Azərbaycanın müdafiə naziri Türkiyənin milli müdafiə naziri ilə görüşüb + FOTO

Çərşənbə 5 Oktyabr 2022 - 21:04
https://az.iswnews.com/?p=13790

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi Azərbaycan Respublikası Müdafiə Nazirliyinin rəsmi saytına əsasən xəbər verir ki, oktyabrın 4-də Türkiyə Respublikasının milli müdafiə naziri Hulusi Akarın rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycana səfər edib.

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov qonaqları Heydər Əliyev Beynəlxalq Aeroportunda qarşılayıb.

Sonra Müdafiə Nazirliyində təntənəli qarşılama mərasimi keçirilib. Fəxri qarovulun önündən keçildikdən sonra hər iki ölkənin dövlət himnləri səsləndirilib və protokola uyğun olaraq “Şərəf kitabı” imzalanıb.

Qonaqları salamlayan müdafiə naziri onları Azərbaycanda görməkdən məmnunluğunu bildirib, iki ölkə arasında digər sahələrdə olduğu kimi, hərbi sahədə də əməkdaşlığın, strateji müttəfiqliyin dostluq və qardaşlıq münasibətləri üzərində qurulduğunu qeyd edib.

General-polkovnik Z.Həsənov Ermənistan silahlı birləşmələri ilə Azərbaycan Ordusu arasında baş verən insidentlər və nəticələr haqda danışdıqdan sonra yaranmış əməliyyat şəraiti, eləcə də ordu quruculuğu sahəsində görülən işlər barədə danışıb.

Azərbaycana səfərindən məmnunluğunu ifadə edən H.Akar son genişmiqyaslı münaqişələrdə həyatını itirmiş hərbi qulluqçularına yaxınları və ailə üzvlərinə başsağlığı verib, yaralılara şəfa diləyib.

Milli müdafiə naziri iki ölkə arasında qarşılıqlı inam, etimad və dəstəyə əsaslanan əməkdaşlığın bundan sonra da uğurla inkişaf edəcəyinə əminliyini vurğulayıb.

Azərbaycan və Türkiyə müdafiə nazirliklərinin digər rəhbər heyətlərinin də iştirak etdikləri görüşdə hərbi qulluqçuların peşəkarlıq səviyyələrinin daha da artırılması məqsədilə birgə hərbi təlimlərin keçirilməsinin əhəmiyyəti xüsusi qeyd edilib.

Görüşdə Azərbaycan ilə Türkiyə arasında hərbi, hərbi-texniki, hərbi təhsil və digər sahələrdə əməkdaşlığın inkişaf perspektivləri, regional təhlükəsizlik, eləcə də qarşılıqlı maraq doğuran bir sıra məsələlər müzakirə edilib.

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir