Bəsrədəki Həşd-Şəəbi qərargahına 16 raket ilə hücum olundu + VİDEO
“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, naməlum silahlı şəxslər Həşd-Şəəbi Təşkilatının İraqın cənubunda yerləşən Bəsrədəki qərargahını hədəfə alıblar.
Dünən 4 oktyabr tarixində yerli vaxtla səhər saat 02:30 radələrində naməlum silahlı ünsürlər Bəsrə şəhərinin Ət-Tənumə bölgəsindəki Həşd-Şəəbi qərargahına hücum ediblər. Bu hücum zamanı Bəsrədəki prezident aparatının yaxınlığına 14 Katyuşa raketi atılıb.
Bu qarşıdurma yerli vaxtla saat 05:30 radələrində başa çatıb və hücum edənlər Haşd-Şəəbi qüvvələrinin müqavimətindən sonra geri çəkilməyə məcbur olublar. Hələlik bu hücum nəticəsində mümkün itkilər və dağıntılar barədə heç bir məlumat dərc edilməyib.
Bununla əlaqədar dünən günorta saatlarında İraq Ordusunun Baş Qərargah rəisi Əbdül Əmir Rəşid Yarallah və İraqın Birgə Əməliyyatlar Qərargahının komandirinin müavini Əbdül Əmir Əl Şəmmarinin başçılıq etdiyi yüksək səviyyəli təhlükəsizlik heyəti bu əyalətə daxil olub. Bu səfər zamanı İraq Ordusunun Baş Qərargah rəisi Bəsrə vilayətinin təhlükəsizlik faktorunu artırmaq üçün İraq ordusundan bir briqadanın Bəsrə vilayətinə göndərilməsi barədə göstəriş verib.
Hələlik heç bir qrup Bəsrədəki Həşd-Şəəbi qərargahına edilən hücuma görə məsuliyyəti üzərinə götürməyib, lakin bəzi mənbələr bu hücumun əsas günahkarları kimi İraqın Sədr Hərəkatına bağlı Sərayə Əs-Səlam silahlılarının adını çəkiblər.
Rəy