Biz bu vəziyyətin daha tez bitməsini istəyirik. Biz bütün qonşularımızla sülh və dostluq münasibətləri istəyirik. Eyni zamanda, biz həmişə öz ləyaqətimizi, müstəqilliyimizi, həyat tərzimizi müdafiə edəcəyik və heç bir xarici aktora öz standartlarını və iradəsini hökumətimizə və xalqımıza tətbiq etməyə imkan verməyəcəyik”.

ABŞ-ın Yuta Universitetinin professoru doktor Hakan Yavuz sual verir:

“Təşəkkür edirəm, cənab Prezident. Mən Sizi işğal olunmuş ərazilərin azad edilməsi münasibətilə, eyni zamanda, ötən otuz ildə baş verənlərlə əlaqədar olaraq Azərbaycan xalqının üzərindən bu utanc hissini götürdüyünüzə görə təbrik etmək istəyirəm. Mən Şuşada oldum, əsas mədəniyyət mərkəzinin dağıdılmasını gördüm. Eyni zamanda, heç nə tikilməmişdir. Maraqlıdır, ötən otuz il ərzində onlar bu ərazilərdə nə edirdilər? Cənab Prezident, Siz bir alim olaraq 1985-ci ildə dissertasiya işinizi Böyük Britaniya Sülh Hərəkatı mövzusunda yazmısınız. Dissertasiya işinizdə Siz Böyük Britaniyada antimüharibə hərəkatının sosial əsası haqqında danışırsınız. İndi bir Prezident kimi yox, sülh hərəkatının alimi olaraq Sizdən soruşmaq istəyirəm ki, bu regionda sülh təfəkkürünün yaradılması üçün cəmiyyət səviyyəsində olan əsas problemi nədə görürsünüz? Çünki Siz tamamilə doğru olaraq iddia edirsiniz ki, sülh müəyyən səviyyədə düşüncə tərzi və öz mövqeyinin bildirilməsini tələb edir. Mən bilmək istəyirəm ki, regional sülhün yaradılmasına mane olan cəmiyyət səviyyəsində problemin nədə olduğunu görürsünüz? Bir alim olaraq hesab edirəm ki, Azərbaycan region haqqında dərsliyin hazırlanması üzrə işçi qrupuna rəhbərlik etməlidir. Mən Ermənistanda bəzi dərslikləri oxudum. Onlar çox mənfidir. Hesab edirəm ki, yollar vacibdir. Sizinlə razıyam, nəqliyyat, dəmir yolları. Lakin biz həm də Sizin də dissertasiya işinizdə ünvanladığınız təfəkkürü yaratmalıyıq. Düşünürəm ki, Azərbaycan bütün region hökumətlərinə müraciət edərək onları orta məktəblərin və ibtidai məktəblərin dərsliklərini nəzərdən keçirməyə dəvət etməlidir ki, görsün, onlar necə dəyişə bilərlər və bu sülh təfəkkürünün yaradılmasına necə kömək edə bilərlər. İkinci sualım ondan ibarətdir ki, mən erməni millətçiliyini anlamağa çalışıram. Bəzi işlərimdə, xüsusilə Osmanlı İmperiyası ilə bağlı erməni millətçiliyinin mənşəyinə toxunuram. Mən erməni siyasi düşüncəsini təqib edirəm. Düşünürəm ki, İkinci Qarabağ müharibəsi təkcə işğal olunmuş ərazilərin azad edilməsi ilə nəticələnməmişdir. Həmçinin bu müharibə ölkə daxilində erməni siyasi təfəkküründə yeni bir yer tutub. Mən alimləri, Riçard Liberdiyan və başqalarını nəzərdə tuturam, onlar özlərinə hansı dövlətin lazım olduğu sualını ünvanlayırlar. Bizə keçmiş dırnaqarası ədalətsizliklər fonunda yaranmış dövlət lazımdır? Yoxsa, öz milli maraqları haqqında düşünən dövlət lazımdır? Mən Paşinyanın tutduğu bəzi mövqelərini təhlil etməyə çalışıram. Erməni millətçiliyi üzrə ixtisaslaşmış bir alim olaraq deyə bilərəm ki, mənim nəzərimdə Paşinyanı anlamaq çox çətindir. Onunla dəfələrlə görüşdüyünüzə görə bilmək istərdim ki, Paşinyan nə istəyir? Nəyə görə o, gündə yeddi dona girir? Bunu Rusiya, Fransa və ya İrana görə edir? Yoxsa, Paşinyan bu qüvvələri manipulyasiya edir? Yəni, regional qüvvələr onu manipulyasiya etmir, o özü onları manipulyasiya edir. Bu məsələ ilə bağlı fikriniz nədir? Təşəkkür edirəm”.

