Hacı Abgül Süleymanovun Qurban Bayramı münasibətilə təbrik mesajı
Bismilləhir Rahmənir Rahim
قُلْ إِنَّ صَلَاتِي وَنُسُكِي وَمَحْيَايَ وَمَمَاتِي لِلَّهِ رَب الْعَالَمِينَ
De: “Şübhəsiz, mənim namazım da, ibadətim də, həyatım da, ölümüm də aləmlərin Rəbbi olan Allah üçündür. (Ənam, 162)
Dörd min il tarixi olan mübarək və böyük bayram olan Qurban bayramının günümüzədək təzə qalmasının səbəbi Hz. İbrahim xəlilin (ə) Allaha olan sonsuz sevgisidir. Qurban bayramının fəlsəfəsi uca Allaha olan sevginin pik nöktəsidir. Hz İbrahimin (ə) bu xalis əməli onu göstərdi ki, onun qəlbində Allahdan başqa heç kəsin sevgi və məhəbbəti yoxdur. Qurani kərim bu qəlbin adına “salim qəlb” deyir.
إِلَّا مَنْ أَتَى اللَّهَ بِقَلْبٍ سَلِيمٍ
Ancaq sağlam bir qəlblə Allahın hüzuruna gələnlərdən başqa! (Şüəra, 89)
Qurban bayramı bizə yalnız qoyun kəsib, ətini kasıblara verməyi öyrətmir. Və ya ətindən özümüzə kabab çəkməyi təlim vermir. Bu əziz bayram Allah yolunda sevdiyimiz hər şeydən keçməyi, bədənimizdə olan 6 litr qanı tökməyi başa salmaq istəyir. Qurban bayramı Hz. İbrahimin oğlu İsmaili Allah yolunda fəda verməklə meydana gəlmişdir. Bu əzəmətli bayramın həm qədim tarixi, həmdə dərin hikməti vardır. Qoyun kəsmək və ətini yetimlərə paylamaq xeyirxah əməllərdən biridir. Amma bizi uca yaradan Allaha sürətlə yaxınlaşdırmaz. Biz də gərək atamız İbrahim (ə) tək özümüzü, malımızı, övladlarımızı Allah yolunda qurban verməyi bacaraq. O zaman əsl qurbanlğın nə olduğunu dərk edə bilərik.
Həmişə olduğu kimi bugün də başda İmam Zaman (ə) olmaqla, vəlimizi, mərcəiyyətimizi, xalqımızı, millətimizi və bütün müsəlmanları mübarək Qurban bayramı münasibətilə təbrik edir və gələn ilki bayramı İmam Məhdi (ə) ilə birgə Məkkədə keçirməyi Allahdan diləyirik.
Vəssəlamu ələykum və əla ibadillahis salihin
“Milli-Mənəvi Dəyərlər” İctimai Birliyinin sədri
Abgül Süleymanov
09.07.2022
Rəy