Əliyev cavab verir: “… Biz sülh istəyirik. Biz istəyirik onlar başa düşsünlər ki, onlar Qarabağ erməniləri ilə bağlı heç nə deyə bilməzlər və onların Qarabağ erməniləri ilə heç bir əlaqəsi yoxdur. Biz Zəngəzur dəhlizini istəyirik və biz tarixi xəritələr əsasında sərhədlərin delimitasiya olunmasını istəyirik. Onların istifadə etmək istədiyi xəritələri yox, tarixi xəritələri nəzərdə tuturam. Bu, çox bir şey deyil. Biz onların ərazisini istəmirik. Biz müharibəni istəmirik. Müharibəni istəsəydik, aparardıq və heç kim bizi durdura bilməz – nə onun Qərbi Avropadakı sponsorları, nə sərhədlərinin cənubunda yerləşən qonşusu, nə də sərhədlərinin şərqində yerləşən qonşusu”.

ABŞ-ın Hərbi Dəniz Donanma Məktəbinin professoru Brenda Şafer sual verir:

“Bizi qəbul etdiyinizə görə çox sağ olun. Burada olmaq gözəldir, bizə vaxt ayırdığınıza görə təşəkkür edirəm. Əgər mümkündürsə, mənim 2 sualım var. Azərbaycan özünün 30 illik strateji layihələrində tələblərin, ehtiyacların artacağını strateji olaraq beynəlxalq neft şirkətlərindən, xarici hökumətlərdən çox qabaq görür. Buna Cənub Qaz Dəhlizi layihəsini misal göstərə bilərik. Hətta Avropa institutları təbii qaza ehtiyacın az olacağını hesab edərkən, şirkətlər Yekun İnvestisiya Qərarında hər şey – maye qaz və bərpaolunan enerji tətbiq olunacaq deyə bu layihəni son meqaqaz layihəsi kimi qələmə verərkən belə, Azərbaycan gələcəyi gördü, tutumu artırıla bilən, ikiqat tutumlu kəmərlər inşa etdi və artıq 2 ildir ki, Avropa sifariş verib. Bu həftə baş çəkmək şərəfinə nail olduğum daha bir infrastruktur layihəsi də Zəngilanda idi. Kiminsə “burda hava limanına nə ehtiyac var? Niyə burada, bu məkanda gözəl evlər və müasir şəhər inşa edilir?” dediyini gördükdə. Əlbəttə, Sizin də qeyd etdiyiniz kimi, haqq-ədalət üçün. Keçmiş köçkünlər öz evlərinə qayıdırlar. Biz hər zaman münaqişələr haqqında, qaçqınların üzləşdikləri çətinliklər, ədalətsizliklər haqqında eşidirik. Ancaq qaçqınların öz yurdlarına qayıdanda buradakı kimi həyəcanlı olduqlarını xatırlamıram. Hesab edirəm ki, Cənub Qaz Dəhlizi, Bakı Tbilisi Ceyhan kimi burada da gələcəyi görən bir baxış var. On il ərzində Zəngilan ətrafında daha böyük region olaraq haranı görürsünüz? Bu hava limanından kim istifadə edəcək? İranın şimalındakı şəhərlər və ya Türkiyənin şərqi olacaq? Regionun inkişafını necə görürsünüz?

İkinci sualım. Müsəlmanların çoxluq təşkil etdiyi ölkələrdə mühüm böyük proseslərin şahidi oluruq. Deyə bilərik ki, İbrahim razılaşmasında nəzərdə tutulan hər şey – Yaxın Şərqdə əməkdaşlıq sahələri və nəqliyyat marşrutları dəyişib. Əgər İran əvvəllər müsəlman ölkələrinə dəstək simvolunu təcəssüm etdirirdisə, aydındır ki, 30 illik işğal dövründə Sizin də dediyiniz kimi, bir dəfə də işğalla bağlı səsini çıxarmayıb. Hətta “Xudafərin” və “Qız Qalası” kimi Su Elektrik stansiyaları kimi iqtisadi layihələrin icrası, işğaldan azad edilmiş ərazilərdə məscidlərin bərpası və Şuşadakı məscidin qismən restavrasiyası ilə bağlı da. Açığı, İran artıq İslam həmrəyliyindən danışmır. Deyə bilərik ki, Türkiyə bir çox müsəlman ölkələrinin ordu quruculuğunda iştirak edir. Səudiyyə Ərəbistanının digər OPEC ölkələrindən daha çox Rusiya ilə neft əməkdaşlığı var. İran özünü şiə dövləti adlandırır, ancaq əsl müsəlman ölkəsi, əsl dini hökumət qadınları necə başından vuraraq öldürə, onlarla bu cür davrandığı kimi davrana bilər? Biz yeni modelin formalaşmaqda olduğunu görürük. Xüsusilə şiə müsəlmanları artıq üzlərini Quma yox, Nəcəfə və ya digər şəhərlərə, bəlkə də tam fərqli bir modelə, məsələn, Azərbaycandakı modelə döndəriblər. Hansı ki, dünyəvi dövlət, dünyəvi hökumət, dünyəvi təsisatlar olsa da, burada dinə inanan insanlar ənənəvi İslama daha çox bağlıdır, harada ki, dini liderlər idarəçilikdə deyillər, dövlət qurumlarından ayrıdırlar. Çox sağ olun”.

Prezident İlham Əliyev cavab verir: “Təşəkkür edirəm. Siz çox mühüm məsələlərə toxundunuz. Bu suallara cavab verərkən, sadəcə, demək istəyirəm ki, bizim güclü inamımız və ölkənin inkişafı ilə bağlı burada gördüyümüz işlər, eləcə də cəmiyyətə verdiyimiz mesajlar ondan ibarətdir ki, din dövlətdən ayrı olmalıdır. Azərbaycanda biz hamımız müsəlmanıq. Həmçinin xristianlar, yəhudilər və digər dinlərin nümayəndələri var. Lakin din siyasi həyata müdaxilə etməməlidir. Kimsə siyasi İslam barədə danışanda biz başa düşmürük. Bu, Azərbaycanda adi hal deyil. Düşünürəm, bizim bu coğrafiyada müstəqil ölkə kimi üstünlüklərimizdən və nailiyyətlərimizdən biri odur ki, biz, eyni zamanda, bütün vətəndaşlarımızın dini hisslərinə tam hörmət etməklə cəmiyyətimizin dünyəvi mahiyyətini gücləndirməyə nail olmuşuq. Məsələn, bizim indi Qarabağda gördüyümüz işlər, sizin qeyd etdiyiniz hava limanları ilə yanaşı, məscidlərin, o cümlədən İran şirkətlərindən biri tərəfindən qanunsuz şəkildə bərpa edilmiş, lakin zədələnmiş Şuşadakı məscidin bərpasından ibarətdir. Bu, böyük qalmaqal idi. Biz o zaman hətta İran səfirini Xarici İşlər Nazirliyimizə dəvət edərək dedik ki, sizin bunu etməyə haqqınız yoxdur, ona toxunmağa haqqınız yoxdur. Sizin hər şeydən əvvəl bizim razılığımız olmadan Azərbaycanın bir hissəsi olan Şuşaya səfər etməyə belə haqqınız yoxdur. Bu, Qarabağ və Zəngəzurda 67 məsciddən 65-ni dağıtmış ermənilərlə həmrəylik nümayişi idi. Onlar Ağdamda bir məscidi, – siz onu görəcəksiniz, – inək və donuzlar üçün tövlə kimi, minarəni isə Azərbaycan qoşunlarını görmək üçün müşahidə məntəqəsi kimi istifadə edirdilər. Şuşadakı məscid ermənilərin saxta tolerantlığını nümayiş etdirmək üçün guya yenidən qurulmuşdu və onlar onu fars məscidi adlandırmışdılar. Birincisi, məscidlərin milliyyəti olmur. Fars və ya başqa ad verə bilməzsiniz. Bu, bizim tariximizin bir hissəsidir və bizim heç birimiz bunu unutmamışıq. Ona görə də, qeyd etdiyim kimi, din siyasi həyatdan ayrı olmalıdır, bizim modelimiz budur. Bu modelin uğurlu olduğu sübut edilib. Siz sualınızda təsvir etdiklərinizin heç biri Azərbaycanda yoxdur. Azərbaycanda müsəlmanların dininin hansı təriqətinə aid olmalarından – şiə və sünni olmalarından asılı olmayaraq müsəlmanlar arasında tam birlik var. Bizdə məsciddə vəhdət namazı qılınması ilə bağlı nadir təcrübə var ki, sünnilər və şiələr birlikdə ibadət edirlər. Əgər onların hamısı azərbaycanlıdırsa, biz onları necə ayıra bilərik. Eyni qan, eyni etnik mənsubiyyət. Bu, bəlkə də Azərbaycanda verilən ən son sualdır. Siz bizim ölkəmizi çox yaxşı tanıyırsınız. Biz hamımız müsəlmanıq və aramızda heç bir bölgü yoxdur. Müsəlman dünyasını parçalamaq istəyənlər bütün müsəlmanlara böyük ziyan vururlar. Müsəlman dünyası birləşmiş olmalıdır. Biz nə edirik? Biz öz səylərimiz, təşəbbüslərimiz, bəyanatlarımız və siyasətimizlə buna töhfə veririk. Bu səbəbdən düşünürəm ki, bugünkü dünyada ənənəvi müttəfiqliklər genişləndirilə bilər. Məsələn, biz artıq Türkiyə-Azərbaycan əməkdaşlıq formatını müzakirə etdik. Türkiyə-Azərbaycan əməkdaşlıq formatının üstünlüklərindən biri odur ki, biz birgə fəaliyyət qurmuşuq. Məsələn, Azərbaycanın daha yaxşı əlaqələrinin və ya Türkiyənin daha yaxşı əlaqələrinin olduğu ölkələr də əlavə potensial yaradır. Bilirsiniz ki, Azərbaycan Türkiyə və İsrail arasında münasibətlərin normallaşmasında rol oynayıb. Biz, həmçinin Türkiyə ilə bəzi ərəb ölkələri arasında münasibətlərin normallaşmasında rol oynamışıq. Biz bunu borcumuzun bir hissəsi hesab edirik. Çünki əgər belə əlaqələrimiz varsa, biz dostlarımızın öz aralarında dost olmağını istəyirik. Bu, həqiqətən də təhlükəsizliyi, sabitliyi gücləndirmək və iqtisadi faydaları artırmaq üçün əlavə imkanlar yaradır. Düşünürəm ki, indi Avrasiya regionunun daha böyük hissəsində siyasi əməkdaşlıq formatları konfiqurasiyasının müsbət məcrada getdiyini görürük. … “.

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir